Xislət
Soçi Qış Olimpiya Oyunlarının açılışına, yəqin ki, hamı baxdı. Çox möhtəşəm bir açılış oldu. Amma, bilmirəm, sizin də diqqətinizi cəlb elədi ya yox, Rusiya ictimai televiziyasının diktoru ölkələrin keçid-paradı zamanı Ermənistan komandasını təqdim edərkən çox maraqlı bir ifadə işlətdi. Dedi ki, Ermənistan bayrağı Rusiya bayrağından çox az fərqlənir. Yalnız üç zolağın yuxarısındakı ağ zolağın yerində çəhrayı zolaqdır. Heç fikir verməmişdim. Və məsələ heç oxşarlıqda da deyil, rus aparıcının bunu belə təqdim etməsindədir. Doğrudanmı, hər şey bu qədər bəsitdir? Bəlkə, doğrudan da, biz Rusiya-Ermənistan münasibətlərinin dərinliyində uyğunluq axtara-axtara üzdə olanı görmürük? Bəlkə bu da bir simvol və ya nəyəsə bir işarədir?
Bir az uyğunsuz və gülməli də çıxsa, yadıma köhnə bir söz düşdü. Həyalı bir adamın utanmasından söz düşəndə deyərdilər ki, filankəs yaman qızardı. Həyasız, arsız adam qızaranda deyərdilər ki, filankəsin sifəti nar çiçəyinə döndü. Özümün də dodağım qaçdı (camaatımızda da sözlər var haa). Demə, Rusiya bayrağının ağ yeri dəyişib nar çiçəyi rəngini alanda, dönüb olur erməni bayrağı.
Əlbəttə, bu sözü insanlar üçün deyiblər. Amma məncə, bu elə dövlətlərə də aiddir. Dövlətlər də, insanlar kimi, görəndə ki, o birindən güclüdür, bir bəhanə tapıb qapazı vurur zəifin başına, olan-qalanını tutub əlindən alır. Axı bəşəriyyət yaradılanda hər şey belə deyildi. Fikir verdinizsə, yaradılanda dedim, yarananda yox. Dünyanın yaranması ilə bağlı fikirlər çoxdur. Bəziləri yaranışı din — Allahla bağlayır, bəziləri təbiətin özü ilə — müxtəlif kataklizm və bioloji təkamülün nəticəsi kimi. Bəziləri isə bir az da qabağa gedib iddia edirlər ki, dünya başqa bir sivilizasiyanın eksperimentinin — təcrübəsinin məhsuludur. Mən bu mülahizələri incələmək fikrində deyiləm. Sadəcə, bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Belə məlum olur ki, «Yaranış» istənilən halda hansısa təkanverici qüvvə ilə, başqa sözlə desək, «Yaradan»la bağlıdır. Və bir də, fikir versək görərik ki, bu versiyaların hamısında dünyanın əvvəli, yaşam tarixi və sonu ilə bağlı çox maraqlı oxşarlıqlar və eyniliklər var. Baxın, Yaradan (yəni Allah, təbiətin təkamül qüvvəsi və ya «laboratoriya müdiri», necə istəyirsiniz adlandırın) dünyanı xəlq edəndən sonra müəyyən məqamda görür ki, hər şey onun istədiyi kimi getmir və onu dəyişmək qərarına gəlir. Dində bu özünü insanın cənnətdən qovulub yer üzünə çıxarılması ilə nəticələnir. Digər versiyalarda bu, 65 milyon il əvvəl göy cismi ilə yerin toqquşması nəticəsində dinozavrlar dövrünün başa çatması və yer üzündə insanın «yaşam» dövrünün başlanması kimi səciyyələndirilir.
Daha sonra insan yenə işləri «korladı». Allah yenə məcbur olub müdaxilə edir və onları (insanları) cəzalandırır. Yalnız seçilmişləri Nuhun gəmisində xilas edib, dünyanı suya qərq eləyir. Su çəkiləndən sonra qalan dünyanı bu seçilmişlərin ixtiyarına buraxır. Amma seçilmişlərin «seçilmişi» peyğəmbərlərin vasitəsi ilə insanlara müqəddəs kitablar (Zəbur, Tövrat, İncil və Quran) göndərib xəbərdarlıq edir ki, ay belə filan şüdələr, günlərin bir günü «Sahib-əz-zaman» gələcək və bu Məhşər günü, yəni dünyanın sonu olacaq. Digər versiyalarda bu belə izah olunur ki, təxminən 25 min il əvvəl təbiət və ya «laboratoriya müdiri» bəşəriyyəti «cəzalandırır» — qlobal soyuqlar və böyük buzlaşma dövrü başlayır. Bir çox hegemon canlılar məhv olur. Daha sonra qlobal istiləşmə başlayır və təzələnmiş dünya insanın ixtiyarında qalır. Dünyanı dərk etmək istəyi insanları yeni-yeni elmi nailiyyətlərə, kəşflərə sövq edir. Elmin seçilmişləri, «peyğəmbər»lər — alimlər, dünyanı məhvərindən qopara biləcək kəşflər edirlər. Qəribədir, iri kəşf sahibləri etiraf edirlər ki, bu inkişaf dünyanı məhvə aparır. Əcəba, bu, «laboratoriya müdiri»nin sonla bağlı öz peyğəmbəri-alimi vasitəsi ilə insanlara göndərdiyi xəbərdarlıq mesajı deyilmi?
Beləliklə, din deyir ki, insan öz yaşam tərzi ilə dünyanı sona — məhşərə aparır. Elm deyir ki, inkişaf, nəticə etibarı ilə, dünyanı sona — apokalipsisə aparır. Burası aydındır. Amma anlamaq istədiyim bir şey var. Fərqi yoxdur, din olsun və ya elm olsun, dünyanın məhvinin labüdlüyünü demək üçün ciddi bir əsas, səbəb lazımdır. Çox fikirləşəndən sonra bu qərara gəldim ki, bu əsas bizim içərimizdədir. Yəni Yaradan bizi xəlq edəndə hərənin xislətini qabaqcadan onun öz içinə yerləşdirib. Ovcunun içi kimi bilirdi ki, bu xislət bizi hara aparır. Amerikalı, rus elə, ingilis, fransız belə. Erməni elə, biz belə. Sadəcə, bir şey maraqlıdır. Görəsən Yaradan dünyanın məhvinin labüdlüyünə niyə belə əmindir? Yaratdığının xislətinə bələd olduğuna görə? Yoxsa biz, doğrudan da, uğursuz bir eksperiment-təcrübənin məhsuluyuq və haçansa «laboratoriya»nı bağlamaq lazım gələcək? Amma bir həqiqət də var, ağalar. Yuxarıda dediyim kimi, haçansa dünyanı öz öhdəmizə buraxdılar. Bəlkə də biz hər şeyi dəyişə bilərdik. Sadəcə, xislətimiz imkan vermir. Erməni elə, biz belə. Bir də ki, həyəcana, təşvişə nə hacət, ağalar? Onsuz da nə yapdıqsa, özümüz yapdıq. Atalar da yaxşı deyib, özü yıxılan ağlamaz.