Muəllif:

Yalan haqda hər şey

«Yalan nə qədər böyük olarsa, ona inanların sayı da bir o qədər çox olar». Bu sözlərin müəllifinin kim olduğunu bilmirəm. Hazırda ciddi şəkildə psixoloq axtarışındayam. Çünki, uzun müddətdir ki, özümü faks aparatının yanında dayanıb faks gözləyən adam kimi hiss edirəm. Faks isə uzana bildikcə uzanır, uzanır… Gələn isə «Nurçu» siyahısıdır.
Başqa ölkələri bilmirəm, amma bizim milli psixoloqlar əsrlərdən bəri hakimiyyətini bərk-bərk qoruyan ağsaqqallar şurasının fəaliyyətinin diplomlu, sertifikatlı formasını həyata keçirir. Bizdə daha psixoloqa gedənə «dəli» deməsələr də, ehtiyacı olanlar getməyə psixoloq tapmır. Gedənlər isə kor-peşman geri qayıdır. Və ya…
Bu yaxınlarda dostum psixoloq axtarırdı. Biznesində itirdiyi pullar azmış kimi, olan-qalanını da psixoloqlara səpələmək qərarına gəlmişdi. Dostum yalanların ən böyüyü, bekar adamların yeni fəaliyyəti olan depressiyadan çıxmaq üçün ölkədə ad-san sahibi psixoloqu seçmişdi.
Cəmi iki seansdan sonra psixoloqundan şikayətlənməyə başladı:»Kömək eləmir».
Məlum oldu ki, psixoloq dostuma ağbirçək məsləhəti verirmiş. Seans boyu ona necə yaşamağı, necə işləməyi, nələri edib, nələri edə bilməyəcəyini deyirmiş.
Seanslardan narazı dostumuz beləliklə, depressiyasını kürəyinə alıb üz tutdu başqa psixoloqa.
Yeni psixoloqun kəşfindən sonra nəhayət ki, kədərli dostumun üzü güldü:»Hər şeyi mən danışmamış bilir. İndiyədək özümdə kəşf etmədiyim gücümü ancaq o hiss edir. Gələcəyə inamım artıb. Biznes planlarımı da onunla müzakirə edirəm. Məni əmin edib ki, hansı işə pul qoysam, alınacaq».
Artıq dördüncü dəfə «işini batıran», Türkiyə televiziyalarında gördüyü reklamlara inanıb biznesə girişən dostum xoşbəxtdir. Yeni biznesi üçün kredit götürməyə hazırlaşır. Hər şeyin yaxşı olacağına inanır. Ona lazım olan reallıqdan uzaq həyatı psixoloqu ovuclarının içinə qoya bilməsə də, ağlının, fikrinin tən ortasına yerləşdirə bilib.
Yalanın həm də ən bahalısı daha effektivdir. Psixologiya haqda bütün dünyanın fikrini dəyişən Ziqmund Freydin seansları həmişə digər psixoloqlarla müqayisədə fantastik dərəcədə bahalı olurdu. Freyd iddia edirdi ki, o, pulgir deyil. Sadəcə olaraq pasiyent yaxşı «tərləmədiyi» seansdan effektiv nəticə əldə edə bilməz. O, düşünürdü ki, pasiyent nə qədər çox pul xərcləsə, bir o qədər həkimə inanar, depressiyalarından, onu sıxan mənəvi problemlərdən tez qurtular. Elə görünə bilər ki, psixoloqlara yalançı deyirəm. Əsla! Ən böyük yalançı, şarlatan biz elə özümüzük. Yarısı var olan, yarısını isə özümüzün uydurduğumuz problemlər, dərdlər, ah-vaylardan qurtulmaq üçün sığınmağa yalanlar və yalançılar axtarırıq. Əksini edənlərə isə düşmən kəsilirik. Aldanmağı hava, su kimi tələb edirik. Niyə? Sırf lənətə gəlmiş eqomuza sığal çəkmək üçün.
Bu yaxınlarda AKP-li millət vəkili Mətin Külünk dünya siyasət tarixinə düşəcək ifadə işlədib:»Hər insanın cinayət işləmək haqqı var». O, bu sözləri 17 dekabrda başlanan istintaqla bağlı deyirdi. Mətin Külünk Türkiyəni inandırmağa çalışırdı ki, rüşvət almaqda adı hallanan səlahiyyətlilər haqda aparılan istintaq insanların cinayət işləmək hüququna mane olur.
«Vəzifəli şəxsin cinayət işləmək hüququna mane olmaq» ifadəsinə sadə Türkiyə vətəndaşı səssiz qalaraq münasibətini bildirdi:»Sənin cinayət işləmək hüququn varsa, mənim də yalana inanmaq haqqım var». Necə deyərlər, zalımın zülmü varsa, sevənin Allahı var… Səssiz qalmaq, yalanları udmaq, həzm etmək, gələcək günlərin daha yaxşı olacağına inanmaq və yenə də inanmaq…
P.S. Əziz yalana inananlar, «Nur» içində yatın…  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 333