“Hökümət işığı” və üçüncü sənaye inqilabı
“Ayna” üçün yazı mövzularını müzakirə edəndə Arif (Əliyev) dedi ki, o qədər “pis” şeylər haqqında yazmışıq ki, indi yaxşı bir şeydən yazmaq istəyirəm, mövzu tapammıram. O, axtaranadək, deyəsən mən tapmışam. Amma bu mövzunu yaxşı yaza biləcəmmi? Hələ bilmirəm…
****
Gün günortanı keçmişdi. Bir yandan qızmar günəş, bir yandan da güclü xəzri adamı təntidirdi (Abşeronun nəyi olmasa da günəşiylə küləyi boldur). Ona görə də evə girib bütün kondisionerləri qurmuşdum. Belə getsə, ayın axırında bir xeyli işıq pulu ödəyəsi olacam…
****
Danimarka. Kopenhaqen. 2009-cu il. BMT-nin iqlim dəyişikliyi konfransından əvvəl media nümayəndələri üçün təşkil edilmiş beynəlxalq toplantı. 190-dan artıq ölkədən gəlmiş nümayəndə heyətləri. Dünya-aləm ora yığışmışdı. Azərbaycandansa bir tək mən idim…
Danimarka deyəndə ağlıma ilk gələn Hans Kristian Andersenin buz kraliçası, bir də böyük Şekspir və onun möhtəşəm Hamleti olmuşdu. Qlobal istiləşmə, iqlim dəyişikliyi, bunun qarşısının alınması yollarından biri kimi də bərpa olunan enerji mənbələri məsələsi məni çox az maraqlandırırdı. Bütün bunların bizə, yəni Azərbaycana nə dəxli ola bilərdi axı. Zatən, Azərbaycan dünya xəritəsində miqyasına görə kiçicik bir nöqtədir, vəssalam. Ona görə də, düşünürdüm ki, biz atmosferə havanın hərarətinin ildə 3 dərəcə artmasına səbəb ola biləcək qədər CO2, yəni karbon qazı, metan və oksid tullayaraq buna heç cür təsir edə bilmərik. Bir azərbaycanlı kimi çox düz də düşünürdüm, məncə…
Amma çıxışları dinlədikcə, stendlərə və filmlərə baxdıqca, panellərdə mütəxəssis və alimlərin məruzələrinə diqqət yetirdikcə anlamağa başladım ki, Azərbaycan qlobal istiləşməyə nə qədər az təsir etsə də, həmin iqlim dəyişikliyi bizə lap elə qlobal şəkildə təsir edir. Dünya xəritəsində nöqtə boyda olsaq da, dünyanın bir hissəsiyik.
Bir sözlə, karbohidrogenlərlə zəngin ölkənin vətəndaşı kimi bərpa olunan enerjinin nə demək olduğunu anladım, ancaq bunun üçüncü sənaye inqilabına gətirib çıxara biləcəyindən heç xəbərim belə yoxdu…
Danimarkada isə elektrik enerjisinin 14 faizi bərpa olunan enerji mənbələrinin hesabına əldə edilir. Bu dünyada ən yaxşı göstəricidir…
****
Üçüncü sənaye inqilabı hələ baş verməyib, amma onun üçün deyəsən bütün zəminlər yetişib. Hər halda Ceremi (Jeremi) Rifkin buna əmindir. Qəribədir, amma Azərbaycan oxucusu iqtisadçı, filosof, yazıçı, ictimai xadim, Avropa Komissiyası sədrləri Romano Prodi və Joze Manuel Barrozu, Almaniya kansleri Angela Merkel, İspaniya baş naziri Xose Luis Sapateronun məsləhətçisi olmuş, 20 ölkənin 500-dən çox universitetində mühazirə oxumuş, ABŞ-ın “Los Angeles Times”, Britaniyanın “Gardian”, Almaniyanın “Süddeutsche Zeitung”, İtaliyanın “L.Espresso”, İspaniyanın “El Pais” və Fransanın “Le Monde” kimi nəhəng qəzetlərinin hərəsində ayda bir dəfə müəllif yazılarıyla çıxış edən bu amerikalı haqqında nə Google, nə də Wikipediada ana dilində məlumat tapa biləcək… Vay o gündən ki, rus və ya ingilis dilini bilməyəsən. Son məlumatlara görə isə, bu il 36 min abituriyent heç Azərbaycan dili imtahanını da verə bilməyib.
Amma Qazaxıstanda Ceremi Rifkini yaxşı tanıyırlar. Hal-hazırda o, Astanada keçiriləcək “Gələcəyin enerjisi” ixtisaslaşdırılmış beynəlxalq “Expo-2017” sərgisinin elmi-texniki komitəsinə rəhbərlik edir. Bizim kimi postsovet və karbohidrogen resurslarla zəngin və eyni zamanda onlardan asılı olan bir ölkə artıq gələcəyi barədə “gələcəyin enerjisini” düşünərək fikirləşir.
****
Xətrini çox istədiyim və ziyalılığından həzz aldığım bir qohumumuz var. Adını etik baxımdan çəkmirəm, çünki Azərbaycanın ən savadlı və tanınmış energetiklərindəndir. Bu günlərdə onunla bir tədbirdə rastlaşdıq və həmişə olduğu kimi söhbətimiz yenə də maraqlı alındı. Mənə söylədi ki, bağ evində daha “hökümət işığından” istifadə etmir və hətta artıq qalan enerjini qonşusuna da ötürür. Duruxduğumu görüb izah etdi ki, bunun üçün günəş və küləkdən yararlanır. Ən əsası isə, əldə etdiyi enerjini hidro-akkumulyatorda yığıb saxlayır və ehtiyac olduqca işlədir. Əslində, söyləniləndə bir elə təzə şey yoxdu. Demək olar ki, hamı Aralıq dənizi hövzəsi ölkələrində suyun evin damında quraşdırılmış günəş panelləri vasitəsilə qızdırıldığıni bilir. Elə bizdə də Qaradağ rayonu ərazisində günəş panelləri quraşdırılmış xüsusi texnopark var. Biz artıq müasir “yel dəyirmanlarından da” quraşdırmağa başlamışıq. Ancaq qohumumun söylədiyi tam başqa bir şeydi. O, “hökümət işığından” asılılığa ayrıca götürülmüş bir məkanda son qoyub. Bunun nə demək olduğunu anlayırsınızmı?!
İndi isə belə bir sistemin Avropa Birliyinin bütün 27 ölkəsində tətbiqi üzərində iş getdiyini təsəvvürünüzə gətirin. Bu işə, artıq 2007-ci ilin mayında Avropa Komissiyasının qəbul etdiyi xüsusi deklarasiya əsasında başlanılıb. Həmin sənəd Avropa üçün üzünmüddətli iqtisadi inkişaf platforması və “yol xəritəsi” əhəmiyyətini kəsb edir. İndi isə, hörmətli oxucu, sizə bir sirr açacam. Bu sənədin müəllifi və üçüncü sənaye inqilabının qaçılmaz olduğuna əmin olan həmin Ceremi Rifkindir.
Deklarasiya beş əsas dayaq (özül) üzərində qurulub:
1.2020-ci ilədək enerjinin 20%-ni bərpa olunan mənbələr hesabına əldə etmək;
2.Həmin enerjini AB ölkələrində mövcud olan 191 mln. tikilinin hər birinin 40 il ərzində kiçik elektrik stansiyasına çevrilməsi nəticəsində əldə etmək nəzərdə tutulur. Evlərin damı günəş, bina divarlarının səthi külək, zirzəmilər yerin təkinin enerjisini istehsal edəcək. Binalarda yaşayanların həyat fəaliyyəti nəticəsində əmələ gələn məişət tullantılarının emal edilərək onlardan enerji alınması da unudulmayacaq. Bütün bu işlərin həyata keçirilməsi isə milyonlarla iş yeri və minlərlə kiçik və orta müəssisənin yaradılmasına gətirib çıxaracaq;
3.Əldə olunan enerjini itirməmək, yəni toplamaq. Bunun üçün enerjiqoruyucu texnologiyalardan, xüsusən də hidrogen saxlanclarından (akkumulyatorlarından) istifadə ediləcək;
4.İnternet və enerji inqilablarının çulğalaşaraq ağıllı enerji şəbəkəsi yaratması və nəticədə hidrogen saxlanclarda yığılan izafi enerjinin ehtiyac duyulan məkanlara naqilsiz ötürülməsi (internet vasitəsilə ötürülən informasiya kimi);
5.Elektrik avtomobilləri (onlardan birini — “Mini-Cooper” markalısını Kopenhaqendə sürmüşdüm);
C.Rifkin deyir ki, bütün bu texnoloqiyalar ayrı-ayrılıqda artıq mövcuddur. Onları sadəcə bir strukturda birləşdirmək qalıb. Bu isə yeni iqtisadi inqilab deməkdir…
Bu barədə isə növbəti dəfə yazacam.
e-mail: [email protected]