Muəllif:

PORTUQALİYA…

1_team

Yox-yox, futbolun başlığa, ya da başlığın futbola heç bir aidiyyatı yoxdur. Hərçənd, indi hamı Portuqaliyanın futbol üzrə Avropa çempionu olmasından danışır. Portuqaliyalılarsa, zənnimcə, bu ilin mayında daha önəmli bir nailiyyət qazanıblar — düz bir həftə ərzində ölkə əhalisinin müvafiq ehtiyacları bərpa olunan enerji hesabına təmin edilib. Çox demirəm, bircə dəqiqəlik bunun nə demək olduğu barədə düşünün… Kim bilir, bəlkə belə olmasaydı, futbolda çempionluq da olmaya bilərdi.

Almaniyada isə ayrı-ayrı günlərdə enerji balansında bərpa olunan enerjinin payı 85 faiz təşkil etdiyindən elektrik enerjisi bazarında qiymətlər ucuzlaşmış, artıq qalan həcmlərsə satışa çıxarılmışdır.

****

Ceremi Rifkin üçüncü sənaye inqilabı ilə yanaşı diqqəti bəşəri təfəkkürün keçdiyi mərhələlərə də cəlb edir. Onun fikrincə, bəşəriyyət mifoloji təfəkkürdən dini, ideoloji təfəkkürə kimi irəliləmişdir. Növbəti mərhələ isə biosfer təfəkkürdür.

İnsanlar inkişafın ilkin mərhələlərində gerçəkliyə qeyri-tənqidi yanaşmanın təzahürü olan mifik təfəkkür daşıyıcısı olmuş və hər şeyin izahının olduğuna inanaraq bütün baş verənləri fövqəlqüvvə və varlıqların öhdəsinə buraxmışlar. Düşünmüşlər ki, nə baş verirsə, onların nəzarəti altında baş verir. Ona görə də “yuxarıların” işinə qarışmamışlar.

Növbəti mərhələlərdə isə dini və ideoloji təfəkkür insana hakim kəsilərək müstəqil düşüncəni rədd edir və onu asılı vəziyyətə salır…

Və nəhayət, biosfer (noosfer)  təfəkkür. Yerin “simasını” təşkil edən biosferin mövcudluğunu düşünən təfəkkür. Bu təfəkkürə görə, insan biosferi (noosferi) ağılla idarə edir və nəticədə bəşəriyyətlə təbiətin qarşılıqlı təması yaranır.

****

2015-ci ildən etibarən dünya energetika sistemində yeni fundamental meyllər özünü biruzə verməyə başlayıb. Son 20 ildə dünyadakı elektrik stansiyalarının işlətdiyi əsas yanacaq növü olan daş kömürdən imtina o qədər güclənib ki, ABŞ daş kömür nəhəngi Peabody və digərləri iflasa uğrayıb.

Bundan başqa, bərpa olunan enerji mənbələrinə sərmayə yatırımı ənənəvi enerjiyə yatırılandan iki dəfə çox olmaqla 300 milyard dolları aşıb. Dünyada ötən il ərzində 60GVt yel (külək), 50GVt günəş və 35GVt gücündə yeni hidro elektrik stansiyasıları istifadəyə verilib.

Enerjinin toplanıb saxlanması texnologiyaları güclü inkişafdadır. Məsələn, “Tesla” şirkəti (bu şirkətin elektriklə çalışan avtomobillərindən hələ yazacam) damlardakı günəş panellərinin yığdığı enerjini toplayıb saxlayan və axşam düşəndə istifadə etməyə imkan verən 2500 məişət (ev) komplekti satıb.

Şimali Avropa ölkələrinin əsas problemi soyuq iqlimdir. Buna görə də, istilik təchizatının elektrifikasiyası texnologiyaları inkişaf etdirilir. Bu, ənənəvi yanacaq növlərindən imtinaya imkan yaradacaq. Məsələn, Finlandiyada gələn il ilk geotermal istilik stansiyası işə düşməlidir.

Bütün bunlar ətraf mühiti qorumaq, iqlim dəyişikliyinin yaratdığı problemləri önləmək üçündür.

****

Şərqdən fərqli olaraq Qərbdə artıq biosfer düşüncənin cücərtiləri görünməkdədir.

****

Mifoloji, dini və ideoloji düşüncə tərzini biosfer düşüncə tərzi ilə əvəzləməliyik…

Ən azı ona görə ki, neftin qiyməti bir daha fantastik səviyyəyə qalxmayacaq, çünki bunun hər dəfə dünya səviyyəsində iqtisadı böhrana gətirib çıxaracağını Qərbdə artıq anlayıblar.

****

Vallah məndə günah yoxdur. Yazımı bitirmişdim ki, işığın 1 kvt.-nın qiymətinin 0,07 manat olması barədə xəbər yayıldı. Altı (6) idi yeddi (7) oldu. Nədir ki, bircə (1) qəpik. Amma faiz etibarilə haradasa 15 % deməkdir. Yəni, enerji ilə bağlı istehsalda 15% bahalanma olacaq. Hərçənd neft bahalaşmayib… Elə hey ucuzlaşır. Heç bir iqtisadi məntiqə sığmır…

Mən də  sizə biosfer təfəkkürdən dəm vururam…

****

Amma mən yenə də yazacam…

Biosfer təfəkkürdən…

 

e-mail: [email protected]

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 7,75 из 10)
Oxunma sayı: 460