Muəllif:

Günəş kitablar

qazi

Dünən şəhər kitabxanasına getmişdim. Baltik dənizindən küləyin gətirdiyi qara-qura buludların bozartdığı yağışlı havada getməyə kitabxanadan yaxşı yer gəlmirdi ağlıma, həm də çoxdandı dəymirdim. Çöldə çətirin suyun çırpıb, guya kitabları isladacaqmış kimi ustufca girdim kitabxanaya. İsti, işıqlı bir yer.

Bizim dildə dörd kitab var burda, dördü də mənim yazdıqlarımdı. Eləsi var, iki-üç ildi rəfdədi, qatı da açılmayıb. İyirmi-otuz il keçə bir səhifəsini də çevirən olmaz yəqin. Elə-belə, bizdən də kitab olsun deyə, vermişəm kitabxanaya. ”Yad ölkənin kitabxanasında kimdi azərbaycanca kitab soraqlayan!”, – deyərsiniz. Bəlkə də haqlısınız, amma dediyim odu ki, Yalamadan Astarayacan sərhədi olan bu balaca dilimizin heç bapbalaca sayda oxuyanı da yoxdu. Kitab oxumaqdan danışıram, muğam, meyxana oxuyanımız kalandı.

kitab-3

Elə həmin rəfin altındaca türkcə kitablar olan hücrədi. Qırx-əlli kitab olar, içində Əziz Nesinin “Gözünüz Aydın Efendim”, Əlif Şəfəqin ” Ustam ve Ben” kitabları da var. Əvvəl gördüyüm kitablardı, yenilənməyib.

Sonra rusca kitablar olan bölməyə keçirəm. Beş yüzəcən kitab olar, bizimkilərdən tək Çingiz Abdullayevin ”Apoligiya zdravoqo smısla” kitabıdı, hər görəndə göz gəzdirib, əl sürtürəm, özümüzünküdü, doğma gəlir.

Rus bölməsinin kitabları tez-tez dəyişir, yenilənir. İndi də çoxdanın tanışı Aleksandr Podrabinekin ”Dissidentı” qarışıq xeyli təzə kitab gəlib, ”əllər”də olanlar qayıdıb, oxuyub rəfə qoyduğumun çoxu gözümə dəymir – ”əllər”ə gedib.

Bu balaca İsveç şəhərində maraqlı rusdilli icma var, bir kəlmə ondan da deyim. Çoxu isveçliyə ərə gələn, sovet zamanını xoş xatırlayan, babat təhsil görmüş xanımlardı. Bir neçəsiylə hərdən kofe içir, ədəbiyyatdan, sovetlərdən danışır, kitab dəyiş-düyüş edirik. «Литературный Азербайджан» jurnalında çıxan yazılarımı oxuyandan sonra mənə münasibətləri xeyli dəyişib. Elə bilirlər, kitabdan, ədəbiyyatdan başım çıxır.  Açığı, nəşrinə hazırlaşdığım rusca ”Ozonovıe lyudi” adlı kitabı çap etməyi onlar ağlıma salıb, məni elə onlar həvəsləndirib. Redaktoru da Elçin Şıxlınski olacaq, söz verib. Sağlıq olsun!

kitab-1

Nə demək istəyirəm? Dediyim odu ki, kitab oxuyun! Yayda çöl-bayır, dağ-dəniz baş qatırsa, payızda, qışda oxuyun. Yalan sözdü – kitab dövrü keçməyib! Heç bir texnologiya onu əvəz edə bilməyəcək. Kitab gün işığı kimidi. Günəş çölü-bayırı işıqladan, isidən təki kitablar da adamın düşüncəsini aydınladır, ruhuna can verir, qəlbinə işıq tutur, onu qara xəyallardan qoruyur. Elə bunu deyirdim bayaqdan!

…İki saatımı kitablarla keçirdim – yağışlı boz bir günü kitablarla nurlandırdım. Baxıb vərəqlədiklərimdən Vladimir Nabokovun “əl”dən təzə qayıdan “Druqie bereqa” kitabını götürüb eşiyə çıxdım. Daha hava boz gəlmirdi mənə, demə görmədim, elə bil günəş çıxmışdı.

 

Karlskrona, İsveç

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 6,00 из 10)
Oxunma sayı: 284