Yanukoviçin işinə Beynəlxalq Haaqa məhkəməsində baxılacaq
Yanukoviç harda qaçıb gizlənib — yeri dəqiq bilinmir, lakin onun işinə Beynəlxalq Haaqa məhkəməsində baxılacaq. Ukrayna Ali Radası Hollandiyanın Haaqa (Den Haag) şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edərək, keçmiş prezident Viktor Yanukoviçin insanlığa qarşı suç işlətmək ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib.
Məsələ parlamentdə müzakirə ediləndə xüsusi bəyanatın lehinə 324 deputat səs verib. “Bəyanatın qəbulu Ukrayna ərazisində 2013-cü il noyabrın 21-dən 2014-cü il fevralın sonlarına qədər insanlığa qarşı törədilmiş cinayətlərlə bağlı məsələdə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımağa əsas verir”, — deyə bəyanat əlavə olunan izahatda bildirilir.
Məsuliyyətə cəlb olunması istənilən şəxslər sırasında keçmiş daxili işlər naziri Vitali Zaxarçenko, keçmiş baş prokuror Viktor Pşonka və digər sabiq vəzifəlilər də var.
Bəyanatda o da vurğulanır ki, Ukrayna Baş Prokurorluğunda aparılan istintaqın gedişində müəyyənləşdiriləcək siyahıya yeni adlar əlavə olunacaq.