Yol-nəqliyyat qəzasında bir ailənin 3 fərdi öldü
Hadisə bu gün saat 10.30 radələrində Ələt-Astara magistralının 181-ci kilometrliyində — rayonun Qumbaşı kəndi hissəsində qeydə alınıb. Şəki rayon sakini Fuad Həsənovun idarə etdiyi VAZ-2103 markalı, 02 BA 768 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq, qarşı tərəfdən gələn, Səxavət adlı sürücünün idarə etdiyi Volvo markalı, 99 JE 292 dövlət nömrə nişanlı ağır tonnajlı yük maşınının yoluna çıxaraq onun altına girib.
Nəticədə VAZ-2103-ün sürücüsü və avtomobildə olan sərnişinləri — həyat yoldaşı ilə qızı Məhəbbət Həsənova hadisə yerində ölüblər. Hər üç şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
İlkin versiya kimi hadisəyə VAZ-2103ı avtomobili sürücüsünün sükan arxasında yuxulayaraq Volvonun yoluna çıxmasının səbəb olduğu bildirilir. Qəzaya uğramış ailə Lənkəranda hərbi qulluq keçən övladlarının yanına gəlirmiş…