“Yunus Əmrə — Eşqin səsi” türk filminin qala-gecəsi keçirilib
Nizami Kino Mərkəzində “Yunus Əmrə — Eşqin səsi” türk filminin qala-gecəsi keçirilib. Bu APA-nın məlumatına görə, filmin çəkilişi Yunus Əmrənin məmləkəti olan Əskişəhərin 2013-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı — “Qalıcı Əsərlər” layihəsi çərçivəsində reallaşıb.
Türkiyənin Azərbaycan səfiri İsmayıl Alper Coşkun, xalq yazıçısı Anar, millət vəkilləri Qənirə Paşayeva, Fazil Mustafa və başqa ictimai xadimlər, mədəniyyət adamları qala-gecədə iştirak ediblər. Səfir İsmayıl Alper Coşkun bildirib ki, son illərdə Türkiyənin uğurlu inkişafından kino sahəsinə də pay düşüb: «Son illərdə türk rejissorları bir sıra uğurlu filmlərə imza atıblar. İnanıram bu, gələcəkdə də davam edəcək. Ümid edirəm, Yunus Əmrə haqqında çəkilən film azərbaycanlı tamaşaçıların ürəyincə olacaq».
“Yunus Əmrə — Eşqin səsi”nin rejissoru Kürşat Kızbaz filmin yaradıcılıq prosesi haqqında danışıb. Rejissorun sözlərinə görə, yeni filmdə Yunus Əmrənin ilahi eşq fəlsəfəsindən bəhs etməyə çalışıb: «Bakıya gələndə çox həyəcanlı idim ki, görəsən necə qarşılanacağıq. Hər kəsdən xahiş edirəm ki, filmi bəyənsəniz, başqa dostlarınıza da tövsiyə edin. Biz Bakıya sevərək və ümidlə gəldik».
Filmdə Yunus Əmrə obrazını Devrim Evin canlandırıb. Filmdə Burak Sergen, Altan Erkekli, Altan Gördüm, Ahmet Mekin iştirak ediblər.