HARADA QURTARIR VƏTƏN?
Birinci yazı.
Niyə beynəlxalq tədbirlərdə azərbaycanlılar savaşa çıxır, başqaları baxır?
Göyün yeddinci qatında gəmi komandirinin xırıltılı səsi məni yazı-pozumdan ayırır.
— Təyyarəmiz Aərbaycanla Gürcüstanın sərhəddini keçir. 20 dəqiqədən sonra Tbilisi hava limanında yerə enəcəyik.
Komandirin səsi kəsilir. Mikrofon bir az da xırıldayıb susur. İllüminatordan bayıra baxıram.
Güvə yemiş xalçanı xatırladan bulud layının dəlmə-deşiyindən aşağıda əyri-üyrü çay görünür. Kürdü, ya Mtkvari? Bu, təyyarənin indi harada olmağından asılıdır. Artıq Gürcüstan tərəfdəyiksə, Mtkvaridi. Yox, hələ sərhəddi aşmamışıqsa, Kürdü. İki qonşu xalq eyni çayı hərə öz sahilində bir cür adlandırır.
Kür-Mtkvarinin buludlar arasından sayrışan suları bic-bic adama göz vurur: bilirsənmi, Vətən harda qurtarır? Az qala ayağının altında, Qazağın sonuncu sərhəd-gömrük məntəqəsindəmi? Bəlkə yox, bu, yalnız dövlətin sərhəddidir, Vətənin hüdudlarını isə xəritədə qırıq-qırıq xətlərlə işarələmək, məftillərlə, dirəklərlə haşiyələmək mümkün deyil? Onu döyünən, sevən, millətinin və soydaşının təəssübünü çəkən nəhəng bir insan ürəyinin titrək konturları ilə cızmaq olar? Bəlkə, Vətən elə bu ürək dayanan yerdə qurtarır? Ya da sevgini nifrət, təəssübkeşliyi hikkə, millət dərdini şəxsi maraq əvəzləyən anda kiçilib-kiçilib kreslo, cib, bəzən hətta cibdəki bank çeki boyda olur?
Bu çətin sualları cavabsız buraxıb diqqətimi daha sadə məsələ – sabahkı konfransda çıxışımın tezisləri üzərində cəmləməyə çalışıram. Hələ bilmirəm ki, Tiflisdə olduğum üç gün ərzində həmin sualların əyri dimdikləri təpəmi neçə dəfə döyəcləyəcək.
***
ATƏT-in Cənubi Qafqazda media məsələlərinə həsr olunmuş illik konfransının ilk sessiyasında müzakirə mövzusu ifadə azadlığı və jurnalist təhlükəsizliyidir. Gürcülər, ermənilər, ruslar, qərbi avropalılar qulaq asır. Azərbaycan nümayəndə heyəti qızğın mübahisədədir. Əsasən, ölkəni tərk etmiş, yaxud tərk etmək məcburiyyətində qalmış müxalif jurnalistlərlə onların Vətəndə şad-xürrəm yaşayan və işləyən hökumətyönlü həmkarları bir-birlərinə qarşı ağır ittihamlar irəli sürürlər. Aparıcı arada söz ataraq mübahisəni bir az da qızışdırır, amma gərginlik əndazəni aşanda «əyləci» basmağı unutmur, Cənubi Qafqazda Azərbaycandan savayı, daha iki ölkə olduğunu xatırladır, onların nümayəndələrinə də söz demək imkanı yaratmağı xahiş edir.
Beləcə fasiləyə çıxırıq. Mehmanxananın qabağında qəlyanımı tüstülədə-tüstülədə dünən göydə ikən Yerdən qulağıma gələn suallar barədə düşünürəm. Erməni saytının rəhbəri, Kristina adlı qadın yaxınlaşır:
— Mübahisələrin səbəbini başa düşürəm. Amma, deyin, sizinkilər niyə öz aralarında düşmən kimi davranırlar? Əgər bir-birləri ilə belə nifrətlə danışırlarsa, bəs onda Qarabağ Azərbaycanın tərkibində qalsa, oradakı ermənilərlə necə, hansı tərzdə münasibət quracaqlar?
Mən həmin an nə barədə düşündüyümü o qadına demirəm. Başqa cavab verib, başqa misal çəkirəm. Gözlərindən görürəm ki, çox da inanmır. Amma bu, məni o qədər ilgiləndirmir. Çünki bizim ölkələrimizin sərhədləri çoxdan bir-birinin içinə girsə də, Vətənlərimizin kəsişmə nöqtəsi yoxdur.
***
«Harada qurtarır Vətən?» şerinə rast gəlməmişəm, amma şairlər «Haradan başlanır Vətən?» sualını xoşlayırlar və ona müxtəlif cavablar tapırlar: şəhid məzarından, anaların göz yaşından, əlifbanın ilk hərfindən… Şeriyyət bir yana, bu misralarda həmişə, hər yerdə insandan bəhs edilir: şəhid, ana, uşaq… Çünki bir məmləkətdə İnsan yoxdursa, ora Vətən ola bilməz: daş ola bilər, torpaq ola bilər, çay ola bilər, Vətən yox. Deməli, biz parçalandıqca, Vətən də bölünür. Biz problemlərimizdən həmkar dilində yox, iqtidar jurnalisti — müxalifət yazarı dilində danışdıqca, təkcə media kiçilmir, Vətən də balacalaşır; sadəcə, həbsdə olan jurnalistləri necə saymaq üstündə mərəkəmizi izləyən tamaşaçıların gözü qarşısında büzüşür. Problem tək jurnalistikanın problemi deyil, siyasətimiz də belədir, mədəniyyətimiz də, elmimiz də, təhsilimiz də. Elə Gürcüstandan evə qayıdan kimi eşitdim ki, görkəmli alimimiz Qazaxıstana regional konfransda çıxış üçün dəvət alıbmış. Səfirliklərimizdən biri təşkilatçılara etiraz məktubu göndərib ki, o, bizə layiq adam deyil, adını iştirakçıların siyahısından çıxarın. Ha çalışdım, müasir dövrdə ermənilərin, gürcülərin də həyatından belə bir fakt xatırlayım. Yadıma başqa şey düşdü. Bu yaz universitetlərimizdən birinin tələbələri məni öz klublarına görüşə dəvət etmişdilər. Görüşə bir gün qalmış klubun rəhbəri, tələbə qız ağlaya-ağlaya zəng eləyib üzr istədi ki, rektorluq qonağın kim olacağını bilən kimi tədbirə qadağa qoyub, deyib ki, o, lazımi qədər vətənpərvərlik göstərmir, artıq şeylər danışacaq. Görün, vəziyyət nə yerdədir ki, mən nə o universitetin, nə də qızın adını yaza bilirəm, çünki hələ oxumalıdır.
Biz burada olmasa da, nə zamansa xaricdə görüşəcəyik və bir-birimizə eyni hörmətsizliyi, eyni düşmənçiliyi, eyni həqarəti nümayiş etdirəcəyik. Başqaları da baxacaq, qızışdıracaq, acıyacaq, ya da sevinəcək. Sonra isə geri dönüb birimiz o birimizi Vətənin adına xələl gətirməkdə suçlayacağıq. Ağlımıza da gəlməyəcək ki, getdiyimiz yerdə artıq «Vətən» adlı bir şey olmayıb. Onun hüdudu kabinetimizin, universitetimizin, siyasi partiyamızın kandarından heç kənara da çıxmayıb.
Çətin sualların sadə cavabları da olur. Fikir ayrılığı – parçalanma deyil, inkişafın, tərəqqinin bünövrəsidir. Amma fərqli fikrə düşmən münasibət, başqa düşüncə sahibinə qarşı nifrət, hikkə, ayrı-seçkilik elə dərin çatlardır ki, onların şaxələri nəinki Tiflisə, on min kilometr uzaqlarda diaspora təşkilatlarımıza qədər gedib çıxır. Çünki Vətənlə dövlətin, dövlətlə hökumətin arasındakı fərqləri heç cür qavraya bilmirik.
***
Altı ay idi Gürcüstanda olmamışdım. Nədənsə, mənə elə gəldi ki, gürcülərin Vətəni dirçəlib, böyüyüb. Mtkvarinin də sinəsi qabarıb, suyu artıb elə bil.
e-mail: [email protected]