Muəllif:

Havadakı qəzetçilik qoxusu

1_teamBu dəfə biosfer təfəkkürdən yazmayacam… Hələlik… Çünki son üç gün çox sevdiyim bir məmləkət – Türkiyə bir-birinə qarışıb. Adamın ürəyi ağrıyır…

Nə siyası analiz verəcəm, nə də kimin haqlı, kimin haqsız olduğunu araşdıracam. Sadəcə, KİV-in nə demək olduğu barədə fikirlərimi bölüşəcəm.

****

Son 26 ildə bir jurnalist kimi görüşdüyüm adamların siyahısını tutmağa qalxsam, bir romanlıq yazı çıxar. Zatən, həmkarlarımın hərəsi belə bir kitab bağlaya bilər. Prezident, baş nazir, parlament sədri, nazirlər, partiya rəhbərləri, hətta “Hezbullah” rəhbəri Şeyx Nəsrullahla belə görüşlərdə iştirak eləmişəm. Azərbaycandakı İsrail səfiri “Hezbullah” lideri ilə görüşdüyümü eşidəndə diplomatiyanı bir kənara atıb:“Biz onun yerini bilmək üçün çox şeydən keçərdik”, — demişdi…

ABŞ, Almaniya, Avstriya, Böyük Britaniya, Yaponiya, Çin… və təbii ki, Türkiyənin qəzet redaksiyalarında və müxtəlif tele və radio kanallarında olmuş, onların necə işlədiyini görmüşəm. Hətta 1993-də “San Antonio Express”də Qarabağla bağlı bir yazım da çıxmışdı… Yəni, jurnalistikanın nə demək olduğundan xəbərdaram.

****

Təxminən on ilin söhbətidir. Türkiyəyə növbəti səfərlərimizdən birində jurnalist heyətimiz eyni gün, əvvəlcə, “Zaman”ın, sonra da “Hürriyyət”in redaksiyalarında oldu. “Zaman” redaksiyasının möhtəşəm, lakin cansız binasından sonra, “Hürriyyət”ə gələndə özümü evdəki kimi hiss etdim, çünki havadan qəzetçilik qoxusu gəlirdi. Həmin havadan doyunca udub, bizimkilərə dedim ki, “Zaman” təşkilatdı, “Hürriyyət”sə redaksiya…

Hərçənd, o zaman “Zaman”ın Türkiyə üzrə gündəlik tirajı 1 milyondan yuxarıydı. Amma bu 1 milyonun 96% abunə idi… Lap sovet dövründə pionerlər “Пионерская правда”, komsomolçular “Комсомольская правда”, partiya və hökümət üzvləri isə “Правда”ya icbari-könüllü qaydada abunə olduqları kimi…

****

İndi, üç gündür ki, Türkiyə televiziya kanallarına baxıram. Ürəyim ağrıyır… Hamı kimi baş verənlərə görə, bir də jurnalist kimi həmkarlarıma görə… Bu üç gündə xəbərlərdə fikir müxtəlifliyi, rəngarəngliyi nədir, heç çalar da görmədim…

****

Təxminən, 2000-cilərin ortalarında Avstriyanın ən iri üç ümummilli qəzetindən biri olan “Die Presse”də idik. Söhbətimizin şirin yerində ev sahiblərindən biri dedi ki, bəs qəzetimizin səhmlərinin 50%-dən çoxu alman nəhəngi “Süddeutsche Zeitung”a məxsusdur. Bunu eşidib soruşdum ki, yəni nəzarət paketi digər ölkənin nümayəndəsinin əlindədir? “Elədir” cavabını alanda, mən postsovet jurnalıstikasının tipik nümayəndəsi kimi:”Bəs siz Avstriyanın milli təhlükəsizliyi barədə heçmi düşünmürsünüz?” sualını verib özümdən razı halda həmvətənlərimi süzdüm. Yazıq avstriyalı nə demək istədiyimi yalnız üçüncü dəfədən anladı və heyrətlə üzümə baxıb dedi ki, onlar üçün ən önəmlisi jurnalistika prinsipləridir. Onlarsa, Almaniyada da, Avstriyada da eynidir. Ümumiyyətlə, söz və mətbuat azadlığı olan hər yerdə eynidir…

Özümü o yerə qoymamağa çalışsam da, əməllicə pərt olmuşdum.

****

Zənnimcə, hərbi çevrilişin qarşısını bir çox şeylərlə yanaşı, həm də Türkiyə televiziyası aldı, çünki ölkə rəhbərliyi KİV-dən çox məharətlə istifadə etdi. Onun nə gücə malik olduğunu bildiyi və bu gücü özünə tabe etdiyi üçün…

****

Türk həmkarlarımın peşəkarlığını şübhə altına almaqdan çox uzağam. “Texniki” cəhətdən qüsur demək olar ki, yoxdur… Sadəcə, havadakı “qəzetçilik qoxusunu” hələki duya bilmirəm…

Qorxduğum da elə budur — havadaki “qəzetçilik qoxusuna” tamarzı qalmaq…

****

Televizoru söndürdüm…

 

e-mail:[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (5 оценок, среднее: 7,80 из 10)
Oxunma sayı: 569