Yazıçı və dramaturq Aslan Qəhrəmanlı həyata vida etdi
Yazıçı və dramaturq Aslan Qəhrəmanlı dünən axşam saatlarında 75 yaşında həyata vida etmişdir. Aslan Qəhrəmanlının böyrək çatışmazlığından əziyyət çəkdiyi, xeyli müddət yataq xəstəsi olduğu, 3 ay öncə İranda cərrahiyyə əməliyyatı edildiyi, lakin bunun bir faydası olmadığı bildirilir. Mərhum dəfn olunmaq üçün bu gün səhər saatlarında Ağstafaya aparılmışdır.
Aslan Qəhrəman oğlu Qəhrəmanlı 1939-cu il sentyabrın 14-də Ağstafa rayonunun Yenigün kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 1961-ci ildən EA Hesablama Mərkəzində, bu mərkəzin bazası əsasında Kibernetika İnstitutu yaradılandan sonra orada müxtəlif vəzifələrdə çalışmış, elmi tədqiqatla məşğul olmuşdur.
1975-1977-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Tətbiqi riyaziyyat kafedrasında baş müəllim işləyib.Bir müddət Rostov Dəmiryol Mühəndisləri İnstitutunun Bakı filialında baş müəllim işlədikdən sonra Neft Akademiyasına dəyişilib. 1980-ci ildən 2007-ci ilə qədər ADNA-da əvvəlcə baş müəllim, sonra dosent olaraq çalışıb. 2007-ci ilin sentyabrından Azərbaycan Universitetinə keçib, bu universitetin Riyaziyyat və informatika kafedrasının dosenti, 2011-ci ilin fevralından 2012-ci ilin iyununa qədər rektoru olub.
Aslan Qəhrəmanlı bir sıra elmi əsərlərin müəllifi, iqtisadiyyatda modelləşdirməyə dair dərsliyin və vergilərə dair dərsliklərin həmmüəllifidir. 2003-cü ildən nəşrə başlamış «Azərbaycanın Vergi Xəbərləri» jurnalının həmin ildən 2010-cu ilə qədər baş redaktoru olub.
Yazıçı kimi özünü 1967-ci ildə «Gənclik» nəşriyyatında çıxan «Gənc qələmlər» almanaxında dərc olunmuş «Dağların mahnısı» adlı ilk hekayəsi ilə sınayıb. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
«Spektr», «Döngə», «Burulğan», «Səni axtarıram», «Bağışla» və sair telepyesləri Azərbaycan televiziyasında dəfələrlə nümayiş etdirilib. Azərbaycan televiziyası səhnəsində ilk çoxhissəli tamaşaya çevrilmiş «Səni axtarıram», «Bağışla» və «Səndən xəbərsiz» adlı üçhissəli telepyeslərin müəllifidir.
Onun radio üçün yazdığı «Daşa dönmüşlər şəhəri», «Şeytan», «Ceyran əfsanəsi», «Tutuquşu» və sair kimi 13 nağıl-pyesi Azərbaycan radiosu ilə səsləndirilib.