Muəllif:

Zibili kürümək istəyənlər

O gün «Elmlər Akademiyası»ndan çıxanda metronun girişində qələbəliklə üzləşdim: dirsək-dirsəyə tutuşmuş polislər bu qələbəliyin arasında «dalğa» kimi ləngər vurur, əli telefonlu polis məmurları hər yana diqqət edir, polis maşınları hazır dayanıb, kameralı-mikrofonlu jurnalistlər ora-bura qaçışır, toparlanaraq effektli bir etiraz sərgiləmək istəyən, lakin bunu bacarmayanlar vurnuxurlar. Ötüb-keçənlər üçün maraqlı bir tamaşa idi deyəsən. Polisin etirazçıların toparlanma cəhdlərinin qarşısını alma taktikası kənardan baxanda özlüyündə seyrçiləri addımlarını yavaşıtmağa məcbur edirdi. Bəlli məsələ idi — metro keçidlərindən sökülməli olan ticarət nöqtələrinin sahibləri Metropoliten idarəsinin qarşısına toplaşaraq anonsu verilmiş bu qərarın ləğvini istəyirlər. Bu, onların artıq neçənci aksiya cəhdidir. Rəhbərliyi yenicə dəyişmiş olan Metropoliten isə sözünü bir dəfə deyib: ayın sonunadək sizdən yer haqqı alınmayacaq, ayın sonundan isə sizinlə mövcud müqavilənin müddəti uzadılmayacaq. Metro stansiyalarında ticarət olmayacaq — sərnişinlərin rahatlığı təmin edilməlidir, antisanitariyadan xilas olmalıyıq, vəssəlam. İşinizə baxın…
Nə söyləmək olar — hüquqi yanaşmadır. Etiraz edənləri də anlamaq gərəkdir — kimlərəsə bir ətək pul verib yer alıblar (belə iddialar səslənir), alverlə güzəranlarını təmin edirlər. İndi birdən onlara «buradan çıxmalısınız» deyiləndə, etiraf edək ki, indiki işsizlik zəmanəsində ağır situasiyadır sadə adam üçün. Parlamentdə deputat Fazil Mustafanın dediyi kimi, «Azərbaycanda istənilən sahibkar heç bir nöqtəni də pulsuz əldə etmir. Qeyri-qanuni yollarla oranı əldə edir və maliyyə sərf edir. Günün birində onların əlindən hər şey alınır və həyatı məhv edilir. Çünki onun əlində heç bir hüquqi sənəd yoxdur. Hamının obyekti var. Amma heç kim mülkiyyət sahibi deyil. Belə obyektlərə təkcə metroda yox, digər ticarət mərkəzlərində də rast gəlinir».
Bu, belədir, fəqət Metropoliteni də anlamaq gərəkdir, yer onundur, öz siyasəti, öz hesabı, qarşısına qoyulan vəzifəsi var və ən başlıcası — Metropoliten ticarətlə məşğul olan qurum deyil, özəl qurum da deyil, büdcə təşkilatıdır, işi — sərnişinləri adam balası kimi mənzil başına çatdırmaqdır. Yolçunun metroya yolu və çıxışı açıq olmalıdır. Özəlliklə indiki təhlükələrlə, təhdidlərlə, bədbəxt hadisələrlə dolu zəmanədə.
Bəzi media orqanları hökuməti qaralayır, ticarətçiləri haqlı sayır. Amma sual verən yoxdur ki, Metropoliten niyə birdən belə bir radikal addıma getdi? Bu, onun öz avtonom qərarıdır, yoxsa hökumət bunu vacib bildi? Öz müşahidələrimə görə mən bunun cavabını pis bilmirəm.
Neçə illərdir az qala hər gün metrodan — «ən tez» sayılan bu nəqliyyatdan, əslində isə «əzablı yollardan» istifadə etməli oluram. «Marşrutumdakı» avtomobil yollarının çoxu təmirə bağlandığından, şəhərin bu başından o başına indiki anda bu nəqliyyatdan əlverişlisi yoxdur və mən də yüz minlərlə vətəndaşım kimi hər dəfə metrodakı — şəhərin mədəni səviyyəsinin bu barometrindəki xoşagəlməzliyin, primitivliyin, natəmizliyin, sayğısızlığın içərisindən keçib gedir, bu səviyyəni ölkəmə, vətəndaşıma, başkəndə yaraşdırmıram. Lakin nə edəsən ki, olanımız budur.
İndisə… Elə bir zaman gəlib yetişib ki, burada və ümumən şəhər nəqliyyatında sivil qayda yaradılması, necə deyərlər, günün tələbidir. Bu, son dərəcə vacib məsələdir və işi ləngitmək olmaz. Əgər bu şəhər uluslararası iri tədbirlərə — istər idman olsun, istər ictimai-siyasi, — ev sahibliyi etmək iddiasına düşürsə, bu şəhərdə hər şey — ictimai nəqliyyat da, xidmətin mədəni səviyyəsi də Avropa standartlarına cavab verməlidir. Əcnəbi getdiyi ölkədə yerli xalqa bu standartlar rakursundan qiymət verir və — haqlıdır.
Təsəvvür edək ki, avropalı qonaq metroya minir — nə görəcək? Uşaq dilənçiliyi, adamın tükünü biz-biz edən yanıqlı səsi ilə vaqondan-vaqona təpilən, öz aralarında anlaşılmaz dildə danışan «professional» dilənçilər. Dini kitab satanların vaqonun bir başında dayanıb söylədikləri «monoloq»: ayətül-kürsü, namaz qılmaq qaydaları, müsəlmanın vəzifələri, şəriət hökmləri, təharət, qüsl… Metro keçidlərindən yarıb keçmək olmur. Keçidlərdə iki sırada uzanıb-gedən bitişik ticarət köşklərinin arasından keçib getmək xüsusi məharət tələb edir. Qəzetdən başqa hər şey satılır. Bu keçidlər bütün fənalıqları ilə «tolkuçkaların» filialına çevrilib. Satıcıların gur səsləri ilə bir-birlərini haraylamaları, arvadların boğuşması, söyüşlər, bu ensiz keçidləri bürümüş siqaret dumanı. (Hər məhəllədə bir ticarət mərkəzinin olduğu bir zəmanədə şəhər insanına bu «metro ticarəti» deyilən təzahür çoxmu gərəkdir — özlüyündə mat qalmalı məsələdir).
Ordan keçən heç kəs deməsin ki, hansısa bir xəstəliyə yoluxmaq riskindən azadam. Bu keçidlərin, onların çıxışlarının necə bir antisanitariya mənbəyi olduğunu bilməkdən ötrü son qatarlardan birinə minməyi təklif edərdim. «Neftçilər»də bu sürrealist mənzərələri görüb dəhşətə gəlmişəm: gün ərzində yığılmış zibil qalaqları, keçidi süpürənlərin qaldırdığı məşum toz-duman… «Neftçilər»in, «Qarayev»in, «Xalqlar dostluğu»nun keçidində milyon xəstəliyin uçuşduğu bu toz-dumandan keçib gedərkən gərək heç olmasa dəsmalla ağzını örtəsən. Təbii ki, əgər özünə yazığın gəlirsə.
İndi bu situasiyanı köklü bir surətdə dəyişmək cəhdi sərgilənir. Hələlik üç stansiya — «28 May», «20 Yanvar» və «Koroğlu» stansiyaları zibildən kürünəcək. Fəqət bütün stansiyaları kürümək gərəkdir. Özü də ağına-bozuna baxmadan.
Avropanın böyük şəhərlərində görmüşük metro keçidlərində qəzet köşkü olar, yolçu bir qəzet və ya bir kitab alar ki, yola sərf edəcəyi 20-30 dəqiqəsini «öldürsün», ödəniş avtomatları olar və s. Daha arvad tumanları, nə bilim nə satılmaz. Bu məşğuliyyətin yeri ayrıdır.
Hə, indi neçə illərin tənqidlərindən və bunu qulaqardına vurmalardan sonra metronu boğanaqdan təmizləmək istəyirlər. Bu, tutalım, bir neçə yüz ticarətçinin ziyanına olacaqsa da, hər gün metrodan istifadə edən yüz minlərin rahatlığı üçündür. Belədirsə, bu niyyətə «mız» qoymaqda kim nə qədər haqlıdır?
Keçidlərdəki bu sıxlığı görəndə fikirləşirsən ki, Allah göstərməsin, içəridə bir hay-küy düşsə, qaçaqaçda, basabasda nə qədər adam həyatını itirə bilər…
Başınızı ağrıtmayım, hamımız bilirik, görürük və razılaşırıq ki, bu metro «bespredeli» bu şəhərin, bu ölkənin daha bir zibilidir. Və onu kürümək istəyənə «işin avand olsun» demək vacibatdır. Orada «yerini» itirənlər və onların «dərdinə yanan» dostlarımız isə narahat olmasın — şəhər ticarət mərkəzləri ilə doldurulub, kim istəsə birində özünə yer tapa bilər. Yer problem deyil — problem ticarətin əlifbasını öyrənmək və onu mədəni standartlara uyğun, adam balası kimi, səviyyə ilə və münasib yerdə aparmaq qabiliyyətidir. Daha metro pilləkəninin üstündə, gediş-gəliş keçidini tutmaqla, hərəkətə əngəllər yaratmaqla, zibilləməklə deyil…
[email protected]  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 227