Muəllif:

Mən bir ceviz ağacıyam Gülhanə Parkında…

4_team«Harada qurtarır Vətən» seriyasından ikinci yazı.

 

Kim fikirləşirsə ki, Avropa altı əsr bundan əvvəl İstanbulun fəthini türklərə bağışlayıb, yanılır. Türkiyənin iştirak etdiyi bütün savaşlarda bu ölkənin parçalanması hətta onunla müttəfiqlik edən xristian dövlətlərinin də ürəyindən olardı. Bir dəfə — XX əsrin onuncu illərində Qərb bu istəyinə çox yaxınlaşıb. Düz yüz ildən sonra, deyəsən, həmin ümidlər yenidən dirçəlib. Bu dirçəlişi Avropanın Türkiyəni öz ailəsinə (yəni, Birliyinə) qatmaq üçün irəli sürdüyü bəzi əlahiddə şərtlərdən də sezmək mümkündür.

Əlbəttə, Qərb xətkeş götürüb xəritə üzərində Türkiyənin bölgüsünü aparmaq fikrində deyil. PARÇALANMA bölünmədən onunla fərqlənir ki, yad əllərlə icra olunmur, millətin öz daxilində, öz əli ilə yaratdığı çatlar üzrə gedir. Bir zamanlar Türkiyənin şərqində gözə çarpan belə çatların artıq Ege-Aralıq sahillərinə qədər uzandığını görməmək üçün kor ya qanmaz, deməmək üçünsə lal ya dinməz olmaq lazımdır. Mənim həmin sahillərdə Edirnədən tutmuş Marmarisə qədər çoxlu həmkarım, dostum var. Əksəriyyəti dərin üzüntü keçirir. «Darbe»çilərə təəssübkeşlik etdiklərinə görə yox: hamısı hərbi çevriliş cəhdini lənətləyir. Amma bu zahiri birlik içərisində başıaçıqlar «qapalılar»dan, saqqalsızlar «saqqallılar»dan, «gülənçilər» «AKP-çilər»dən və suriyalı qaçqınlardan, bu kateqoriyalardan heç birinə aid olmayanlarsa onların hər üçündən qorxurlar. Dediklərim məcaz deyil. Bəzilərinin təhdidlərdən çəkinərək evlərində yox, mehmanxanada gecələdiklərini də bilirəm.

***

Türkiyədə, çevrilişə aidiyyatı olan hərbçilərdən savayı, minlərlə adam həbs edilib…

On minlərlə müəllim, həkim, jurnalist, prokuror, hakim, digər sahələrin mütəxəssisləri işdən qovulub, daha çox insanın sərbəst hərəkət hüququ məhdudlaşdırılıb. Minlərlə məktəb, universitet, tibb müəssisəsi, redaksiya, təşkilat bağlanıb…

Bir qrup hərbçinin gizli şəraitdə planlaşdırdığı çevriliş cəhdi ilə mübarizənin bunca geniş miqyası nədən xəbər verir?

İndi Gülənlə əlaqədə suçlanaraq bağlanan məktəblərin, universitetlərin və s. cəmi bir neçə il əvvəl məhz hazırkı AKP hakimiyyətinin himayəsi altında çiçəkləndiyinin şahidiyəm. Onda arada nifaq yox idi. 2012-ci ildə «nurçu»ların təşkil etdiyi X Beynəlxalq Türk Dili olimpiadasında Ərdoğanın təntənəli çıxışını, minnətdarlıq ifadə edən sözlərini, hətta yaşaran gözlərini unutmamışam. Sonra yollar kəskin haçalandı. Və 2016-cı ildə «gülənçi camaat»ın «casus»larını qrup şəklində üzə çıxarıb dəstə-dəstə cəzalandırmaq, işdən çıxarmaq ona görə çətin olmadı ki, bir zamanlar həmin şəxsləri təhsil müəssisələrinə, həmçinin polisə, prokurorluğa, məhkəməyə və s. və i.a. bu hökumət özü yerləşdirmişdi, məqsədli şəkildə möhkəmləndirmişdi. (Necə deyərlər, siyahılar əldə idi.)

Mən tutulanların, qovulanlar, bağlananların, təqib edilənlərin «çevriliş cəhdi» cinayətinə nə dərəcədə aidiyyatı olduğunu əsas müzakirə obyektinə çevirmək istəmirəm. Hətta keçmişin səhvlərinin düzəldilməsində qətiyyətli davranışın da əleyhinə deyiləm. Amma bir şeyi dəqiq bilirəm: səhvlər buraxıldığı üsullarla düzəldilirsə, bu, yalnız və yalnız problemlərin dərinləşməsi ilə nəticələnəcək. Kütləvi «təmizləmə»lər və cəzalarla, təqiblərlə, bir «dəstəni» dağıtmaq üçün başqa «dəstə» yaratmaqla, hətta qulaq kəsmək və bəzi ölülərin müsəlman qaydasında dəfninə qadağa qoymaqla xaricdən həris baxışlar altında izlənilən xalqı birliyə və uzunmüddətli əmin-əmanlığa çatdırmaq, onun müdafiə qüvvəsini artırmaq hələ heç kəsə müyəssər olmayıb.

***

Bu fikirləri qələmə almamışdan əvvəl Türkiyə həyatında məndən çox təcrübəli Rauf Mirqədirovla məsləhətləşdim.

— Çevriliş cəhdindən bir neçə gün qabaq Türkiyənin daxili və xarici siyasəti haqqında təhlil yazmışdım, — dedi. — Məqaləni belə qurtarmışdım ki, bu siyasətdə ciddi dəyişikliklər baş verməsə, ölkəni böyük təhdidlər gözləyir. Yaxşı ki, çevriliş vaxtı Türkiyədə olmamışam. Tutacaqdılar ki, sənin hər şeydən xəbərin varmış. Əgər ora getməyi düşünürsənsə, fikirləş.

Yaxşı fikirləşdim. Bir daha başa düşdüm ki, mənim Vətənimin sərhədləri Azərbaycanla məhdudlaşmır, İstanbula, oradan da uzaqlara — Ege dənizi ilə Aralıq dənizinin qovuşduğu yerə qədər gedib çıxır. Vətən üçün sevgi ilə dilə gələn sözü qaytarmaq olmaz. Bəlkə, eşitmək istəyən var?

Gülhanə parkı üçün darıxdım. Mən Topqapıya söykənən bu parka Nazim Hikmətin şerindən sonra vurğunam. Onu görə bilməyəcəyimi heç təsəvvürümə gətirmirəm.

Ben bir ceviz ağacıyım Gülhane Parkında.
Yapraklarım suda balık gibi kıvıl kıvıl.
Yapraklarım ipek mendil gibi tiril tiril,
koparıver, gözlerinin, gülüm, yaşını sil.
Yapraklarım ellerimdir, tam yüz bin elim var.
Yüz bin elle dokunurum sana, İstanbula.
Yapraklarım gözlerimdir, şaşarak bakarım.
Yüz bin gözle seyrederim seni, İstanbulu.
Yüz bin yürek gibi çarpar, çarpar yapraklarım.

Ben bir ceviz ağacıyım Gülhane Parkında.
Ne sen bunun farkındasın, ne polis farkında.

e-mail:[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (3 оценок, среднее: 9,67 из 10)
Oxunma sayı: 805