Yaxın günlərdə Krım-Tatar xalqı Qurultaya toplaşır
Krım-Tatar xalqının Qurultayı yaxın vaxtlarda toplanacaq və Krım Tatarlarının öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilmə məsələsinə baxacaq. Krım Tatar Məclisinin sədri Refat Çubarov mətbuata deyib ki, onlar heç vaxt öz müqəddəratını təyinetmə hüququndan imtina etməyiblər.
Çubarov deyib: “Bunu hansı formada həyata keçirəcəyimizə tezliklə qərar verəcəyik. Biz tezliklə Qurultayı toplayacağıq. Krım tatarları istənilən halda öz yurdunda qalacaq və talelərini özləri müəyyənləşdirəcəklər”.
Məclis sədri xatırladıb ki, Krım tatarları və Krımda yaşayan bir çox ukraynalılar 16 mart referendumu boykot edib. Krım Tatar Məclisi həm Ukrayna Ali Radası, həm də Krımın separatçı parlamenti tərəfindən Krım tatarlarının qanuni özünüidarə orqanı kimi rəsmən tanınıb. Əgər Rusiya öz addımlarını Krım əhalisinin BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyinetmə hüququndan istifadə etməsi ilə əsaslandırırsa, yarımadanın gəlmə deyil, yerli əhalisi olan Krım tatarları niyə bu addımı atmasınlar?