Yeni prokuror rüşvətxorları təmizə çıxarır
Dekabrın 17-də Türkiyədə həyata keçirilən hay-küylü “korrupsiya və rüşvət əməliyyatı” zamanı saxlanılanlara qarşı yeni nüanslar ortaya çıxıb. Belə ki, işi aparan yeni prokuror Əkrəm Aydınər şübhəli şəxs kimi saxlanılanlara tətbiq olunan ölkədən kənara çıxmaq yasaqlarını və əmlaklarına həbs tədbirlərini aradan qaldırıb. Prokuror Aydınər qərarını “şübhəli şəxs kimi saxlanılanlara qarşı ittihamda nəzərdə tutulan cinayətləri işləmələri haqda və ədalətli nəzarət tədbirlərini əsaslandıracaq dəlillərin cinayət işində olmaması” ilə əlaqələndirib.
Xatırladaq ki, adı çəkilən əməliyyat zamanı iş adamları, bank rəhbəri , 3 nazir oğlu həbsə alınıb. 4 nazirin adı rüşvət almaqda keçib. Bununla bağlı 4 nazir istefa verməyə məcbur olub. Bundan sonra baş nazir Ərdoğan hadisələrə siyasi müdaxilə edərək əməliyyatda iştirakçı olan prokurorları və polis əməkdaşlarını işdən kənarlaşdırılıb. Rəsmi Ankara bütün Türkiyə boyu polis, prokuror, hakimlərin işlədikləri şəhər, rayonlardan dəyişdirilməsinə start verib. Beləliklə, Ərdoğan hökumətin korrupsiyaya bulaşdığına görə hakimiyyətdən getməsi prosesinin qarşısını alıb. Hətta yayılan bir çox telefon danışıqlarında Ərdoğanın özü və ailə üzvlərinin də korruposiya və rüşvətə batması əksini tapırdı.
Adı çəkilən əməliyyat iki ilə qədər çəkən texniki dinləmələrdən,aparılıan müşahidə və nəzarətlərdən sonra icra edilib (Turan).