Muəllif:

ANS «siyasət bazarı»na çıxarılıb

4_teamMedia elə bir ev heyvanıdır ki, onun cəmdəyi də çox baha qiymətə gedir.

Azərbaycan kanallarının «ölüvaylığından»,  tam nəzarətə alındığından (qanun, tənzimləmə mexanizmi, senzura, pul və nəhayət, «lom» hesabına) az yazılmayıb. Belə təsəvvür etmək olardı ki, ora, nəinki, «darbeçi», heç müxalifətin fağır nümayəndəsi də yol tapa bilməz. Amma budur, ölkənin qabaqda gedən media qurumlarından birinin – ANS şirkətinin fəaliyyəti «dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə, terrorizmə açıq çağırışları müdafiə etməyə» və ya «bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaratmağa» görə dayandırılır. (Dırnaqdakılar MTRŞ-nın açıqlanmasından götürülüb).

Söhbət bir neçə gün əvvəl Türkiyədə müvəffəqiyyətsizliyə uğramış, əksər təşkilatçıları və iştirakçıları artıq zərərsizləşdirilmiş hərbi çevriliş cəhdindən gedir.

ANS illər boyunca «suyu üfürə-üfürə» içməyi öyrənmiş və bəlkə, buna görə hələlik «ağzını yandırmamış» bir kanaldır. Əgər onun birdən-birə üsyana qalxmaq, itaətdən çıxmaq qərarına gəldiyini təsəvvürümüzə gətirsək belə, razılaşmalıyıq ki, intihar fikrinə düşməyən kanal, əlbəttə, bunu çevrilişə cəhd günü edərdi, daha iş-işdən keçəndən, əsas «dərbəçilər» meyitxanalara və həbsxanalara göndəriləndən sonra yox. Lakin ANS-i intihar cəhdində deyil, məhz çevrilişə dəstək verməkdə – «sönmüş odun közü ilə oynamaqda» suçlayırlar!!!

Bu, adi məntiqdir. Təəssüf ki, Ərdoğanın başqa məntiqi var. Mən narahatam ki, onun qisasçılıq, nəyin bahasına olursa-olsun keçmiş silahdaşı Gülənin yaxasını ələ keçirmək cəhdi Türkiyənin dərbə qarşısında birləşərək fədakarlıq göstərmiş xalqının potensialını başqa istiqamətə yönəltsin. Türkiyə prezidenti nə tez unutdu ki, onu, xalqdan da qabaq, media xilas etdi? Dəfələrlə üstünə yeridiyi media? Xalqa müraciət etmək üçün heç bir başqa vasitəsi olmadığı anda adi telefonla bağlantı yaratdığı media? Kəsmək istədiyi «tvitter-mvitter», «feysbuk-meysbuk»?

Azərbaycanda bu məntiqi bilməmiş deyillər. Görünür, bizimkilər qardaş-qonşu dövlətin başçısının tələbinə belə reaksiya verməklə beyinlərində hansısa başqa hesablama əməliyyatı aparır, düstur qururlar. Amma bu əməliyyatlarda yaddan çıxmış bir-iki «rəqəm» bütün düsturu «alt-üst» edə bilər. Həmin rəqəmlər nədir? Əvvəla, peşə prinsiplərinə görə, ANS terrorçuya şərait yaratmır, hadisələri bütün təfərrüatları ilə işıqlandırmağa, ünvanına ağır ittihamlar səsləndirilən tərəfin rəyini öyrənməyə çalışır. (Çoxları jurnalistikada belə bir prinsipin olduğunu unutsa da, görünür, ANS-in “peşə yaddaşı” hələ pozulmayıb). Mən, sadəcə, «ünvanına ittihamlar səsləndirilən tərəf» yazıram, çünki, bildiyimə görə, Azərbaycanda nə Güləni rəsmən terrorçu kimi tanıyıblar, nə də onun dəstəsini terror təşkilatı kimi qeydə alıblar. İkincisi, Azərbaycan Respublikası prokurorluğu qabaqcadan nə bilirdi ki, Gülən həmin müsahibədə nə deyəcək və ANS onun sözlərini necə şərh edəcək? Prokurorluğun bu «öncəgörməsi»ndə terrorizmə qarşı mübarizədən çox, qabaqcadan tətbiq edilən siyasi senzura elementləri gözə dəyir. Və, nəhayət, üçüncüsü. Niyə Ərdoğan, Gülənin Türkiyədəki son hadisələr barədə müsahibəsini yayan «Qardian»ın bağlanmasını İngiltərə qarşısında şərt qoymur? «Çevrilişin qurama iş olduğu» ehtimalını söyləyən bu şəxsin bəyanatını efirə verdiyi üçün REN TV-ni cəzalandırmağı Putindən tələb etmir? «Siyasət bazarı»nda alğı-satqı predmetinə çevrilmək elə bizim mediamızın vücuduna yaraşır?

Türkiyə xalqı öz dəyərlərini qoruduğu kimi, Azərbaycan xalqı da dəyərlərini, heç olmasa, qiymətli «cəmdəklərini» qorumağı bacarmalıdır!

 

e-mail:[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (8 оценок, среднее: 7,25 из 10)
Oxunma sayı: 1186