Muəllif:

Zabitlərə mənzil veriləcəkmi?

Zabitlərin mənzil problemlərinin həlli qanunvericilikdə də öz əksini tapıb. Hərbçilər ya ailəvi yataqxana ilə, ya xidməti mənzillə, ya da açıq şəhərdə mənzillə təmin olunmalıdır. Hazırda orduda xidmət edən və ehtiyata buraxılmış yüzlərlə evsiz hərbi qulluqçu ailəsi böyük ümidlə mənzil gözləyir. Lakin bu addımlarla məsələnin tam həllinə nail olmaq hələlik mümkün deyil. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» qanunun 12-ci maddəsinin 1-ci bəndinin tələblərinə müvafiq olaraq zabit, gizir və miçmanlara mənzil kirayəsi üçün verilən pul kompensasiyaları ödənilir. Amma onun miqdarı bazar qiymətlərinə uyğun deyil. Hazırda Bakı şəhərində bu məbləğ cəmi 47 AZN və hər bir ailə üzvünə bunun 50 faizi təşkil edir. Kənd rayonlarında isə bunun yarısını təşkil edir. Göründüyü kimi, məcburiyyət qarısında kirayədə yaşayan zabit ailəsi, kirayə pulunun böyük hissəsini hələ də ailə büdcəsindən ödəməli olur.
«Hərbi qulluqçuların statusu haqqında» qanunun 12-ci maddəsinin 5-ci bəndinin tələblərinə müvafiq olaraq fərdi yaşayış evi tikən hərbçilərə əvəzsiz maliyyə yardımı göstərilməsi müvafiq icra strukturları tərəfindən təmin edilmir.
Bu ilin dövlət büdcəsində müdafiə xərcləri 1 milyard 637 milyon 362 min manat nəzərdə tutulur. Bu, 2013-cü ildə büdcənin müdafiə xərcləri bölməsində nəzərdə tutulan vəsaitdən 7,1% çoxdur. Ümumilikdə, 2014-cü ildə müdafiə xərcləri dövlət büdcəsi xərclərinin 14.7%-ni təşkil edəcək. Ümumi hərbi xərclərə gəldikdə, bu il üçün bu xərclər təxminən 4 milyard dollara yaxınlaşacaq. Buraya hərbi yönümlü hüquq-mühafizə orqanlarının təminatı, müdafiə sənayesi obyektlərinin inkişafı ilə bağlı planlar daxildir. Ümumilikdə, 2014-cü ilin müdafiə və ümumilikdə hərbi xərcləri Azərbaycanın müstəqillik dövründə ən yüksək göstəricilərini özündə əks etdirəcək. KİV-dən və digər mənbələrdən götürülən bilgilərə görə, bu ilin büdcəsindən artan müdafiə xəclərinin cəmi 5 (beş) milyonu Ordunun mənzil təminatına yönəldiləcək. Bu rəqəmin nə dərəcədə kiçik olduğunu isbat etmək üçün mətbuatda yayılmış belə bir rəqəmi diqətinizə çatdırım: Səfər Əbiyevin orduya rəhbərlik etdiyi illər ərzində hər il 400-500 nəfərə zabit rütbəsi verilərək orduya göndərilib. 20 il ərzində 10 min zabitə rütbə verən dövlət, mənzil probleminə önəm verməyib. Siyasi hakimiyyət qarşısında ordunun mənzil problemi cox ciddi problem olaraq qaldırılmayıb. Ölkə başçısı tərəfindən bu yöndə atılan addımlardan Səfər Əbiyev sui-istifadə etmiş və vəzifə səlahiyyətlərini aşaraq qanunsuzluqlara yol verib minlərlə zabitin mənzil təminatı hüququnu pozmuşdur. Onun dövründə MN sistemində zabitlərin mənzil probleminin həlli ilə bağlı əsaslı iş görülməyib. İndiyə qədər bir neşə bina tikilib. Lakin bu problemin həlli sayıla bilməz.
Hərbi qulluqçuların mənzillə təmin olunması Müdafiə Nazirinin problemi deyil. Əslində, bu problemə Vətəndaş və Dövlət müstəvisində baxılmalıdır.
Siyasi hakimiyyət ordunun mənzil probleminə çox ciddi yanaşmalıdır. Təqvimlə 15 il zabit kimi xidmət etmiş və mənzil hüququ əldə etmiş hərbçilərə mənzil sertifikatı paylanması praktikasına üstünlük verilməlidir. Bu, korrupsiya və digər xoşagəlməz halların qarşısını almaq üçün ən optimal variantdır. Bununla da mənzil problemi öz həllini vətəndaş və dövlət müstəvisində tapardı.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 443