Mavi gözlü polyak qızı
Ən yaxşı düşmən qohumlardan çıxır
Ukraynanın qərbində doğulub 1929-da, 10 yaşında yetim qalıb. Müharibə başlayanda Polşanın Qdansk şəhərində sığınacaq tapıb. 4 sinif təhsili vardı mavi gözlü polyak qızının. Gənc yaşından tərsanədə qaldırıcı kran maşinisti olaraq çalışmağa başlayır. 80-ci illərin ortalarında Polşada iqtısadi, arxasınca da siyasi vəziyyət kəskin pisləşir və o, Lex Valensa ilə əfsanəvi “Solidarnost” həmkarlar təşkilatını qurur. Təşkilat qısa bir zaman içində yüzminləri birləşdirərək kütləvi anti-kommunist hərəkatına çevrilir.
Kreml tərəfindən iqtidara gətirilən general Voytsex Yaruzelski 1981-də ölkədə hərbi vəziyyət elan edir. Polşanı aclıq, səfalət, mitinq və tətillər dalğası bürüyür. Mavi gözlü polyak qızı ilə Valensa arasında fikir ayrılığı yaranır, onu zəhərləmək istəyirlər. Ordu silah gücünə üsyanı basdırır, mavi gözlü qorxmaz qadını həbsə atırlar. Xaosa sürüklənmişdi ölkə, qan-rəvan içindəydi…
Bakıda hamı pıçıltı ilə Polşadakı hadisələrdən danışırdı. Hər axşam saatlarca “Amerikanın səsi” və “Azadlıq radiosunu” dinləyirdim. Anna Valentinо́viç (Anna Walentynowicz) adını da ilk dəfə o vaxt eşitdim. Sovetin Mərkəzi televiziyası hər axşam ABŞ-da işsizliyin baş alıb getməsi, ölkənin batacağı haqda yalanlar danışırdı. Polşadakı hadisələrdən isə xəbər vermirdilər. Sovet təbliğat maşınının müxtəlif dövrlər üçün “növbətçi qəhrəmanları” var idi – Anjela Devislər, Samanta Smitlər, professor Hayderlər və b.
* * *
Ən yaxşı düşmən qohumlardan çıxır. Çünki qohumlar bir-birlərinin zəif və güclü tərəflərini yaxşı bilirlər. Və vuranda daha dəqiq, sarsıdıcı zərbə endirirlər. Belə zərbələri unutmaq olmur, çox ağrılı olurlar çünki. İkisi də slavyan olan ruslar və polyaklar arasındaki tarixdəki siyasi, iqtisadi maraqlardan qaynaqlanan çeşidli problem və anlaşılmazlıqlar var. Bunların ən ağırları son 100 il içində baş verib…
Polyaklar XX əsrdə ruslar üzərində iki tarixi zəfər çalıblar. “Baltik dənizindən Qara dənizə qədər” xəyalına inanan polyaklar Antantanın dəstəyi ilə Kiyev və Xarkova qədər böyük bir coğrafiyanı ələ keçirdilər. Qızıl Ordunun cavab hərəkatına rəğmən ruslar məğlub oldular. 1920-də Varşava yaxınındakı döyüşdə Polşanın tarixi qələbəsi ilə Ukrayna və Belorusiyanın qərb əraziləri polyaklara keçdi. 10 mindən çox rus əsgəri əsirlikdə öldü. Stalin və bolşeviklər bu fiaskonu heç vaxt unutmadılar…
Ruslar slavyan qardaşlarından ikinci və daha sarsıdıcı məğlubiyyəti 1980-81-də aldı. Anna Valentinо́viç və Lex Valensa liderliyində polyak fəhlələri ölkələrindəki kommunist sistemi dağıtdılar. Lakin, təəssüf ki, Annanın ismi dünyada çox da tanınmır. Kommunist rejimi o vaxt bu mübariz qadının adını arxa plana atmağa çalışdı, çünki milli-azadlıq hərəkatının liderinin qadın olması Polşa inqilabının ruhunu, əzmini, onun romantikasını daha da artıracaqdı. Rejim Annanın Janna D`ark kimi əfsanələşəcəyindən çox qorxurdu .
Ölkənin şanlı tarixinin yazıldığı o illərdə Anna bütün böyük mitinq, tətil və aksiyaların təşkilatçısı, öndə gələni idi. Gizli kəşfiyyat orqanları və xəfiyyələr 1981-ci ildə onu zəhərləyərək öldürmək istədilər. Polşa Milli Yaddaş İnstitutunun araşdırmasına görə, o vaxt Anna Valentinо́viçi 100-ə yaxın agent izləyirmiş.
Mavi gözlü məğrur qız “Solidarnost”dan yaranan partiyaların heç birinə üzv olmadı. Valensa prezident seçildi, amma onunla ulduzu yenə barışmadı. Bütün inqilablarda olduğu kimi onların da arasına nifaq salaraq mübarizəni zəiflətmək, söndürmək istədilər. Lakin xalqın azadlıq istəyi bütün maneələri aşdı. Kommunist sistemi çökdü. Bu, bir xalqın gücünün təntənəsi idi…
* * *
Stalin Varşava döyüşünün intiqamını qəddarlıqla aldı. Politbüronun qərarı ilə 1940-da NKVD tərəfindən əsir alınan 21 min 857 (!) polyak zabiti Smolensk vilayətindəki Katın meşəsində güllələnərək, gizli şəkildə toplu məzarlıqlara gömüldülər. Kreml bu qətliamı dünyadan gizlətdi. Məzarlar 3 il sonra alman generalı fon Gersdorff tərəfindən aşkar edildi, lakin Moskva heç nədən xəbərinin olmadığını bəyan etdi. Qızıl Ordunun Baş cərrahı, sovet neyrocərrahiyyəsinin qurucusu akademik Burdenkonun rəhbərlik etdiyi dövlət komissiyası polyak zabitlərinin (çoxu əsilzadə idi) işğalçı almanlar tərəfindən öldürüldüyünü elan etdi. Bu da Burdenko, bu da sovet tibbinin ən parlaq ulduzu.
1990-cı ildə Sovet İttifaqı Katının NKVD tərəfindən törədildiyini etiraf etməyə məcbur oldu. Polyak xalqı bu etirafı 50 il gözlədi. Etiraf etdilər, amma üzr istəmədilər…
* * *
10 aprel 2010-cu ildə Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi enişdə Smolensk yaxınlığında qəzaya uğradı. Təyyarədə olan prezident və həyat yoldaşı, hökümət üzvləri, ictimai xadimlər, Polşa ordusunun qaymağı – Baş Qərargah rəisi və bütün ordu komandanları qəzada həlak oldular. 96 nəfərlik nümayəndə heyəti Katın qətliamının 70 illik anma mərasiminə gəlirdi. Onların içində 80 yaşlı bir qadın da vardı – mənim gənclik kumirim, mavi gözlü polyak qızı Anna Valentinо́viç…
Rusiya Polşadan ancaq 2010-nun noyabr ayında – Katın qətliamından 70 il sonra rəsmi üzr istədi…
***
Görən, bizdən də nə vaxtsa üzr istəyən olacaqmı?!
www.twitter.com/ibrahimnebioglu