Muəllif:

ÖZÜN QALİB OLA BİLMİRSƏNSƏ,

 

«Atletiko» İngiltərədə «Çelsi»ni udub finala çıxanda sevindim. Mən ispan futbolunun azarkeşiyəm. Ümumiyyətlə, İspaniyanın təbiətinin, mədəniyyətinin, idmanının vurğunuyam. Amma «Atletiko»nun qələbəsi ondan bir gün əvvəl «Real»ın almanlar üzərində qat-qat gözəl qələbəsindən daha çox ləzzət elədi mənə. Futbol qurtarandan sonra yatağımda eşələnə-eşələnə düşünürdüm: niyə, görəsən? Birdən gözlərimin önünə «Atletiko» futbolçularının yaxasındakı reklam yazısı gəldi: «Azerbaijan land of fire». Və həyatın vacib bir prinsipini, nəhayət ki, 54 yaşımda başa düşdüm:

 

Özün qalib ola bilmirsənsə, adını qalibin köynəyinə yazdır!

 

Ertəsi gün bizim fanatlar sosial şəbəkələrdə plakat qoymuşdular: «Futbolu icad edənləri onların öz vətənlərində udduq!» Udduq, ha! Artıq «Atletiko»nu öz komandamız sayanların dəstəsi yaranıb və genişlənməkdədir. «Atletiko» finalda da qələbə qazansa, ehtimal ki, bu dəstə lap böyüyəcək. Bəziləri iddia irəli sürəcəklər ki, ümumiyyətlə, futbol İngiltərədə yox, Azərbaycanda icad edilib. Təxminən beşinci əsrdə. İlk oyunçularımızın məşqçisi isə Dədə Qorqud olub. Buna görə də bizim oyunçular meydançada qaçmır, ağır-ağır, böyük ləyaqət hissi ilə yeriyir, hesab necə olursa olsun, sifətlərinin müdrik ifadəsini dəyişmirmişlər.

 

Prinsipcə, inanmaq olar. Ən azı ona görə ki, bu ənənə bizim futbolumuzda hələ də yaşamaqdadır.

 

***

 

Əvvəllər dostlarımla tez-tez stadiona gedirdim. Yadımdadır, hətta bir dəfə ad günümə gözəl bir oyuna iki bilet hədiyyə etmişdilər. Çoxdandır ayağım o tərəflərə dəymir. Axırıncı dəfə stadionda yerli komandalardan birinin almanlarla oyununa baxmışam. Gərək ki, «Şalke» ilə. Oyunun üçüncü dəqiqəsində almanlar bizimkiləri əsir götürdülər və mən stadionu tərk etdim.

 

Sonra Azərbaycana alman məşqçi də gətirdilər, xeyri olmadı.

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 971