Muəllif:

Yeseninşünaslardan yeseninşünaslığa misilsiz töhfə

Artıq 15 ilə yaxın bir müddətdir ki, Moskvada M.Qorki adına Dünya Ədə­biyyatı İnstitutunda «Летопись жизни и творчества С.А. Есенина» adlı böyük bir layihə (5 cild 7 kitabda)  üzərində iş gedir. Bu günlərdə layihənin son cildi olan 5-ci cildin 1-ci kitabı (beşinci cild 2 kitabdan ibarət nəzərdə tutulub) çapdan çıxıb.

Adı çəkilən layihənin masştabını hiss etmək üçün oxuculara layihənin bu günə qədər işıq üzü görmüş cildləri haqqında qısaca məlumat vermək yerinə düşər.

Yesenin irsinin araşdırılmasında fövqəladə rolu olmuş Y.L.Pro­kuşevin redaktorluğu və 12 nəfərdən ibarət redaksiya heyətinin yorulmaz əməyi nəticəsində 2003-cü ildə işıq üzü görmüş  1-ci cild 1895-ci ildən 1916-cı ilə qədər olan bir dövrü əhatə edir. Yeseninin uşaqlıq dövrü, yaradıcılığının ilkin dövrləri, əsasən, şairin doğmalarının, onu yaxından tanıyan dostlarının xatirələri əsasında formalaşmış, bununla yanaşı arxiv materiallarından geniş istifadə edilmişdir. Bu cilddə Yeseninin Petroqrad səfərləri haqqında ətraflı məlumatlar verilmiş, onun dövrün tanınmış ədəbi simaları — Blok, Klyuyev, Qorodetski ilə tanışlıqları ilə bağlı materiallar yer almış, Yeseninin həmin dövrün ədəbi-bədii həyatında iştirakı tam təfsilatı ilə təsvir edilmişdir.

2005-ci ildə A.N.Zaxarovun redaktorluğu ilə çapdan çıxan 2-ci cild ölkənin həyatında baş verən hadisələr baxımından qarmaqarışıq bir dövrü — 1917-1920-ci illəri əhatə edir. 1917-ci ildə dalbadal 2 inqilabın baş verməsi və digər ictimai-siyasi hadisələr nəticəsində həmin dövrdə mətbuatda dərc olunan materialların, o cümlədən Yeseninlə bağlı materialların əldə edilməsində ciddi çətinliklərə baxmayaraq, yaradıcı heyət o illərin və həmin dövrdə şairin həyat və yaradıcılığının tam mənzərəsini yaratmağa müvəffəq olmuşdur.

1921-1923-cü illər Yeseninin həyat və yaradıcılığında mühüm yer tutur. Bu illərdə o, xarici ölkələrə səfər edir, özünün yazdığı kimi, İspaniyadan başqa bütün Avropanı, Amerikanı dolaşır, bir neçə iri həcmli əsərlərini yazır, digər əsərlər üzərində işləyir, onun şəxsi həyatında da xeyli ciddi dəyişikliklər baş verir. Bütün bunların təfsilatı ilə verilməsi zərurətindən 3-cü cild 2 kitabdan ibarət dərc olunur. 1921-ci ildən 1922-ci il may ayının 10-na qədər olan dövrü əhatə edən1-ci kitab 2005-ci ildə, 10 may 1922-ci ildən 2 avqust 1923-cü ilə qədər olan dövrü əhatə edən 2-ci kitab isə 2008-ci ildə işıq üzü görür. Hər iki kitab A.N.Zaxarovun redaktorluğu ilə nəşr olunur.

4-cü cild 3 avqust 1923-cü ildən 1924-cü ilin sonuna qədər olan dövrü əhatə edir. Bu cild əvvəlki cildlərin tərtibində fəal iştirak etmiş, bütün cildlərin redaksiya heyətinin üzvü olmuş N.İ. Şubnikova-Qusevanın redaktorluğu ilə nəşr edilmişdir. Bu cilddə uyğun dövrdə Yeseninin həyat və yaradıcılığında baş verən mühüm hadisələr bütün təfsilatı ilə izlənilirr, bu dövrün kifayət qədər geniş öyrənilməsinə baxmayaraq kitabda bir sıra yeni materiallar öz əksini tapır. Bütün bunlarla yanaşı 4-cü cilddə Yeseninin Qafqaz, o cümlədən 1924-cü ilin payızında Bakı səfərləri haqqında da maraqlı materiallar öz əksini tapmışdır.

Bu günlərdə, çoxdan gözlənilən 5-ci cildin 1-ci kitabı işıq üzü gördü. N.İ. Şubnikova-Qusevanın redaktorluğu ilə nəşr olunan bu kitab 1925-ci ilin lap başlanğıcından dekabr ayının 23-nə qədər olan bir dövrü əhatə edir. Həcm baxımından əvvəlki kitablardan xeyli geniş olan bu kitabda Yeseninin həyat və yaradıcılığının son ilini əhatə edən bütün materiallar çox dəqiqliklə və xronoloji ardıcıllıqla verilmiş, üstəlik, “əlavələr” hissəsində müxtəlif mənbələrdən – dövlət və çoxsaylı şəxsi arxivlərdən, muzeylərdən əldə edilən maraqlı şəkillər, avtoqraflar, nadir materiallarla dolu qəzet və jurnal kəsikləri, şairin həyat və yaradıcılığı ilə bağlı digər müxtəlif sənədlər yer almışdır. Zəngin materiallarla dolu “əlavələr”, faktik olaraq,  ondan əvvəl verilmiş məlumatlar silsiləsini canlı şəkildə tamamlayır, kitabın bir elmi mənbə kimi dəyərini göstərməklə yanaşı, onun sanki bir bədii əsər kimi oxunmasını təmin edir. Ümumiyyətlə, deyilən bu fikri çapdan çıxmış bütün cildlərə aid etmək olar.

Bu kitab Azərbaycan yeseninsevərləri üçün xüsusilə gözlənilən idi. Bu dövr ərzində Yesenin 2 dəfə Bakıda olmuş (30 mart — 25 may; 28 iyul — 3 sentyabr), onun iştirakı ilə çoxsaylı tədbirlər, görüşlər, poeziya gecələri keçirilmiş, Bakı mətbuatında onun şeirləri dərc olunmuş, yaradıcılığı ilə bağlı materiallar verilmişdir. Yesenin Bakıda tanınmış Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu ilə görüşmüş, onu “Şərq musiqisinin peyğəmbəri” adlandırmışdır. Bu, boyük bir şairin yalnız böyük bir xanəndəyə deyil, ümumilikdə xalqımızın böyük musiqi mədəniyyətinə verdiyi böyük bir qiymət idi. Adı çəkilən kitabda bu məsələlər haqqında, ümumilikdə Yesenin yaradıcılığında xüsusi yer tutan, öz məhsuldarlığı ilə seçilən, şairin özünün doğmalıqla “Mən Bakı və bakılılar olmadan uzun müddət yaşaya bilmirəm” deyərək səciyyələndirdiyi “Bakı dövrü” haqqında çox vacib, maraqlı məlumatlar, sənədlər də yer almış, şairin Bakı həyatı və Bakı yaradıcılığı günbəgün izlənmiş, dəqiq ardıcıllıqla təsvir edilmişdir.

Kitabı diqqətlə oxuduqdan sonra, əminliklə deyə bilərik ki, kitabın tərtibçiləri üzərlərinə götürdükləri işin böyük məsuliyyətini anlayaraq, çox ciddi iş aparmış, müəyyən olunmuş dövrdə Yeseninin həyat və yaradıcılığının dəqiq təqvim xəritəsini ardıcıllıqla, tam təfsilatı ilə müəyyənləş­dirməyə nail olmuşlar. Heç bir şübhəsiz, çox da böyük sayda olmayan, lakin kifayət qədər inadkar, əzmkar, əməksevər bir kollektivin ərsəyə gətirdiyi bu əsər Yesenin yaradıcılığı ilə məşğul olanlara, yeseninşünaslara, yeseninsevərlərə çox dəyərli, qiymətsiz bir hədiyyədir. Bu münasibətlə, layihənin həyata keçirilməsində əməyi olan hər kəsə — kitabın redaktoruna, redaksiya heyətinə, texniki işçilərə, müxtəlif ölkələrdən Yeseninlə bağlı unikal materialların əldə edilməsi işində fəal iştirak edən, bu yolda can yandıran bütün insanlara yeseninsevərlər adından, o cümlədən Azərbaycan yeseninsevərləri adından dərin təşəkkür edirəm.

Fürsətdən istifadə edib yenicə çapdan çıxmış 5-ci cildi dərhal mənə göndərən, M.Qorki adına Dünya Ədə­biyyatı İnstitutu Yesenin Qrupunun elmi katibi, dostum Maksim Skoroxodova öz minnətdarlığımı bildirirəm.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 212