Muəllif:

Hyperloop

 

2_team“Dəmiryolu kommunist işidir”. Turqut Özalın sözüdür. 1950-lərdən etibarən iqtidardaki sağ partiyalar ənənəvi olaraq sol hərəkatı və kommunistləri quleybanı və əcinnə kimi görürdülər. Özal:“Avtobusa harda istədin minib enə bilərsən, amma qatar elə deyil”, — sözləri ilə tezisini gücləndirmək istəmişdi.  Özal kimi islahatçı və türk iqtisadi sıçrayışının memarının dəmiryollarına “sosialist anaxronizmi” deməsi anlaşılan deyil.

Nəticədə, bu gün Türkiyə Dəmiryolları Avropanın ən az 50 il gerisindədir… 

G20-nin Quançjou zirvəsində Çinin Edirne-Kars yüksək sürətli dəmiryolu inşa edəcəyinə dair ilkin razılaşma əldə edildi. Layihənin büdcəsi 30-40 milyard dollardır. Bu xətt gələcəkdə London-Pekin dəmir yolunun bir parçası olacaq.

Türk qəzetləri xəbəri manşetlərə daşıdılar, bəziləri hətta “Dünya bizi qısqanacaq” belə yazdı…

* * *

İlon Mask (Elon Musk) – mühəndis, ixtiraçı və milyarder, ambisioz və futuristik SpaceX , Tesla Motors şirkətlərinin qurucusu.

1971-ci ildə Cənubi Afrikada, Pretoriyada doğulub. O, Stanford universitetindən sonra kompyuter proqramları yazan Zip 2  və X.com adlı şirkətlər qurur. Bir müddət sonra Zip 2-ni 308 milyon dollara Compaq-a, X.com-u isə 1.5 milyarda Pay Pal-a satır.

ilonİlon Mask astronomik gəlirinin bir hissəsinə “Musk Foundation” adlı bir fond qurub. Hər il 10 milyon dollar bağışladığı bu fond süni intellekt üzrə araşdırmalar aparır. Parasının digər hissəsini isə  kosmik raketlər buraxacaq SpaseX şirkətinə yatırıb. Ayzek Azimov kitabları ilə böyüyən İ.Mask, çocuqluq xəyalını həyata keçirməyə hazırlaşır– Marsa səyahət və Marsda koloniya qurmaq. Bunun üçün maliyyəti müasir daşıyıcı raketlərdən 10 dəfə ucuz olacaq kosmik aparatların istehsalına başlayıb.

Mask ən gec 2025-ə qədər Mars səfərinə start verəcək.

İlon Maskın ən fantastik işlərindən biri Hyperloop (Hyperilgək) layihəsidir. Hyperloop təyyarədən 2 dəfə daha sürətli, vakuumda hərəkət edən qatardır.

hyperloop Maskın bu ağlasığmaz təşəbbüsü həyata keçdiyində 561 km olan San-Fransisko-Los Angeles arası 30 dəqiqəyə (!!!) qət ediləcək. Bakıdan Tiflisə də 560 km-dir. İndi görüm inana bilirsinizmi — yarımca saata Tiflisə…

Maskın dahiliyi məsələyə sadə baxmasındadır – “Hərəkətə müqavimət edən havadır, borudan havanı çıxarınca vakuumda kapsul-qatar 1200 km/saat   sürət yığa bilir”.

loopLayihənin dəyəri 6 milyard dollardır (Müqayisə üçün, Rusiya Soçi Olimpiadasına 50 milyard, “Vostoçnıy” kosmodromuna isə 180 milyard dollar xərcləyib).

3 ay əvvəl Nevada səhrasında Hyperloop-un ilk sınağı keçirildi. Plana görə, vakuumlu borularla 2019-dan yük qatarları, 2021-dən isə sərnişin kapsulları şütüyəcəklər.

Lakin, İlon Mask Hyperloop-un inşaat qismindən ayrılıb. O, bütün gücünü Tesla (avtonom, sürücüsüz avtomobillər) SpaceX (Marsa səyahət və məskunlaşma) layihələrinə verəcək. Hyperloop-un inşasındakı 2 şirkətdən biri Hyperloop One -dır.

Hyperloop One-ın qurucusu Şərvin Pişevar İranda doğulub, Şah rejiminin devrilməsindən sonra ailəsi ABŞ-a köçüb, atası Vaşinqtonda taksi sürücüsü işləyib. Bu da Ş. Pişevarın Uber-in ən böyük sərmayədarı olmasında əsas rol oynayıb.

iranli

Əfsanəvi Berkeley universiteti məzunu olan Pişevar, qurduğu Webs.com servisini 117 milyona sataraq pullarını Tumblr, Warby Parker və Uber kimi uğurlu layihələrə yatırıb.

Hyperloop One Direktorlar Şurasının sədri Pişevar siyasətə də girişir, Hilları Klintonun seçki kampaniyasında Demokrat partiyasının sponsorudur. O, Hyperloop layihəsinin əsasən investisiya tərəfi ilə məşğuldur. Xarizması sayəsində ObamaPutin ilə görüşür, onlardan dəstək alır. Çünki, Hyperloop artıq fantastik olmaqdan çıxıb, layihəyə bir sıra dövlətlər maraq göstərir. İngiltərə Mançester-London, Polşa Qdansk-Varşava, Rusiya isə Peterburq-Moskva kapsul-qatar xəttini düşünür.

Yeni Dünyanın gücü, onun açıq cəmiyyətinin verdiyi imkanlara bundan yaxşı misal varmı – bir iranlı mühacir, taksi sürücüsünün oğlu Amerikada milyarder olur, Obama ilə görüşür, Putinə innovasiyalar brifinqi verir.

Pişevar Putin ilə Peterburq İqtisadi Forumunda görüşüb. “18 investisiya fondunun rəhbəri və prezident Putin. Otaqda 10 trilyon dollar vardı” — Pişevar görüşməni belə təsvir edir. O, Putinə Rusiya üzərindən Çindən Avropaya yeni İpək Yolu sözünü verib.

Rusiya “Dünya nəqliyyat inqilabında” avanqard rol oynamaq istəyir. Caspian Venture Capital və “Summa” qrupun sahibi, əslən avar olan Ziyavuddin Maqomedov Hyperloop-a  110 milyon dollar sərmayə qoyub. Rusiya axır ki, fərqli düşünərək qlobal layihələrə maraq göstərir və bunda Putinin komandasındakı texnokratların rolu böyükdür.

Di gəl ki, rusların plaskart vaqondan səsdənsürətli kapsul vaqona keçməyini, öldürün məni, hələ təsəvvür edəmmirəm…

* * *

Bakı-Sumqayıt elektrik qatarı xətti bərpa olunaraq 2015-in payızında yenidən çalışmağa başlayib. Çox önəmli, yerində bir lojistik həmlə idi və bunu ancaq alqışlamaq lazımdır. Lakin bizim TV kanalları aylarla Bakı-Sumqayıt “elektriçkasını” az qalsın dünyanın ən böyük nəqliyyat yeniliyi kimi qələmə vermişdi. Allahdan türk mediası kimi  bizimkilər  də qalxıb “Elektriçkamıza görə bizi qısqanırlar” yazmadılar.

* * *

Mançesterdən Londona 18, Bakıdan Tiflisə 30 dəqiqəyə səyahət etmək urbanizasiyaya baxışı təməldən dəyişdirəcək, şəhərləri bir-birinə qatıb fərqli bir yaşam modeli yaradacaq. Bir şəhərdə yaşayıb, başqasında çalışmaqdan, Marsa köçüb orada koloniya qurmaqdan, sürücüsüz, avtonom maşınlara minməkdən danışır Mask. Bu keyfiyyətcə yepyeni, artıq utopik olmayan dünyada Bizə yer olacaqmı?  Taqqaturuqlu elektriçkamız bizi hara aparıb çıxaracaq?..

İlon Mask uşaqlıqda çox sayda dini və fəlsəfi ədəbiyyat oxuduğunu deyir və əlavə edir:”Oxuduqlarımdan bunu anladım ki, ən önəmli şey doğru sual verməyi öyrənməkdir”.

Bəs sualı cavablayacaq kimsə yoxdursa, necə? Bax, İlon, görürsənmi, sual verməyi öyrənmişəm, di cavab ver görüm…. 

[email protected]

www.twitter.com/ibrahimnebioglu

www.facebook.com/inebioglu

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (21 оценок, среднее: 9,62 из 10)
Oxunma sayı: 1437