Xocalı soyqırımı müqəssirlərinə — Nürnberq mühakiməsi!
Diaspor təşkilatları fevralın 22-də Almaniyanın Nürnberq şəhərindəki mərkəzi meydanda — Jakobsplazda Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar yürüş-mitinq keçiriblər. Diasporla iş üzrə Dövlət Komitəsindən bildirilir ki, Xocalı qurbanlarının ruhunun bir dəqiqəlik sükutla anılması və Azərbaycanın dövlət himninin oxunması ilə başlayan aksiya 2 saat davam edib.
Aksiyada Yeganə Məmmədzadə alman dilində ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım haqqında məlumat verib. Daha sonra Türk icmalarındaın çıxışlar olub, Avropanı XX əsrin ən dəhşətli qətliamlarından biri – Xocallı soyqırımına, eləcə də BMT qətnamələrinin yerinə yetirilmədiyinə, Azərbaycan torpaqlarının hələ də işğal altında olmasına biganə qalmamağa çağırıblar. Mitinqdə şəhər sakinlərinə Xocalı faciəsinin əks etdirən foto və məlumatlar olan broşürlər paylanıb, onlara bu soyqırım haqda bilgi verilib.
Daha sonra aksiya yürüşlə davam edib. Əllərində qətliam qurbanlarının fotolarını, Azərbaycan, Türkiyə, Almaniya bayraqları və plakatlar tutan mitinq iştirakçıları Nürnberqin mərkəzi küçələri ilə yürüş edərək “Xocalıya ədalət!”, “Qarabağa Azadlıq!” “Avropa, Qarabağın işğalına susma!” kimi şüarlar səsləndiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Odlar Yurdu Azərbaycan-Alman Dostluq Mədəniyyət Cəmiyyəti və Azərbaycan diasporunun fəalı Akif Məmmədovun təşkilatçılığı ilə keçirilmiş bu aksiyaya digər türk xalqlarının təmsilçiləri də qatılaraq soydaşlarımıza dəstək olublar. Onların arasında Balkan Türkləri Birliyi, Avropa Batı Trakya Türkləri Federasiyası, Türk Günü Dərnəyi, Türk Ocakları, Türk Vəlilər Dərnəyinin fərdləri olub.