QABANSUR, AY QABANSUR
Mən Qulu Məhərrəmli ilə tanış olanda hər ikimiz dünyagörüşü formalaşmış, mövqeyi müəyyənləşmiş, qeyri-təvazökarlığımı bağışlayın, tanınmış jurnalistlər idik (o, daha çox).
Jurnalistika olmasaydı, bəlkə, heç rastlaşmazdıq. Ən azı buna görə səkkiz yaşımda etdiyim seçimə — öz peşəmə minnətdaram!
Sonralar bildim ki, həmin vaxt, mənim səkkiz yaşım olanda Qulu Şuşa internat məktəbində oxuyurmuş. Özü də təkcə ana dili, tarix, riyaziyyat yox, xorda nəğmə da oxuyurmuş. Solist qız mahnısını ifa edərkən xorun oğlanları ilə birgə ahəstə-ahəstə təkrarlayırmış: «Qa-ban-sur, ay qa-ban-sur».
«Qabansur»un nə demək olduğunu bilmirəm, amma əminəm ki, Qulu o sözü hamıdan şövqlü, canlı deyirmiş, səsi xorda seçilirmiş. Ümumiyyətlə, o, astadan danışanda, bəzən hətta heç danışmayanda da səsi aydın eşidilir.
Bakı Dövlət Universitetində hazırlanmış «Ziyalılara müraciət» yadınızdadırmı? Onu elm-bilik adamları, akademiklər, ictimai xadimlər imzalamışdı. Amma Qulunun imzasının (daha doğrusu, onun imzasından sui-istifadə etmək cəhdinin) «səsi» sənədin özündən böyük əks-səda yaratdı.
Bir var təzad, bir də var amplituda. Qulu təzadlı adam deyil, sözü-əməli bütöv insandır. Amplitudası isə çox böyükdür. Allahın bizə verdiyi qısa ömür ərzində həyat rəqqasının iki qütbü arasına bu qədər fəaliyyət sahəsini, fərqli düşüncəli dost-tanışı, bu qədər iş-gücü necə sığışdırır, başa düşmürəm! Kitablarını sayıram, hazırladığı proqramları ağlıma gətirirəm, eyni zamanda həyata keçirdiyi layihələri, işlədiyi yerləri sadalayıram… Heç nəyi də unutmuram: çünki Quluya aid nə varsa — bitənlər yaddaşda, davam edənlər göz önündədir.
Bunları tərif kimi gurultu ilə demirəm, düşüncələr kimi yavaşca qulağınıza pıçıldayıram. Qulu xorda oxuduğu tək: «Qa-ban-sur, ay qa-ban-sur».
Qulu Məhərrəmli ilə gec tanış olduğumu söylədim, necə tanış olduğumu da danışmaq istəyirəm.
Bir axşam onun «7 gün» proqramına baxırdım. Müəllifin peşəkarlığına heyran qaldım. Qulu parlamentdə özünü toybəyi kimi aparan, hər doğruya bir yalan qatan spikerin növbəti «bəyanatı»nı şərh edirdi. Şərhdən dərhal sonra mövzunu fırladıb «Ölülər»ə gətirdi və sözgəlişi kefli İskəndərin şeyx Nəsrullaha dediyi «Lotusan, həyə, əl ver» ifadəsini yada saldı.
Proqramın ilk baxışdan əlaqəsi olmayan iki mikroparçasını Qulu Məhərrəmli bir-birinə elə ustalıqla calamışdı ki, aralarından hava da keçmirdi. Dövlət televiziyasında belə güclü sarkazmdan kəskin hansı tənqid səslənə bilərdi ki?!
Ertəsi gün Qulu Məhərrəmlini qəzetlərdən birinin yubiley məclisində gördüm. Yaxınlaşıb əlini sıxdım. Həmin vaxtdan həftədə, heç olmasa, 2-3 dəfə o əli sıxıram.
e-mail:[email protected]