«Zamanın rəngləri»
İstanbul
Mallarme kitabı sənətin və ümumən dünyanın çələngi, apofeozu sayırdı — «Bütün dünya əvvəl-axır tək bir kitaba sığmaq üçündür». Simvolizmin ən nəhəng nümayəndələrindən olan bu fransız şair «səhifələrin vəhdəti» ilə «dünyadakı hər şeyin bir-birilə əlaqəsini» ifadə edən bir Kitab yazmağa başlamışdı. Bu işin imkansız olduğunu anlamış və belə bir Kitabın yazılmasını Maqnum Opusun — fəlsəfə daşının yaradılması ilə müqayisə etmişdi. Stefan Mallarmeyə qədər və ondan sonra yazılmış kitablar indən belə yazılacaqlarla bərabər, o böyük Kitabı yaratma cəhdidir bəlkə. Məhz elə buna görə də yazılmış bütün kitablar — elmi, ədəbi, dərslik və s. hamısı ayrı-ayrılıqda bir hadisə, möcüzə, sərvətdirlər. Qulu Məhərrəmlinin bu günlərdə çapdan çıxmış yeni kitabı kimi…
«Zamanın rəngləri» bizim auditoriya üçün bir qədər alışılmış kitab deyil, burada Qulu Məhərrəmlinin dar bir zaman dilimində (1994-1999) yazılmış məqalələri toplanıb. Bu illər hadisələrin dinamizmi, bizim əhatəmizdə baş verən siyasi çalxantıların başdöndürücü sürəti ilə seçilir. «Məqalələr toplusu» formatındakı kitab yazarın konkret hadisələrə, dövrə, siyasi-iqtisadi proseslərə özəl yanaşması və analizidir ki, bu da olayların cərəyan etdiyi coğrafiyanın nəbzini tutmaq, olub-bitənləri doğru analiz etmək baxımından çox mühümdür…
Ötən əsrin son 10 ili Azərbaycan tarixi üçün ağır sınaqlar dövrü oldu. Qarabağ uğrunda başlayan etiraz dalğasının geniş xalq hərəkatına çevrilməsi, 20 yanvar, müstəqillik mücadiləsi, istiqlaliyyətimizin bərpası. Qulu ilə o fırtınalı illərdə tanış olmuşdum. AzTV-nin ilk jurnalist aparıcılarından biri olan Q.Məhərrəmli efirdə müstəqil söz deməyin çox çətin olduğu bir vaxtda maraqlı şərhləri, erudisiyası və qeyri-adi siyasi analitikası ilə qısa bir zaman içində televiziya məkanının ən parlaq simasına çevrildi. Dövlət televiziyasının ən populyar proqramlarından olan «7 Gün»ün aparıcı və şərhçisi, 10 ildən çox rəhbərlik etdiyi «Səhər» proqramının rəhbəri kimi Qulu müəllim böyük uğurlar qazanıb.
Onu AzTV-nin koridorlarında tək görmək olmurdu, ətrafı hər zaman qələbəlik olurdu. Başına toplananların əksəriyyəti gənclər idi — gənc rejissorlar, gənc redaktorlar və jurnalistika fakültəsinin cavanca tələbələri. Onlara sürəkli nəsə öyrədirdi — xəbəri tapmağı, xəbər hazırlamağı, redaktə etməyi və ən əsası, jurnalistikanı, televiziyanı sevməyi öyrədirdi. Zənnimcə, onun bu keyfiyyətindəndir ki, bu gün 30-a yaxın kitab müəllifi olan Qulu Məhərrrəmli BDU-nun jurnalistika fakültəsinin ən parlaq və ən xarizmatik professorlarından biridir.
90-cı illərin əvvəllərində ortaq dostlarımızdan biri qəzetlərdən birinə köşə yazmasını təklif edəndə kimsə Qulunun buna da vaxt tapa biləcəyinə inanmamışdı. Bir də baxdıq ki, o, «Zaman» qəzetində «Prizma» rubrikası altında mütəmadi yazmağa başladı. Bütün bunlar azmış kimi «Yeni Dünya» qəzetindəki Qafqazda gedən siyasi proseslər haqqında «professor S.Sultanlı» imzası ilə yazan da elə Qulu Məhərrəmlinin özü idi, sadəcə, bunu o vaxt çox az adam bilirdi.
Qulu publisistika, köşə yazarlığı ilə var gücü ilə məşğul olmağa başlayanda artıq televiziya jurnalistikasında fəth eləmədiyi sahə, zirvə qalmamışdı. «Publisistika jurnalistikanın zirvəsidir» deyimini yada salsaq, «Zamanın rəngləri» kitabını oxuduğunuzda onun bu zirvəni də fəth etdiyini görəcəksiniz. Bu kitabdakı hadisələrin cərəyan etdiyi ölkələr — Rusiya, Çeçenistan, İran, Ermənistan, Özbəkistan aradan 20 il keçsə də, hələ də arzuladıqları siyasi-iqtisadi sabitliyə qovuşmuş deyillər. Elə buna görə müəllifin «Çarpışan zaman», «Qarışan zaman», «Barışan zaman» rubrikaları altında topladığı məqalələrdə 90-cı illərdə baş verən hadisələrə baxışı bu günü anlamaq baxımından da çox faydalıdır.
S.Mallarme kimi Q.Məhərrəmli də yeni kitabına dünyanı sığdıra bilməyib, əslində heç belə bir iddiası da yox idi. Lakin Avrasiyada baş verən mühüm geo-siyasi hadisələri, bu fırtınalı coğrafiyanın bütün sancılı proseslərini, təlatümlərini və ümidlərini kitabına sığdırdığına inanıram.
Professor Qulu Məhərrəmli kitab yazma tamarzısı deyil, zatən müxtəlif səpkili saysız-hesabsız kitabların müəllifidir. Bəlkə də biz dostlarının israrı olmasaydı, o, bu təşəbbüsündən vaz keçib, bu kitabı çapa hazırlamayacaqdı. Böyük X.L. Borxes cənnəti kitabxana olaraq xəyal edirdi. Əziz dostumun kitabına ön söz yazdığım və bu kitabın da nə zamansa o kitabxananın bir küncündə yer alacağı üçün çox mutluyam…
[email protected]