Beynimdən axmaq bir fikir keçdi
“Mən başıma şlyapa qoymuram ki, onu heç kimin qarşısında çıxarmayım»
Qabriel Qarsia Markes
İstidən küknar qozaları çatırtıyla partlayır…
***
Amerikalı üzgüçü Maykl Felps 23 qat Olimpiya çempionu oldu… Və bu hələ son deyil…
***
Türkiyə futbol tarixində bəlkə də ən parlaq ulduz olmuş Hakan Şükür terrorçu elan olundu və hökümət onun bütün varidatına əl qoydu…
***
Türkiyədə ər arvadını Ərdoğanı bəyənmədiyinə görə polisə təslim etdi…
***
“WhatsAp” yaradıcısı Yan Kum, “Google” yaradıcısı Sergey Brin və “Paypal” yaradıcısı Maks Levçin SSRİ-də doğulmuş və sonradan ABŞ-a mühacirət etmiş yəhudilərdir. Hamısı da indi dünyaca məşhur insanlardır. Görəsən SSRİ-də qalsalar, aqibətləri necə olacaqdı?..
***
İran və Rusiya prezidentləri Bakıya rəsmi səfərə gələrək Azərbaycan prezidentiylə üçtərəfli formatda görüş keçirdilər…
***
Türkiyə prezidenti R.T.Ərdoğan Rusiyanın “şimal paytaxtı”na gedərək rus həmkarına “qardaşım Putin” dedi və “Türk axını”na təkan verdi. Ruslar Türkiyədə yarımçıq qalmış AES layihəsini də diriltmək fikrindədirlər. Hərçənd, bütün inkişaf etmış ölkələrdə atom energetikasının perspektivlərinə şübhə ilə yanaşırlar…
Qərb ölkələri isə üçüncü sənaye inqilabına yaxınlaşır. Elektrik və hidrogen yanacaq elementləriylə işləyən avtomobillərin istehsalı və istismarı genişlənməkdədir. Avropa Birliyi 2050-ci ilədək atmosferə avtomobil tullantılarının 95%, CO2-ninsə 80%-ə qədər azaldılmasını hədəfləyib. Yaxın plana görə isə, 2020-ci ilədək Avropadakı nəqliyyat vasitələrinin 25% hidrogen yanacaq elementləriylə işləyəcək. Üstəgəl elektrik avtomobilləri. Deyəsən, ikinci sənaye inqilabına mühərriklik etmiş daxili yanma mühərrikinin sonu yaxinlaşır…
Yaponiya və dünya avtomobil sənayesinin nəhənglərindən biri olan “Toyota” şirkəti “Mirai” markalı hidrogen yanacaq elementləriylə çalışan avtomobilinin satışına başlayıb. İstəyənlər onu Bakıya da gətizdirə bilərlər, amma sıraya durmaq lazım gələcək, çünki onların hamısı artıq satılıb — avtomobilin mühərrikinin köməkliyi ilə bir bak hidrogenlə orta yapon evini işıqla düz 5 gün təmin etmək olar. Özü də mühərrik çalışdıqca ətraf mühitə zərərli tullantı deyil, şeh düşəcək. Bir də ki, qiyməti 60000 ABŞ dolları olan maşının 17000 dollarını Yaponiya höküməti dotasiya kimi ödəyir ki, əhali yaşıl texnologiyalara üstünlük versin…
Rusiyada 2003-cü ildə hidrogen energetikası sahəsində əməkdaşlıq haqqında Rusiya Elmlər Akademiyası və Mixail Proxorova məxsus “Norilskiy Nikel” şirkəti arasında müqavilə imzalansa və bu layihəyə on milyonlarla vəsait xərclənsə də, 2008-ci ildə maliyyələşdirmə dayandırıldı… Rusiya üçüncü sənaye inqilabı haqqında düşünmür, Kremlın fikri başqa yerlərdə və özgə torpaqlarındadır…
***
— Qardaş, xeyirli olsun. Bir de görək bunun motoru neçədi?
— Bunun motoru yoxdu…
— Ə, məni dolamısan? Motorsuz da maşın olar?
— İnanmırsan, gəl bax.
— Bıy, doğrudan da yoxdu. Bəs mən bunun “rastamoşkasını” indi necə edim?..
Nə qədər doğru olduğunu deyə bilməsəm də, eşitdiyimə görə, Bakıya ilk “Tesla” gətiriləndə gömrükdə təxminən belə bir söhbət olub.
Dünyada elektrik avtomobilləri arasında ən irəlidə gedəni ABŞ “Tesla”sıdır. Daxili yanma mühərrikinin əvəzinə idman çantası böyüklüyündə elektrik mühərriki var. Mühərrik arxa oturacaqlar səviyyəsində avtomobilin altında yerləşir. Mühərrik yeri yük yeri kimi işlədilir. Sürət qutusu da yoxdur. Bir dəfəyə 560-600 km məsafə qət edir, 100 km sürəti 5-6 saniyəyə yığır, 450 at gücünə malikdir. Onun elektrik mühərrikini canlandıran “Panasonik” batareyalarını isə evdəki 220 voltluq şəbəkəyə qoşmaqla 12 saata tam doldurmaq olur. Bahadır (100.000 ABŞ dollarından ucuz deyil) və istismarı üçün heç də hər yerdə şərait yoxdur, amma artıq Bakı küçələrində də şütüyənləri var. Çünki gələcək onlar kimilərindir.
Rusiya, Türkiyə, İranınsa nə özünün “Tesla”sı var, nə də “Toyota-Mirai”si.
***
Həftəsonu şəhərin basırığından baş götürüb Xaçmaz tərəfə gedəndə gözümə günəş batareyalarının tutduğu geniş ərazi dəydi. Çox sevindim ki, biz də bərpa olunan enerjiyə meyllənirik, amma bir qədər də irəlilədikdən sonra xeyli, təxminən 20-ə qədər yel dəyirmanı gördüm – heç biri çalışmırdı, sanki məğrur Don Kixotun həmlələrinə duruş gətirməmişdilər. Servantesin Don Kixotu yel dəyirmanını məğlub edə bilməmişdi, bizimkilərsə Don Kixotsuz-filan bivec məmurlarımıza yenilmişlər. Düşünürəm ki, elə günəş batareyaları da eyni aqibəti yaşayır…
Şotlandiya isə enerjiyə olan tələbatının 90 faizini bərpa olunan mənbələr hesabına ödəyir…
***
Putin Bakıdan getməyə macal tapmamış indi də Rusiyanın müdafiə naziri Sergey Şoyqu gəlib.
***
Qaş qaralandan xeyli sonra həyətə çıxdım. Qulağıma yarpaqların xışıltısı dəydi – əsən xəfif külək günün istisini onların üstündən üfürürdü. Havanı ciyərlərimə çəkib dərindən nəfəs aldim və başımı qaldırıb göyə baxdım – buludlar ayın üzünü tutmaqdaydı. Nədənsə bu istidə üşürgələndim. Beynimdən axmaq bir fikir keçdi…
e-mail:[email protected]