Qabiliyyət imtahanının qabiliyyətsiz yönləri
Bütün yaxşı ideyaların taleyi belədir: reallaşanda özünü məmnun sayırsan, gerçəkləşməyib kağız üzərində qalanda içdən göynəyib heyfsilənirsən, həmin ideya əcaib şəkildə reallaşdırıldıqda isə dərin təəssüflə “olmasaydı, bundan yaxşı idi” deyirsən. Indi bəzi çevrələrdə narahatlıqla müzakirə olunan jurnalistika ixtisasına qəbul zamanı xüsusi qabiliyyət imtahanının tətbiq edilməsi ideyası, məhz sonuncu kateqoriyadandır.
* * *
Qabiliyyət imtahanı ideyasını ortaya atanların pis niyyət güddüyünü demək insafsızlıq olardı. Düzdür, bəzən ən yaxşı ideyaların da arxasında şəxsi marağı üçün çalışanlar, hər addımbaşı nədənsə bəhrələnmək istəyənlər olur. Bu məsələdə də kimlərinsə illüziyalara qapılaraq “kabab” iyi hiss etməsi mümkündür. Amma bütövlükdə qabiliyyət imtahanı ideyasının əsas məqsədi jurnalistikaya bu peşəni sevib-seçənlərin gəlməsini təmin etmək olub.
Son illərdə başqa ixtisas üzrə testlə imtahan verib uyğun bal toplaya bilməyən, əlacsızlıqdan jurnalistikaya düşüb burada candərdi oxuyan tələbələrin davranışı da göstərirdi ki, bu peşəyə maraq və həvəs göstərmədən jurnalist olmaq mümkün deyil. İstər-istəməz məntiqi sual çıxır ortaya: hazırda jurnalistika ixtisası üzrə tətbiq olunan “qabiliyyət imtahanı” bu ciddi problemi həll edirmi? Adı esse qoyulmuş bir inşa yazısı ilə hər hansı abituriyentin jurnalist qabiliyyətini müəyyən etmək olurmu? Kim bir yazı ilə münəccimlik edə bilir ki, bu adamdan jurnalist çıxar, ya yox!?
Sovet dönəmində də jurnalistika fakültəsinə daxil olmaq istəyənlər üçün “qabiliyyət” sınağı var idi, amma çox simvolik aparılırdı. Abituriyent mətbuatda çap olunmuş yazılarını təqdim edirdi, onunla söhbətləşir və ümumi şeylər soruşurdular, yəni əmin olurdular ki, adam küt deyil. Məncə, bu forma indi də özünü doğrulda bilər, amma bir şərtlə ki, həmin sorğu-sual imtahana, abituriyenti məşhər ayağına çəkməyə çevrilməsin. İndiki formada aparılan yoxlama, nəinki faydalıdır, hətta bəzi yönləri ilə zərərlidir. Səbəbini izah etməyə çalışaq.
Əvvəla, abituriyentin jurnalistikanı ürəkdən sevib, onun mahiyyət və missiyasını dərk edib sənəd verməsi barədə düşünmək, sadəcə illüziyadır. İndiki halda abituriyent üçün yalnız “jurnalistika” adının özü cazibədardır. Məktəb partasından yenicə ayrılmış 17-18 yaşlı yeniyetmənin mürəkkəb və çoxşaxəli jurnalistika haqqında dolğun təsəvvürünün olması heç inandırıcı deyil.
İkincisi, biz tələbələrə inşa yazdırmaqla onların şüurunda jurnalistikanı daha çox filoloji fakt kimi təqdim edirik, halbuki jurnalistika cəmiyyət həyatı ilə sıx bağlı olan sosial fenomendir. Belə olmasaydı, medianı tarixən ictimai nəzarətçi, gözətçi köpəyi və ya “dördüncü hakimiyyət” kimi səciyyələndirməzdik. Həm də biz bu inşa məsələsində publisistika ilə jurnalistikanı bir-birinə qarışdırırıq. İndidən yeniyetmədə belə bir qənaət formalaşır ki, yazıda gerçək fakta deyil, təxəyyülə əsaslanmaq, bir az şairanə, poetik üslubda nələrsə uydurmaq kifayətdir.
Üçüncüsü, bu inşa yazılarını kimlərin oxuyub qiymətləndirməsi prinsipial məsələdir. Şəxsən mən bu qənaətdəyəm ki, psixoloji olaraq hər yazıya səhifəyə gedəcək material kimi tələbkarlıqla yanaşan redaktorların, media adamlarının bu inşaları yoxlayıb qiymətləndirməsi o qədər də məqsədəuyğun deyil.
Dördüncüsü, “xüsusi qabiliyyət” imtahanı getdikcə xof yaradır, bununla bağlı valideynlərin əl-ayağa düşüb subyektiv yollar axtarması pis əlamətdir. Digər tərəfdən müəyyən bal yığmış abituriyentlərin bir çoxu çəkinərək həmin imtahana gəlmir, gələnlərin də yarısı kəsilir. Yaxşı ki, bu il vəziyyət bir az babatdır, amma keçən il tələbələrin azlığı səbəbindən bir çox universitetlərdə dərs saatları azalmış, müəllimlər problemlərlə üzləşmişdilər. Bu, qabiliyyət imtahanının ciddi fəsadıdır.
Beşinsisi, artıq iki ildir ki, mənim də dərs dediyim BDU-nun jurnalistika fakültəsində qabiliyyət imtahanından keçmiş tələbələr təhsil alır. Aralarında yaxşıları vardır, amma bütün hallarda əvvəlki tələbələrdən xüsusi fərqlənmirlər. Belədirsə, getdikcə xeyli qabiliyyətsiz yönləri üzə çıxan bu imtahanı saxlamağın bir mənası varmı?
* * *
Mətbuat Şurasındakı dostlardan biri builki qabiliyyət imtahanında “Nə üçün jurnalist olmaq istəyirəm?” mövzusunda inşa yazılarını yoxladıqdan sonra sosial şəbəkələrdə öz qənəatini paylaşıb. O, yazılarda jurnalistikaya üç fərqli baxışın özünü göstərdiyini qeyd edir. Biri yazır ki, “….Ən böyük arzum televiziya jurnalisti olmaqdır. Hazırlayacağım ilk reportajın mövzusu da hazırdır. İşğaldan azad olunmuş torpaqlarımız…”. İkinci abituriyent mövzunu bu tezis üzrə qurub: “İnternetin vüsət aldığı, sosial şəbəkələrdə qeyri-dəqiq informasiyaların yayıldığı bir dövrdə, peşəkar jurnalist olub əhaliyə düzgün məlumat çatdırmaq istəyirəm”. Ən maraqlısını üçüncü abituriyent çox səmimi şəkildə ifadə edib: “…Jurnalistlərə hər şey verirlər: pulsuz ev, xarici ölkələrə səfərlər…Mən də jurnalist olmaq istəyirəm”.
Əslində çox maraqlı cavablardır və bunlar bizim jurnalistikamızın sovet keçmişinin (pafos), yaxın dünəninin (həqiqətə xidmət) və kədərli bugününün (şəxsi bəhrələnmə) mənzərəsini çox gözəl cızır. Bu mənzərəni cızmaq üçün isə heç bir “xüsusi qabiliyyətə” ehtiyac yoxdur məncə…