Yoşka Fişer: Qərb xeyli müddətdir Putin Rusiyası ilə bağlı ilyuziyaya qapılır
Yoşka Fişer həyəcan təbili çalır: «Avropa vahid siyasi güc kimi Putinə müqavimət göstərməlidir. Gözümüzün önündə Şərqi Avropa, Qafqaz və Orta Asiyada postsovet dövlət quruluşları dağılmaqdadır”. Bu barədə Almaniyanın sabiq xarici işlər naziri Yoşka Fişerin “Sueddeutsche Zeitung” qəzetində yer alan məqaləsində deyilir.
Almaniyalı siyastəçi hesab edir ki, Qərb xeyli müddətdir Putin Rusiyası ilə bağlı ilyuziyaya qapıldığından indi bu ilyuziyalar Krımda partlayır. “Sovet İttifaqının ərazilərini toplamaq Putinin çoxdankı strategiyası olub. Bu strategiyanın mərkəzində Ukrayna dururdu və indi də durur. Ukraynasız Rusiya prezidenti məqsədinə çata bilməyəcək. Məhz buna görə də Putinin növbəti hədəfi Ukraynanın şərqi vilayətləri olacaq. Bu isə Ukraynada sabitliyin uzun müddətə pozulmasına səbəb olacaq. Gözümüzün önündə Şərqi Avropa, Qafqaz və Orta Asiyada postsovet dövlət quruluşları dağılmaqdadır”, — deyə o vurğulayıb.
Fişer qeyd edib ki, Avropa qitəsində sabitliyi yalnız güclü və vahid Avropanın səyləri ilə qoruyub saxlamaq mümkün olacaq.