Muəllif:

Dərzi və prezident

4_team

«Ölkə əhalisinin 70 faizinin çəkisi normadan artıqdır, artıq çəki isə insanın ömrünü qısaldır. Həm də arıq adam kök adamdan ağıllı olur. Beyin kütləsinin hər qramına nə qədər az ət yükü düşsə, başımız bir o qədər iti işləyər».

Bunu «doxtur» dostum deyir. Hərçənd, dostum baş yox, diş həkimidir, amma çox inandırıcı danışır.

Xalaoğlu ilə bəhsə-bəhs mən də idmana qurşandım və tər tökə-tökə gənclik normamı bərpa etdim. Düzdür, əqli baxımdan bir fərq duyumuram, amma özümü yaxşı hiss edirəm, ayağa qalxanda hıqqanmıram. Bircə pis odur ki, kostyumların içində üzürəm, şalvarın belini kəmərlə büzməyə məcbur oluram.

Təzə kostyum almağa xəsislik elədim («birdən yenə kökəldim?!»), köhnəsini və şalvarlardan birini qoltuğuma vurub «doxtur»un nişan verdiyi dərzinin evinə getdim.

 

Bəstəboy, çəlimsiz, çalsaç qoca dərzi elə ilk sözündən hər adamla işləyən usta olmadığını dedi. Amma həkimin adını eşidəndən sonra ağzında qalmış beş-altı dişinin də nə zamansa ağrıyacağı haqda düşünüb, məni geri qaytarmadı.

İki dəfə onun yanına gedəsi oldum. Hər gəlişimdə ustam məni geyindirib 5-10 dəqiqə qarşısında o tərəf – bu tərəfə fırladır, ölçü götürür, üstümü təbaşirlə cızırdı. O, eyni sətirləri təkrarlaya-təkrarlaya zümzümə edirdi («Когда наскучит кавалерам, учиться у портных манерам, тогда-то будет Альбион до основания потрясен»), mənsə dərzinin «peşə himni»nə qulaq asa-asa gah qollarımı qaldırır, gah dizimi, gah dirsəyimi qatlayırdım. Sonra isə qədimi masanın arxasında cənnət alması mürəbbəsindən çay içə-içə söhbət edirdik. Dərzi paltar biçdiyi məşhur yazıçılardan, bəstəkarlardan və aktyorlardan danışırdı. Hər əhvalatın sonunda əlini yuxarı qaldırıb: «Hanı o köhnə kişilər? Hə? Sizdən soruşuram?» deyə sual edirdi. Amma «köhnə kişilər»in hara qeyb olduqlarını izah etməyə macal tapa bilmirdim. Qoca dərhal növbəti xatirəsinə keçirdi.

 

Sonuncu – üçüncü dəfə usta zəng edib işin hazır olduğunu dedi. Axşam durub getdim. Dərzi qapını paltoda açdı.

— Bağışlayın, — üzrxahlıq etdim, — deyəsən, harasa hazırlaşırdınız.

— Mənim hazırlaşmalı bircə yerim qalıb, ora da tələsmirəm. Yaşamağa qoysalar! Günortadan işıq sönmüşdü. Qaz da ölə-ölə gəlir. Səhərdən çaydan qaynamayıb. Sizin o prezidentiniz isə deyir ki, insanlar özləri günahkardırlar, istilənəndə, qazın xodunu almaq əvəzinə pəncərəni açırlar. Bilmirsən, güləsən, ya ağlayasan.

— O mənim prezidentim deyil, neft şirkətinin prezidentidir, — gözlənilməz hücumdan çaş-baş halda mızıldandım.

— Olsun. Sizin neft şirkətinizin özü dövlət boyda bir şeydir. Başa düşmürəm, haradan tapıb çıxarırsınız bu rövnəqləri, hacıbalaları. Adam başınıza qəhətdir? İş bacarıqları cəhənnəm, heç olmasa danışıq qabiliyyətləri olsun.

— Kənardan bizə baxsalar, elə biləcəklər, mən qaz idarəsindən pul yığmağa gəlmişəm, siz də qapıda məni danlayırsınız.

Sözlərim qocaya təsir etdi.

— Üzrlü sayın. Soyuqdan damarlarım da gizildəyir. Canın ağrıyanda hirsini üstünə tökməyə adam axtarırsan. Keçin, geyinin, baxım.

Dərzi məni kostyumda görəndə qırışığı açıldı, soyuq yaddan çıxdı. Əvvəl başıma dolandı, sonra  geri çəkilib, «Когда наскучит кaвалерам…» oxuya-oxuya məhəbbət və heyranlıqla aralıdan üst-başımı nəzərdən keçirdi.

— Hə, necədir?

— Mahnı, yoxsa kostyum?

— Nə mahnı? Bu, cavan oğlan, Şekspirin əsərindəndir! Kral Lir! – qoca paltosunun yaxasını açıb qalib görkəm aldı. – Kostyumdan danışıram.

— Əladır, əllərinizə sağlıq, – dedim. Buna baxmayaraq, onun haqsız ittihamlarından da çox, «ədəbi cəbhədə» məğlubiyyətimin əvəzini çıxmaq istədim. – Amma yaman uzun çəkdi.

Usta görkəmini də dəyişmədi:

— Məşhur aktyor Adolf Menju Nyu-Yorkun ən yaxşı dərzisinə şalvar sifariş edir. Dalınca çox gedib gəlir, nəhayət, hazır paltarı götürəndə irad bildirir:”Allaha bu dünyanı xəlq etmək üçün cəmi bir həftə vaxt lazım olmuşdu, sizsə otuz günə bir şalvar tikdiniz”. Dərzi cavab verir:”Onda siz bu dünyaya da baxın, mənim tikdiyim şalvara da!”. Bağışlayın ki, bu dəfə çay verə bilməyəcəyəm. Nöyüt prezidentiniz verər.

 

 

e-mail:[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 9,75 из 10)
Oxunma sayı: 771