İTKİN DÜŞMÜŞ TÜRKİYƏ
Uzunmüddətli perspektivə hesablanmış aydın daxili və xarici siyasəti olmayan dövlət təlatümlərlə üz-üzə qalmalıdır
Minotavr (“Minos öküzü”) başı öküz başı, bədəni insan bədəni olan bir varlıqdı.
Minotavrı qəhrəman Tesey öldürmüşdü. Onun haqqındakı qəribə rəvayətlər qədim Krit sivilizasiyasının keçmiş şöhrətinin qalıqlarından yaradılıb.
Rəvayətə görə, bu labirint Dedal tərəfindən Minotavrı burada həbs etmək üçün yaradılıbmış. Riyazi cəhətdən bu labirintdən çıxış yolu tapmaq şansı çox azmış. Dedal psixoloji amillərdən elə məharətlə istifadə edibmiş ki, labirintdən çıxmaq imkanı sıfra bərabərmiş.
Bu labirintin keçidlərinin eni 1 metr, divarları isə 30 santimetr qalınlıqda olsaydı belə, oradan yeganə çıxış yolu 100 kilometrdən çox məsafəyə bərabər olardı. Çox güman ki, bu labirintə düşmüş istənilən insan çıxışı tapmazdan əvvəl susuzluqdan və ya aclıqdan həlak olardı.
Amma Krit adasının hökmdarının qızı Ariadna labirintə Minotavrı öldürməyə yollanan Teseyə azmamaq üçün bir top sap verir və bununla da problem həllolunur. Əslində, Ariadna Teseyin Minotavrı öldürəcəyi təqdirdə hamıya aydın həyat perspektivi təmin etmişdi. Vəssalam.
Bu gün Türkiyə ardı-arası kəsilməyən terror aktları ilə üz-üzə qalıb. Günahkarlar arasında daha çox PKK və “İslam dövlətinin” adları çəkilir. Bu qanlı olayların arxasında doğrudan da bu iki terror təşkilatının durduğuna heç kim şübhə etmir. Terrorizmə qarşı amansız mübarizənin zəruriliyi də danılmaz bir həqiqətdir. Bu tip məsələlər, ümumiyyətlə, mübahisə predmeti ola bilməz. Lakin…
Dialektikanın öz təkzibolunmaz qanunları var. Onlardan biri də səbəb-nəticə əlaqəsidir. Hər hansı bir təzahürü doğuran səbəbləri araşdırıb aradan qaldırmadan onun nəticələrinə qarşı effektiv mübarizə aparmaq olmaz. Sadə bir həqiqət var. Diaqnoz qoymadan xəstəliyi müalicə etmək mümkün deyil.
Yalnız korlar Türkiyənin terror xəstəliyinə tutulduğunu görməyə bilərlər. Söhbət digər dövlətlərin ara-sıra üzləşdiyi terror təhlükəsindən deyil, xroniki xəstəlikdən gedir. Ölkədə demək olar ki, hər gün terror olayları baş verir. Artıq istənilən an hər kəs terror qurbanı ola bilər. Özü də nəzərə almaq lazımdır ki, tamamilə müxtəlif və hətta ideoloji baxımdan bir-birinə düşmən olan təşkilatlar Türkiyəni terror hədəfi seçiblər. İnanılmaz və hətta deyərdim ki, ağlasığmaz bir şey baş verir. Suriyada, İraqda bir-biri ilə müharibə aparan “İslam dövləti” ilə sol kürd millətçi terror təşkilatları Türkiyə dövlətinə qarşı qanlı müharibədə müttəfiq kimi çıxış edirlər. Yenə də qeyd etmək istərdim ki, söhbət ara-sıra baş verən olaylardan deyil, əsl genişmiqyaslı terror müharibəsindən gedir. Ona görə də, bu müharibəni doğuran səbəbləri araşdırmağa dəyər.
Birincisi, onu nəzərə almaq lazımdır ki, Türkiyə müxtəlif geosiyasi maraqların toqquşduğu həddən artıq qaynar bir regionda yerləşir. İkincisi, Türkiyə tarixi kökləri olan və çoxdan öz həllini gözləyən ciddi daxili problemlərlə də qarşı-qarşıyadır. Bu iki amil Türkiyə hökümətindən həm müttəfiqləri, həm də tərəfdaşları üçün tam aydın uzunmüddətli, sabit daxili və xarici siyasətin həyata keçirilməsini tələb edir. Yalnız bu halda Türkiyə özünü mövcud təhlükələrdən qismən də olsa, sığortalaya bilər. Lakin təəssüflər olsun ki, ən azı son on ildə Türkiyənin daxili və xarici siyasət prioritetlərinin Bakı küləyi kimi gündə bir neçə dəfə öz istiqamətini dəyişdirdiyinin şahidi oluruq.
Əyanilik üçün həm daxili, həm də xarici siyasətlə bağlı bir neçə nümunə göstərək. Daxili problemlərin birindən, daha dəqiq desək, “kürd açılımından” başlayaq. 2000-ci illərin əvvəllərində Ərdoğan başda olmaqla AKP hakimiyyətə gələn kimi Türkiyədə yalnız “kürd terroru” deyil, həm də bütövlükdə kürd azlığı probleminin mövcudluğunu etiraf etdi. Bu sözsüz ki, pozitiv addım idi. İstənilən ölkədə, hətta inkişaf etmiş ən demokratik dövlətlərdə belə kifayət qədər çoxsaylı hər hansı bir etnik və ya dini azlığın mövcudlyğu özü-özlüyündə çox ciddi problemdir. Demokratik Avropanın özü belə buna parlaq misal ola bilər. Bu problemin həllinin müxtəlif yolları var və heç biri də ideal deyil. Ərdoğan bu yollardan birini, yəni dinc danışıqları seçdi. Bu seçimin nə dərəcədə düzgün olub-olmaması ətrafında mübahisə açmaq fikrim yoxdur. Bu tam başqa yazının mövzusu ola bilər.
Ərdoğan “kürd açılımı” siyasətini iki il öncəyə qədər on ildən artıq bir müddət ərzində ardıcıl olaraq həyata keçirdi. Terroristlərlə, o cümlədən, PKK-nın lideri Abdulla Ocalanla danışıqlar aparıldı. Bir çox terroristlər azadlığa buraxıldı, onlara siyasi sistemə inteqrasiya olunmaq imkanı yaradıldı. Bir sözlə, PKK öz strukturlarının əhəmiyyətli hissəsini dağlardan dinc yaşayış məntəqələrinə, o cümlədən, böyük şəhərlərə köçürdü. Nəticədə, PKK öz mövqelərini möhkəmləndirmiş oldu, ilk dəfə olaraq bir partiya kimi Türkiyə Böyük Millət Məclisində təmsilçilik hüququ qazandı. Amma silah əldən yerə qoyulmadı.
Bir çoxlarının gözləmədiyi halda, keçən ilin ortalarından başlayaraq Ərdoğan “kürd açılimi” siyasətindən imtina etdi, terrora qarşı total müharibəyə başladı, PKK-dan olan millət vəkillərinin toxunulmazlığının ləğvinə yol açan qanun qəbul olundu. Nəticədə Türkiyə əvvəlkindən daha güclü, daha yaxşı təşkilatlanmış PKK ilə üz-üzə qaldı.
Hakimiyyətə gəldikdən sonra AKP “nurçularla” ittifaqda ordunun Türkiyənin siyasi sistemindəki dayaqlarını sarsıtmaq üçün əlindən gələni etdi. Onlarla ordu generalı, hətta keçmiş baş qərargah rəislərindən biri ağır ittihamlarla həbs olundu. Lakin birdən-birə məlum oldu ki, sən demə, dövlət çevrilişinə cəhddə ittiham olunan generalların heç birinin günahı yoxdur. Bütün günahlar , demə, “nurçularda” imiş. Generallar indi azadlıqdadırlar. İndi AKP iqtidarı öz keçmiş müttəfiqləri olan “nurçuları” həbsxanalara göndərir. Nəticədə, Ərdoğan yeni dostlar qazana bilmədi. Atatürkçülər bu gün də AKP iqtidarının ən ardıcıl əleyhdarlarıdırlar. Amma Ərdoğan “nurçuların” simasında köhnə müttəfiqlərini itirdi.
Xarici siyasətdə AKP iqtidarı “qonşularla sıfır problem” şüarını əlində bayraq etmişdi. Bu gün “qonşularla sıfır problem” şüarını Ərdoğanın ən sadiq silahdaşları belə yada salmırlar. Çünki bu siyasətin gerçəkləşdirilməsi nəticəsində Türkiyə nəinki yeni dostlar, tərəfdaşlar qazandı, əksinə, bütün qonşuları ilə münasibətlərini bərbad hala saldı. Türkiyənin ənənəvi müttəfiqi sayilan İsraillə münasibətlər altı illik fasilədən sonra indilərdə normallaşmağa başlayıb. Əvəzində isə bu altı il ərzində İsrailin yerini tutmuş Fələstinin islamçı “Həmas” təşkilatının İstanbuldakı nümayəndəliyi bağlanır.
Bir vaxtlar Rusiya Türkiyənin strateji tərəfdaşı, az qala “dostu və qardaşı” elan edilmişdi. Sonradan məlum oldu ki, du dövlətlərin bir çox regional problemlərin həlli ilə bağlı mövqelərində ciddi, hətta deyərdim ki, antaqonist ziddiyətlər var. Təyyarə olayından sonra isə rəsmi Ankara Rusiyanı PKK-nı silahlandırmaqda, Moskva isa Türkiyəni “İslam dövləti” ilə iş birliyində ittiham etdi. İndi yenə də ab-hava dəyişir. Məlum olur ki, dünənə qədər bir-birini əslində terrorizmi dəstəkləməkdə ittiham edən bu dövlətlərin indi terrorizmlə mübarizə ilə bağlı məsələlərdə mövqeləri tam üst-üstə düşür. Bunu necə başa düşək?! İkisindən biridir. Ya PKK və “İslam dövləti” ilə iş birliyi haqqında bu bir neçə ay ərzində rəsmi şəxslərin dilindən çıxanların hamısı yalandır, ya da ki sadalanan problemlərin Türkiyə-Rusiya qarşılıqlı münasibətlərinə təsiri sıfra bərabərdir. Hər iki variant ağlasığmazdır.
Mən bilərəkdən bir çox qalmaqallı olayları, o cümlədən, iflasa uğramış “erməni açılımını” yada salmadım. Əslində, AKP iqtidarının daxili və xarici siyasətdəki bu qəbildən olan “uğurlarını” sadalasan, gurtarmaz. Düşünürəm ki, deyilənlər kifayətdir. Amma Türkiyənin hazırki xarici siyasətinin daha bir ciddi fəsadı haqqında danışmağa dəyər. Azərbaycan ilə Türkiyə müttəfiq, qardaş dövlətlərdir. Nəticədə, Türkiyə xarici siyasət prioritetlərindəki belə kəskin dönüşlər Azərbaycanın digər dövlətlərlə münasibətlərinə mənfi təsir göstərir, bizi gözlənilməz ciddi xarici təhdidlər və problemlərlə üz-üzə qoyur. Rəsmi Bakı öz istəyindən asılı olmayaraq xarici siyasətinə müəyyən düzəlişlər etmək məcburiyyətində qalır.
Bir sözlə, bu gün Türkiyənin xarici və daxili siyasəti Ariadnanın sap topunu unudaraq labirintə Minotavrı öldürməyə yollanmış Teseyin vurnuxmasına bənzəyir. Bu halda ölüm təhdidi qaçılmazdır…