Ölən Dünyam
“Külək yarpaqları astadan xışıldatdı. Həsən ağanın uzun saqqalı ehmalca tərpəndi. Göz yaşı içində atasının böyrünə qısılan Söhrab, Alan, bir də Həsən ağa elə bil sahildə heykəlləşdilər. Kür isə yenə həmişəki kimi gah meşəyə doğru burulub axır, gah çiləkənlərin üstündən aşır, gah da yarğanlara, qolpunlara çırpılırdı. Elə bil dünyada heç nə olmamışdı”.
***
Son romanının (İsmayıl Şıxlının «Ölən dünyam» romanı) bu son sətirlərini hər dəfə oxuyanda qəhər məni boğur. Bu dəfə də eyni şey baş verdi. Onun iş otağında, onun yazı masası arxasında, onun gülümsəyən çöhrəli portretini görə-görə yazıram indi oxuduqlarınızı. Qonşu otaqdansa onun adını daşıyan nəvəm İsmayılın gülüşü gəlir. Bizə qonaq gəlib…
***
Ölümündən düz 21 il ötür… Elə bil dünəndi…
***
“Ölən dünyam”ın yalnız birinci fəslini özü yazmışdı, yəni öz xəttiylə. Yerdə qalanını diqtə eləmiş, anam da yazmışdı. Hərdən, əlinə keçəndə, bizi də işlədirdi. Gözünün işığını itirmişdi. Muncuq kimi xətti vardı, amma arada, əli fikrinin arxasınca çatmayanda, muncuqlar nizamını itirirdi. Bəzən sonradan yazdığını özü də çətinliklə ayırd edirdi. Hər gün yazmazdı. Bəzən günlərlə, hətta aylarla yazmazdı. Bir fikri, ideyanı, süjeti ürəyində duyub beynində sanballamamış, masa arxasına keçməzdi. Əvvəlcə, əlyazmasını işləyər və yalnız sonra makinada çap edərdi. Hamısını özü edərdi…
Bir neçə makinası vardı, amma ən birincisi və sevimlisi “Reinmetall” idi, alman makinasıydı. İndi həmin makina Ədəbiyyat muzeyindədir. Hərdən onu verdiyimə heyfsilənirəm də…
O vaxtlar bizim şriftlə makina olmadığından əlifbanın uyğun gəlməyən hərflərini ustalar kustar üsulla lehimləyərək düzəldirdilər… Görəsən, indi o makina ustalarından heç qalıbmı?
Bu minvalla əsəri diqtə eləyib başa çatdırdı. Son bir ili yatağından qalxa bilmirdi. Kişini həyatda saxlayan “Ölən dünya(m)”sıydı. Yazdırtdığını bir dəfə də oxutdurub son düzəlişlərini etdi və “İndi rahat ölmək olar” dedi… 1995-ci il martın 10-u idi. Bundan sonra daha dörd ay yaşadı. Əsəri kitab şəklində görmək istədi, alınmadı… Çatdırammadım… Yalnız ölümünün qırxıncı günündə qəbrinin üstünə gətirə bildim… Özümü heç bağışlaya bilmirəm. Ölüb “Ölən dünya(m)”sını görə bilməyəciyini heç ağlıma da gətirə bilmirdim. Bilsəydim… Amma indi bir şeyi dəqiq bilirəm – “Ölən dünya(m)”sını bitirməmiş ölməyəcəkdi… Kaş heç bitirməyəydi…
***
İndicə üstünə getmişdim. Bir xeyli daşlaşmış üzünə, saçlarına, eynəyinin sağanağına, baş daşının yanındakı kəlağayıya bürülü torpağa sancılmış xəncərə baxdım. Və başa düşdüm ki, onun dünyası çoxdan ölüb… İndi dünya sürünən kölgələrindir…
Allah sənə rəhmət eləsin! Hüzur içində yat!
e-mail:[email protected]