Öz torpağında mühacirətdə olanlar
“Yenə də deyirəm — Messini «Barselona»dan gətirib, «Qəbələ» klubunda ehtiyat oyunçular skamyasında otuzdursaydınız, heç kəs onun istedadının miqyasını anlaya bilməzdi”…
Azər Rəşidoğlu
Raufu (Mirqədirovu) uğurladıq getdi…
Ərəstun Oruclu da getdi…
Vahid Qazi neçə ildir gedib…
Rəşid Hacılı da Bakıda yoxdur…
Siyahı uzundur. Bu insanlar media ilə bağlı olanlardır. Və bu, hələ şəxsən tanıdıqlarımdır. Səbəb aydındır desəm, çox bəsit olar. Əsl səbəbsə, zənnimcə, hələ dərk edə bilməyəcəyimiz qatlardadır.
Amma bir şey aydındır – insan öz potensialını doğma torpağında gerçəkləşdirə bilmirsə, başını götürüb gedir, KÖÇür. Və bu KÖÇ başlayıb. İşləməyə, düşünməyə şərait olmadıqca KÖÇ güclənəcək. İnsanlarımızın qədrini bilmədikcə, onlar gedəcək və bir də ayılıb görəcəyik ki, ölkəni normal yönləndirə biləcək, fikir mübadiləsi apara biləcək kimsə qalmayıb. Ən pisi isə odur ki, bu gedişlə bu barədə düşünməyə heç həvəs də qalmayacaq…
Necə olur ki, vaxtilə “Ayna”da çalışmış İdrak Abbasov mühacir həyatı yaşadığı Norveçdə yerli dili 11 aya öyrənib yerli qəzetın müxbiri olur və yad bir dildə məqalə yazır, amma doğma torpağında ona yer tapılmır…
***
Xorxe Luis Borxesin “Averroesin araşdırmaları” hekayətində belə bir məqam var:”Onu işindən nəğməyə bənzər bir səs ayırdı. Alim qəfəslənmiş eyvandan bayıra baxıb xırı belə omayan balaca patioda oynayan uşaqları gördü. Biri dostunun çiyninə qalxıb gözünü yumaraq müəzzin kimi əlini qulağının dibinə qoyub:”Allah birdir və ondan başqası yoxdur” oxuduğu halda, digəri də yerdə dizin-dizin sürünərək guya o gözəgörünməzə sitayiş edirdi. Amma az keçmədi ki, oyun bitdi, çünki üçü də yalnız müəzzin olmaq istəyirdi – nə minarə olmaq istəyən vardı, nə də Allaha sitayiş etmək istəyən”…
İndi biz də orta əsr əndəlus çocuqlari kimiyik – başa düşmək istəmirik ki, inanan olmasa, nə minarə olacaq, nə də müəzzinə ehtiyac…
***
Niderlandda 2013-2016-cı illərdə cinayətkarlıq 90% azaldığından həbsxanalar bağlanır.
İslandiyada yaxın gələcəkdə keçiriləcək ümumxalq referendumuna bir məsələ çıxardılıb — ənənəvi hökümət modelindən imtina. Yəni, ölkədə məmur zümrəsi ləğv ediləcək və ölkə xalqın öhdəsinə buraxılacaq, çünki İslandiyada hələ 930-cu ildə altinq, xalq toplantısı vardı. Yəni, ölkə “crowdsoursing”, xalqın iradəsinə əsasən idarə olunacaq. Alınacaqmı, bilən yoxdur, amma hər halda bu səviyyədə düşünənlər var.
İsveçdə — dünyanın ən xoşbəxt əhalisi olan ölkədə — vətəndaşların daha xoşbəxt olması üçün hamılıqla 6 saatlıq iş gününə keçmək məsələsi gerçəkləşdirilməkdədir. Əsas səbəblərdən biri insanların ailələrinə, yəni uşaqlarının tərbiyəsinə daha çox vaxt ayırmaq istəyidir. Bunun iqtisadi əsaslandırması da var – adam fikrini işində cəmləşdirərsə, ona 6 saat da bəs edər. Amma bunun üçün şərait olmalıdır. Məsələn, 2014-cü ildə Rusiyada istehsalçı 1 saata 25,9$-lıq əmtəə istehsal edirdisə (indi, yəqin ki, vəziyyət, Qərb sanksiyalarını nəzərə alsaq, bir qədər də pisləşib), ABŞ-da bu göstərici 67,4$-a bərabər idi. İzahı çox bəsitdir – Rusiyadakı köhnəlmiş avadanlıq və texnologiyalar, əməyin qeyri-effektiv təşkili, aşağı motivasiya, idarəetmədə peşəkar vərdiş qıtlığı. SSRİ vaxtından heçnə dəyişməyib. Yadıma sovet zamanındakı iş rejimi düşdü – saat 9-dan 10-a kimi laqqırtı və siqaret çəkmək, saat 10-dan naharadək gündəlik iş normasının tamamilə yerinə yetirilməsi, nahardan sonra isə yuxulu vəziyyətdə siqaret çəkmək və həsrətlə iş vaxtının nə zaman bitəcəyini gözləmək… Sovet rəhbərliyinin ağlı olsaydı, hamımızı elə o vaxtlar xoşbəxt edə bilərdi. Nə isə…
Və nəhayət Kosta-Rika. Bu ölkədən söz açmazdan öncə, həmkarım Gülnar xanıma təşəkkür etmək istəyirəm, çünki məni yönləndirməsəydi, Kosta-Rika heç yuxuma da girməzdi. Növbəti dəfə bərpa olunan enerji mənbələrindən yazandan sonra öyrəndim ki, bu ölkə artıq 120 gündür ki, enerjiyə olan tələbatını ənənəvi yanacaq növlərindən istifadə etmədən ödəyir. Yazının üstündən təxminən bir ay ötüb. Deməli, Kosta-Rika artıq 150 gündür yaşıl enerjinin hesabına yaşayır. Mənə çox maraqlı gəldi, Mərkəzi Amerika cəngəlliklərində itib-batmış bu kiçicik ölkə bu düşüncə səviyyəsinə necə gəlib çıxıb, axı? Və haqqında oxuduqca anladım ki, Kosta-Rika kiçicik-filan deyil – çox böyükdür. Təsəvvür edirsinizmi, ölkə sonuncu vətəndaş müharibəsindən sonra, 1949-cı ildə ordunu ləğv edib. Polisdən başqa heç bir güc strukturu yoxdur. Buna rəğmən, bölgənin ən təhlükəsiz yeridir, cinayətkarlıq olduqca aşağı səviyyədədir. Və məni Kosta-Rikanın böyük olduğu əminliyində möhkəmləndirən daha bir məqam – bu ölkədə ölüm hökmünün hələ, bir düşünün, 1871-ci ildə ləğv edilməsi! Düz 145 il bundan əvvəl…
Sevimli Türkiyəmdəsə millət ölüm hökmünün bərpasını istəyir…
Biz isə 15 ildən artıqdır ki, Diffamasiya haqqında qanunu belə qəbul edə bilmirik, deyirik ki, qəbul etsək, insanlar yazısını bəyənmədikləri jurnalistlərlə dədə-baba qaydalarına uyğun haqq-hesab çəkəcəklər…
***
Bu barədə son günlər tez-tez söz düşür – mühacirət etmiş tanışlarımızdan. Və növbəti belə bir söhbət zamanı Arif (Əliyev) məni sarsıdan bir həqiqəti söylədi. Dedi ki, onların yad ölkədə necə yaşayacaqlarının dərdini çəkmə. Bir özümüzə bax. Biz artıq öz torpağımızda mühacir həyatı yaşayırıq…
***
Evin kandarında, düz giriş qapısının üstündə bir ay olar ki, bir cüt qumru yuva salıb. Yuvanı quranda bu bir cüt göyərçinin necə də çalışdığını müşahidə etmək böyük bir zövqdü. Sonra dişi tayı qırt düşdü. Erkəyi ondan aralanmadı, gecə-gündüz onu qorudu. Bir on gün əvvəlsə yuvada iki bala göründü. Düzü, havaların soyuyacağından ehtiyat edirdim, qorxurdum ki, balalar soyuğa düşüb tələf olar. Amma havalar üzümüzə baxdı və balalar tüklənib yuvanın hündürlüyündən maraqla muncuq gözlərini bizə zillədilər. Bu səhnə mənə olmazın zövq verirdi. Neçə gündükü yatmağa getməzdən əvvəl onlara öz aləmimdə şirin yuxular diləyirdim. Onlara əməlli-başlı isinişmişdim… Bu gün səhərsə yuvanı boş gördüm… Getmişdilər…
YURDUMUZ BOŞ QALMASIN…
e-mail: [email protected]