Muəllif:

Yollarım, yollarım

Ötən əsrin 70-80-ci illərində çox baxılan «Mozalan» adında satirik bir kinojurnal var idi. Onun nömrələrinin birində kənd yollarımızın vəziyyətinə sataşılırdı. Süjet təxminən belə idi. Bir nəfər kişi tanınmış xalq mahnılarından birinin sözlərini dəyişib «Ucarım, Ucarım» deyə zümzümə edərək ulağın üstündə yol gedir. Arxadan gələn və o dövrün ən dəbdə olan maşınlarından sayılan «03»-ün sürücüsü ona çatanda maşını saxlayır və pəncərədən başını çıxarıb gülə-gülə deyir: «Ay rəhmətliyin nəvəsi, XX əsrdir ee..! Sən bu ulaqla hara kimi gedəcəksən?» Sonra da elə gülə-gülə də sürüb gedir. Amma, sən demə, bir az qabaqda yollar elə vəziyyətdə imiş ki, yazıq maşın ha çapalayır, çıxa bilmir. Bu dəfə ulaqda oturan kişi gəlib ona çatır və deyir: «Hə, gördün ki, bizim yollara elə ulaq yaxşıdır? Mənim də maşınım var idi, satdım, bunu aldım». Sonra da ulağını çubuqlayıb öz «Ucarım» mahnısını zümzümə edərək uzaqlaşır.
Həə… Onda XX əsr idi. Azərbaycan müstəqil deyildi. Və yalnız kənd yolları «Mozalanın» nəştərinə tuş gəlirdi.
Bu yaxında məni İsmayıllı rayonuna xeyir işə dəvət eləmişdilər (bütün subaylar üçün olsun). El arasında «aşağı yol» adlanan yolla Kürdəmirə kimi gəlib, «dördyol» deyilən yerdən döndüm Ağsu istiqamətinə. Fikrim də o idi ki, Ağsu aşırımının gözəl təbiətindən ləzzət ala-ala dağların arası ilə çıxım İsmayıllıya. Amma yaxşı deyiblər, sən saydığını say, gör fələk nə sayır. Əvvəla, onu deyim ki, Kürdəmir dördyolundan Ağsu yoluna çıxana qədər olan məsafə, rayonun mərkəzi yolu olmaqla, 3-4 kilometrdir. Yəni ki, qabaqlar bu yolu ən pis halda 5 dəqiqəyə qət edərdik. Yolun hansı vəziyyətdə olmasını təsəvvür etməniz üçün deyim ki, həmin yolu təxminən 30 dəqiqəyə keçə bildim. (Bildiyimə görə, ulaq bir saata 10 km məsafə qət edir. Deməli, ulaq bu yolu məndən tez keçərdi. «Mozalan» yadıma düşdü. Hm… «Kürdəmirim, Kürdəmirim»). Rayonun çıxacağında bir həkim dostuma rast gəldim. Saxlayıb hal-əhval tutdum və sözarası soruşdum ki, bu yol niyə belə biabırçı gündədir? Çox maraqlı bir cavab verdi. Dedi ki, biabırçılıq o deyil, biabırçılıq odur ki, rayon mərkəzi xəstəxanası da bu yolun üzərində yerləşir və biz həkimlər gecə-gündüz Allaha yalvarırıq ki, rayonun o başında kimsə infarkt olmasın. Çünki yazıq xəstəxanaya çatdırılana qədər silkələnməkdən elə yolda keçinəcək. Hələ sancısı tutub doğuşa gətirilənləri demirəm. Gülə-gülə sağollaşıb, ayrıldıq.
Amma sən demə əsl «kef» hələ qabaqda imiş. Kürdəmirdən Ağsuya qədər olan məsafə cəmi 25 kilometrdir. XX əsrdə bu yola maksimum yarım saat vaxt sərf edərdik. İndi saatyarım! (Sizcə, bir az zalımlıq edib ulağı bərk qovsaq, həmin yolu nə qədər vaxta gedərik?) Ləzzət almaq istədiyim Ağsu aşırımından heç danışmaq istəmirəm. (Hm… «Ağsum, Ağsum».) Xülasə, İsmayıllıya çatana qədər anadan əmdiyim süd burnumdan gəldiyi bir yana, toya gecikdiyim üçün dostlarımdan bir xeyli məzəmmət də aldım. Yolun işgəncəsini toy bir az unutdursa da, qayıtmaq gözümə durmuşdu. Özlüyümdə bu qərara gəldim ki, bir az uzaq da düşsə, qayıdanda İsmayıllı-Qaraməryəm-Müsüslü yolu ilə «aşağı yola» çıxaram, oradan da Kürdəmirə nə qalır ki? Elə də elədim. Amma artıq yolu yarı eləyəndə, bu qərara gəldiyim ana lənət oxuyurdum. «Tülkü itdən murdar imiş». Çırtma vursan, qanım çıxmazdı. Yolun bərbadlığı bir yana, şüşələrə yapışan palçığı şüşətəmizləyən də çatdırıb silə bilmirdi. Ölüm-zülüm özümü birtəhər çatdırdım rayona ki, gecəni bir az dincəlib, tezdən qaçım şəhərə. Səhər durub maşınımı görəndə tanımadım. Yazıq maşının rəngi bilinmirdi. Sanki duruşu da dəyişmişdi. Elə bil deyirdi ki, mən sənə neyləmişdim? Hirsimdən ev yiyəsinin təklif elədiyi çayı da gözləmədən, düzəldim yola. Bakıya çatanda Binəqədidə yaşadığım üçün şəhərin tıxaclarında əsəbiləşməmək xatirinə Biləcəri-Binəqədi yolunu seçdim. Kaş tıxaclarda ilişib qalaydım. Müsüslü yolu toya getməli imiş.
Adamı yandıran odur ki, verilən rəsmi məlumatlara görə, son 5 ildə ölkənin yol və yol infrastrukturuna 8 milyard manata yaxın pul ayrılıb. Köhnə bir məsəl yadıma düşdü. Kişi yarım kilo ət alıb göndərir evə ki, arvad dolma bişirsin. Arvad dolmanı bişirir, amma nəfsi güc gəldiyindən kişinin gəlməsini gözləməyib, hamısını yeyir. Kişi gəlib soruşanda ki, dolma hanı, arvad deyir ki, əti pişik yedi. Kişi də pişiyi tutub qoyur tərəziyə. Tərs kimi pişiyin də çəkisi olur yarım kilo. Kişi üzünü tutur arvada ki, bu pişikdisə, ət hanı? Yox, əgər ətdirsə, onda pişik hanı? İndi, ay qardaş, bu 8 milyard xərclənibsə, yol hanı? Yol yoxdusa, pul hanı? Axı hamı bilir ki, dünya standartları ilə bu qədər pula nə «uzunluqda» yol çəkmək olar? Cidanı çuvalda gizlətmək olmaz axı!
Yenə «Mozalan»ın ulağı və ulaqçının mahnısı yadıma düşdü. Amma sizi inandırıram ki, o ulaqçı XX əsrdə yalnız bəzi kənd yollarına «mahnı» oxuyurdusa, indi, XXI əsrdə, «Yollarım, yollarım»,- deyə mərsiyə deyərdi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 280