Mənəvi düşkünlük sindromu
«Mən yalnız bir zülmkar tanıyıram — bu, vicdanın sakit səsidir».
Mahatma Qandi
«Sovet həyat tərzinin tarixi gündən-günə şişib dolan həyasızlıq tarixidir».
Aleksandr Soljenitsın
Asif Atanın adı Azərbaycanda, yəqin ki, hər kəsə bəllidir. Fərqli düşünən və bu düşüncəni sovet ideologiyasının paslı süzgəcindən keçirib cəmiyyətə tərtəmiz şəkildə çatdıran təfəkkür sahibi idi. İnsan şüurunda, mədəniyyətdə və ədəbiyyatda gedən prosesslərə qeyri-adi yanaşması vardı. Tələbə vaxtı onun BDU-da apardığı yaradıcılıq gecələrində tez-tez olur, bu məclislərdə özümüzü tamamilə başqa bir dünyada hiss edirdik. Xatırlayıram ki, həmin yaradıcılıq gecələrinin birində böyük filosof böyük xəyalpərvərliklə deyirdi ki, mədəniyyətin, təhsilin və məhəbbətin sayəsində tezliklə dünyada pis adam qalmayacaq. Elə bu zaman qabaq cərgədə əyləşmiş müəllimlərdən kimsə ona söz atmışdı: «Pislər gedəcək, amma yeni yaramazlar doğulacaq». Bu gün ətrafa baxıb dörd tərəfi bürümüş bu qədər abırsız-həyasızı görəndə «doğuşun» belə sürətlə baş verməsinə adam heyrətlənməyə bilmir. Belədə işıqlı Asif Ata da daxil olmaqla, bütün filosofların ideal cəmiyyət barəsindəki nəzəri düşüncələrinin üzərindən qara bir xətt çəkməkdən başqa əlac qalmır. Görünür, kamil insan problemini orta əsrlərin tozu basıb, indi fəlsəfənin gündəmini abırlı, yoxsa abırsız adam dilemması məşğul etməkdədir.
İnsanların qarşılıqlı münasibətləri sevgidən, qısqanclıqdan, rəqabətdən, zorakılıqdan, hiylə və yalandan ibarətdir. Bunlar həm də insan xislətinin göstəriciləri və daim dartışılan əbədi mövzulardır. Təbii ki, burada nəyin yaxşı, nəyin pis olması həya məsələsi ilə bağlıdır, insanın mənəvi bütövlüyünü məhz bu kriteriya müəyyənləşdirir. Bu gün həya anlayışı vicdanın səsi və şəxsi ləyaqət hissinin ifadəsi kimi çıxış edir.
İnsan digər canlı məxluqatdan ancaq özünün həya hissinə görə seçilir. Adəm və Həvvanın çılpaq olduqlarını bildikləri zaman duyduqları utancaqlıq hissi heç bir praktik məqsəd güdmürdü, bu hiss insan ləyaqətinin yaranmasından doğuldu. Adəm babamız «ayıbını» əncir yarpağı ilə örtməklə heyvani durumdan xeyli yüksəklərə ucaldı. Beləliklə, həya cinsi hissiyyat kimi meydana çıxsa da, sonradan hər şeyin kökündə dayandı. Fərdin ümumi mədəni səviyyəsini müəyyən edən bu həya həm də özgələrinin fikirlərini nəzərə alan bir əyara çevrildi.
Bu gün ətrafımızda əvvəllər məqbul hesab etmədiyimiz fərqli hadisələrin baş verməsinin əsas səbəbi həya hissinin itirilməsidir. Bu itkinin ucbatındandır ki, cəmiyyətin yüz illər boyu formalaşdırdığı dəyərlər rahatlıqla tapdalanır. İctimai sferadan tutmuş ailə-məişət münasibətlərinədək müqəddəs bilinən dəyərlər lay divar kimi sökülüb uçurulur. Belə təsəvvür yaranır ki, ictimai sərhədlər yoxa çıxır. Adamlar çox şeyi nəzərə almadan «qırmızı xətti» keçirlər. Hərdən adam özünü kütləvi mənəviyyatsızlıq burulğanında hiss edir. İctimai rəy yox kimi görünür, sosial institutlar işləmir, media nəyə xidmət etməli olduğunu, sanki yaddan çıxarıb, saytların əksəriyyəti sifarişli yazılar, böhtan və erotika püskürür.
Əxlaqsız adamların əlində qalmış TV-lər şou əhlinin haqq-hesab çürütmək meydanına çevrilib, xəbərlər kriminal mənzərəni xeyli tündləşdirir, oğurluq, zorlama, dava-dalaş, qətl hadisələri çoxalıb, yalanlar artıb. Yaltaqlıq mənəviyyat alverçilərinin əlində göydə gedən «mal»a çevrilib, adını siyasətçi qoyanlar ictimai tribunadan əxlaqsız ifadələr işlətməyi qəhrəmanlıq sayır, cəmiyyətdə təlxəklik ovqatı güclənir. Valideynlər və övladlar əmlak üstündə bir-birlərini didir, çoban əxlaqsız arvadının intim «məharət»ini çəkib yayır, papağı boş qalmış pəzəvəng polis qadının ardınca ayaqyoluna girməyi özünə ar bilmir.
Bütün bu eybəcərliklərin səbəbini izah edərkən içimizdən bir nida qopur: bu adamlarda abır-həya qalmayıb! Ləyaqət itkisi müxtəlif səbəblərdən qaynaqlanır. Kimisinin pulu, sərvəti, hakimiyyəti hədsiz dərəcədə çoxalır, kimlərsə bunlar uğrunda mübarizə aparır, başqaları isə, sadəcə olaraq, yaşamağın yolunu bunda görür. Bəzən sərvət toplamaq, vəzifə, şöhrət və kiməsə yarınmaq mübarizəsi elə yırtıcı şəkil alır ki, insanlar bu şəraitdə yalnız abır-həyanı, əxlaqı və ləyaqəti qurban vermək bahasına həyata uyğunlaşmanı mümkün sayırlar. Təbii ki, ikrah doğuran bu proseslər mənəvi düşkünlük sindromu yaradır. Bir vaxtlar mənəvi ideallara can atan toplum bu şəraitdə hər cür gözlənilməz yaramazlıqlara hamilə olan bir mühitin çirkli havasını udmağa məcbur olur.
Sovet rejimini görmüş insanlar bu gün nisbətən rahat yaşayır, onların canı sağa-sola manevr etmək qorxusundan, repressiv dövlət maşınının süngüsünə tuş gəlmək vahiməsindən qurtarıb, amma qayğıları azalmayıb. İnsanın azadlığı müəyyən mənada çoxalıb, amma azadlığın artması ilə birgə onun daxilində mənəvi parçalanma güclənib. Dəyərlər gücdən düşüb, sosial müdafiə zəifləyib, bununla bağlı ictimai əxlaqa və sabaha inam da öləziyib. İnamsızlıq həmişə insanda məyusluq duyğusu oyadır. Bu məyusluq isə cəmiyyətdə mənəvi boşluqlar yaradaraq insan psixikasını zədələyir, mənəvi abır-həyanın və ləyaqət hissinin aşınmasını stimullaşdırır…
[email protected]