XIX əsrə xoş gəlmisiniz!
«Rəsmi məlumat»a görə, Krım referendumunda iştirak edənlərin 95 faizi Rusiyaya birləşməyə tərəfdar olub. Təəccüblü heç nə yoxdur. Əvvəldən də bəlli idi ki, səsverməyə ancaq «tərəfdarlar» gedəcəklər. Amma referendumda seçicilərin 83 faizinin iştirak etdiyi barədə xəbər Rusiyanın «rəqəm giqantomaniyasının» növbəti nümunəsidir. Çünki əvvəlcədən o da bəlli idi ki, yarımadanın əhalisinin 37 faizini təşkil edən krım tatarları və ukraynalılar referenduma getməyəcəklər. (Le Temps)
Səsvermə ərəfəsində Krımın yeni hakimiyyəti bütün küçələrə böyük plakatlar yapışdırıb insanları «Rusiya ilə birgə» qrafasında «quş qoymağa» səsləyirdilər. Bu, seçicilərə açıq təzyiq göstərmək deməkdir. Yolların kəsişmələrində qurulmuş nəhəng ekranlardan Rusiya ilə birliyin verəcəyi üstünlüklər vəsf olunurdu: qazın qiyməti düşəcək, pensiyalar artacaq, Rusiyanın ali məktəblərinə daxil olmaq istəyənlərə güzəşli şərtlər veriləcək…
Sevastyanovka kəndinin tatar lideri Elver Osmanov şirin vədlərə inanmır: «1944-cü ildə tatarları Krımdan sürgün etdilər, ancaq SSRİ dağılandan sonra geri qayıda bildik. Kim bizə kömək elədi, Rusiya? Əsla! Arzularına çatan günün səhəri bizim haqqımızda unudacaqlar». Ukraynalılar da qorxu içindədirlər. «Rusiya Krıma «özününküləri» qorumaq adı ilə təcavüz edib. Deməli, biz «özgələrik». Buranı zəbt edən kimi rus millətçiləri bizim də axırımıza çıxacaqlar», — deyən jurnalist Aleksandr Poloşenko gələcəyə ümidsiz baxır.
Baxçasarayın tatar icmasının rəhbəri Əhtəm Çiygöz bu narazılığı bölüşür: «Biz Krım torpaqlarında totalitarizm dövründə də, idiotların hakimiyyəti illərində də yaşamışıq. Ancaq yalnız müstəqil Ukraynada özümüzü azad hiss etmişik». Krımda Ukrayna pravoslav kilsəsinin arxiyepiskopu Kliment onun sözünə qüvvət verir:»Sanki səni tora salıb geriyə, keçmişə sürükləyirlər. Ətrafda baş verənlərin ədalətsizlik, qanunsuzluq olduğunu başa düşürsən, amma heç nə edə bilmirsən».
Bu kədər ocaqları, kömək çağırışları etnik ruslar üçün düzənlənmiş bayram şənliyinin sədaları içində itib-batır (The Time).
Krım referendumu qurşağacan soyunub şəkil çəkdirməyi xoşlayan Putini gözümüzdə bir az da çılpaqlaşdırır. Putin, bir çox avtoritar hökmdarlar kimi, həm qorxur, həm də qorxudur. Rusiyada kütləvi etiraz aksiyalarından sonra hakimiyyətinin dayaqlarını bu yolla möhkəmləndirir. Yanukoviçin necə devrildiyini görüb, «yeni enerji ilə aşkarlığın nailiyyətləri üzərinə hücuma keçir». Müstəqil medianın rusiyalılara nələr verdiyini unudub, onu boğmaqla məşğuldur: Lenta.ru-nun baş redaktorunu işdən çıxarır, «Dojd» telekanalını çökdürür, xəbər saytlarını blokadaya salır, «Exo Moskva» radiostansiyanın rəhbərini qovur.
Krım təcavüzü Rusiya cəmiyyətinin demokratik qismində etirazla qarşılanır — şənbə günü Moskvada minlərlə adam marşa çıxmışdı. Amma həqiqətin ağzının yumulduğu indiki şəraitdə rusiyalıların çoxu dünyanın «Putin xəritəsinə» inanmaqda davam edir (The Guardian).
«XIX əsrə xoş gəlmisiniz!» ABŞ-ın dövlət katibi Kerri deyir ki, «XXI əsrdə özünü XIX əsrdəki kimi aparmaq, saxta bəhanələrlə başqa ölkənin ərazisinə soxulmaq olmaz». Amma prezident Obama və Qərb sözdən əmələ keçmir, boş hədələrlə kifayətlənir. Putin haqlı olaraq bu hədələri ciddiyə almır, fikirləşir ki, o, əraziləri ələ keçirəndən sonra Qərbi fakt qarşısında qoyacaq. Birinci dəfə deyil ki?! Və neçənci dəfədir ki, Putin XIX əsrin Rusiya imperiyasını bərpa etmək istiqamətində addımlar atanda öz ölkəsində reytinqi kəllə-çarxa çıxır. «XIX əsr adamları görürlər ki, dünya beynəlxalq hüquq və müqavilələrlə yox, soyuq baş, siyasi iradə və hərbi güclə idarə olunur. ABŞ geri çəkildikcə onlar irəliyə doğru bir addım da atırlar. Misal? Əsəd, İran, Çin və Putin». Rusiyaya və bu ölkənin elitasına qarşı geniş iqtisadi sanksiyalar tətbiq etmək gərəkdir. «Dünya bankları seçim qarşısında qoyulmalıdır:ya Rusiya, ya da Amerka ilə işgüzar əlaqələriniz olmalıdır!.. Qərb Rusiyanın hərbi təcavüzünə öz hərbi potensialını artırmaqla cavab verməlidir. Buşun Şərqi Avropada Raket Əleyhinə Müdafiə sistemi qurmaq planını yeni variantda dirçəltmək lazımdır» (The Wall Street Journal).
«Referendum» adı ilə həyata keçirilən «fars» Krımın anneksiyası ilə nəticələnək. Qərbin «diplomatik hücumu» Putinə təsir etmir. Qərb Ukraynaya görə üçüncü dünya müharibəsinə başlamayacaq, amma Vaşinqton da, Brüssel də, Kremli özbaşına buraxmamalıdır. Rusiyanın hakim siyasi dairələrinin aktivləri dondurulmalıdır, Moskva qlobal maliyyə mərkəzlərindən təcrid edilməlidir, Rusiya ilə böyük müqavilələr ləğv olunmalıdır. Sanksiyalar, yəqin ki, Avropa Birliyinə də ziyan vuracaq, amma son nəticədə Putin öz təşəbbüsü ilə başladığı qarşıdurmada məğlubiyyətə uğrayacaq (El Pais).
Ukraynada dərinləşən maliyyə böhranının bu ölkəni çökdürə biləcəyi də unudulmamalıdır, əksinə, məsələ diqqət mərkəzində saxlanılmalıdır. Obama yardım göstərməyə söz verib, amma Senat bir milyard dollarlıq kreditin ayrılması və Rusiyaya qarşı sanksiyaların tətbiqi məsələsini Beynəlxalq Valyuta Fondunda islahatlar keçirmək tələbi ilə əlaqələndirib. Demokratlarla respublikaçılar arasında Kapitoli təpəsindəki bu mübahisə də Putinin xeyrinə işləyir və əslində ABŞ-ın Avropada həyati maraqlarına təhlükə törədir (The Washington Post).
Heç kim Putinin Krıma təcavüzünə mane ola bilmədi. İndi ümid iqtisadi tədbirlərə qalır. Əgər ölçü götürülməsə, bu, Rusiya prezidentini işğal siyasətini davam etdirməyə dəvət kimi qəbul olunacaq. Putin yalnız iqtisadi sanksiyalardan çəkinir. «Onlar Avropa İttifaqına baha başa gələcəklər, amma Putinin itirəcəyi şey də çoxdur» (Sueddeutsche Zeitung).
Referendumdan sonra Rusiyaya birləşdirilsə, Krımın hansı status alacağı hələ bəlli deyil: vilayət, yoxsa, Çeçenistan kimi, respublika? Moskvadan başqa, yeni sərhədləri tanıyan olacaqmı? Hər halda, aydındır ki, ABŞ və Avropa onları tanımayacaq. Ən çox sual doğuran isə Krım tatarlarının taleyidir. Onlar yarımadanın əhalisinin 12 faizini təşkil edirlər. Və artıq rus millətçiləri tatarların çoxunun evinin qapısında xaç işarəsi çəkirlər (Le Monde).
(The Time, The Washington Post, The Wall Street Journal, The Guardian, Le Monde, Sueddeutsche Zeitung, Le Temps, El Pais qəzetlərinin materialları əsasında)
[email protected]