XİN ötən il üzrə mətbuat buraxılışı hazırlayıb
Ermənistanın təcavüzü və işğalın nəticələrinin aradan qaldırılması, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının, qaçqın və məcburi köçkünlərin tarixi torpaqlarına qayıtmasının təmin edilməsi xarici siyasətin ən ümdə vəzifə olub. Bu xətt XİN-in ötən il üzrə mətbuat buraxılışında ifadə edilir.
Xarici İşlər Nazirliyinin (XİN) 2013-cü il üçün yekun mətbuat buraxılışında bildirilir ki, Azərbaycanın xarici siyasət fəaliyyəti 2013-cü ildə Azərbaycan Konstitusiyası və müvafiq qanunları, Azərbaycan prezidentinin və Nazirlər Kabinetinin fərman və sərəncamları, Azərbaycanın milli təhlükəsizlik və “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası, milli maraqlar və Azərbaycanın qoşulduğu beynəlxalq hüquqi sənədlər əsasında Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilib.
Buraxılışda qeyd olunur ki, xarici siyasət fəaliyyətinin əsas istiqamətlərini Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin bərpa edilməsi və qorunması, ölkənin davamlı inkişafı üçün əlverişli xarici mühitin yaradılması, diplomatik vasitələrlə xaricdən olan hədə və təhdidlərin qarşısının alınması, müasir dövrün çağırışlarının çevik və effektiv şəkildə cavablandırılması, dünya birliyi ilə qarşılıqlı faydalı əməkdaşlığın və iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji və nəqliyyat strategiyamızın inkişafının dəstəklənməsi, ölkəmiz haqqında həqiqətlərin dünya birliyinə çatdırılması və beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan xalqının zəngin maddi-mədəni irsinin dünya miqyasında tanıdılması, xaricdə yaşayan həmvətənlərlə əlaqələr, beynəlxalq səviyyədə Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının təmin edilməsi, beynəlxalq sülh və təhlükəsizliyə, regional inkişafa və tərəqqiyə, mədəniyyətlər və sivilizasiyalararası dialoq prosesinə töhfə verilməsi və beynəlxalq humanitar layihələrin dəstəklənməsi təşkil edib.
Daxili siyasətin və ölkənin hərtərəfli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi və davamı olan xarici siyasət fəaliyyəti beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsinə uyğun olaraq, bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq, daxili işlərə qarışmamaq, davamlılıq, tarazlılıq, çoxşaxəlilik, çeviklik və şəffaflıq prinsipləri əsasında yürüdülüb və Azərbaycanın suveren, güclü, qətiyyətli, sabit və etibarlı tərəfdaş dövlət kimi mövqeyinin güclənməsinə xidmət edib.
Prezident İlham Əliyevin il ərzində xarici nümayəndə heyətləri ilə keçirdiyi çoxsaylı görüşləri, mötəbər beynəlxalq tədbirlərdə çıxışları, xarici siyasət fəaliyyətinin əsas istiqamətləri üzrə verdiyi təlimatları və qarşıya qoyduğu vəzifə və tapşırıqları, Litva, Ukrayna, Avstriya, Türkiyə, Belarus, Belçika, Monteneqro, Xorvatiya, İsveçrə və digər ölkələrə dövlət, rəsmi və işgüzar səfərləri, Türkiyə, Rusiya, Gürcüstan, Latviya, Belarus, Sloveniya, Serbiya, Makedoniya, Rumıniya, İtaliya, Yunanıstan, Albaniya, Bolqarıstan, Xorvatiya, Rumıniya, Makedoniya və Litvanın dövlət və hökumət başçılarını, ATƏT, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Beynəlxalq Telekommunikasiya İttifaqının baş katiblərini, BMT Baş Assambleyasının 67-ci sessiyasının prezidenti, Avropa Şurasının Parlament Assambleyasının prezidenti, NATO-nun baş katibinin müavinləri və digər yüksək səviyyəli rəsmi şəxsləri Azərbaycanda qəbul etməsi ikitərəfli və çoxtərəfli əsasda xarici siyasət fəaliyyətinin strateji xətt üzrə uğurlu inkişafını təmin edib.
Dövlət başçısının səfərləri, habelə xarici ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana rəsmi səfərləri, müxtəlif sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyaları 10-dan artıq iclası, eləcə də digər səviyyələrdə baş tutmuş səfərlər nəticəsində 30-dan artıq dövlətlə 90-dan artıq ikitərəfli beynəlxalq sənədin razılaşdırılıb imzalanması və sonradan müvafiq qaydada qüvvəyə minməsi təmin edilib. Eyni zamanda Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası və Azərbaycan Respublikası və Ukrayna Prezidentlərinin Şurasının dördüncü iclası keçirilib, bu yüksək səviyyəli tədbirlərin yekun sənədləri imzalanıb.
“Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını BMT Təhlükəsizlik Şurasında özünün prioritet məqsədi kimi qarşıya qoyaraq, ölkəmizlə ərzində BMT TŞ-nın qeyri-daimi üzvü kimi aktiv fəaliyyətini davam etdirib, beynəlxalq sülh və təhlükəsizliyin qorunması naminə öz töhfələrini verib və BMT TŞ-nın gündəliyində duran məsələlərin müzakirəsində fəal rol oynamış və daim öz qətiyyətli mövqeyini ortaya qoyub.
Azərbaycanın 2013-cü ilin oktyabr ayından etibarən BMT TŞ-da başlayan ikinci sədrlik dövründə BMT tarixində ilk dəfə olaraq, Azərbaycanın təşəbbüsü ilə 28 oktyabrda “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksək səviyyəli iclası keçirilib.
Azərbaycanın sədrliyi dövründə 3-9 oktyabr tarixlərində Afrikanın Böyük Göllər regionunda siyasi, təhlükəsizlik və humanitar vəziyyətlə tanış olmaq və Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası ilə illik birgə müzakirələr keçirilmək üçün BMT TŞ-ı Afrikaya səfər edib.
Ümumiyyətlə, Azərbaycanın sədrliyi dövründə Afrikanın Böyük Göllər regionu, Sudan-Cənubi Sudan münasibətləri, Somali, Mərkəzi Afrika Respublikası, Suriyada kimyəvi silahlar məsələsi və humanitar vəziyyət, Mali, Konqo Demokratik Respublikası, Somali, Qərbi Səhra bölgəsi, Livan və Fil Dişi Sahili üzrə çoxsaylı müzakirələr keçirilib, qətnamələr və bəyanatlar qəbul olunub”, — deyə buraxılışda bildirilir.
Buraxılışda vurğulanır ki, ölkə xarici siyasətinin gündəmində duran ən ümdə vəzifə Ermənistanın Azərbaycana qarşı təcavüzünün və işğalının nəticələrinin aradan qaldırılması, Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının və qaçqın və məcburi köçkünlərin öz tarixi torpaqlarına qayıtmasının təmin edilməsi olub. Bu məqsədlərə nail olmaq üçün Azərbaycan Respublikası ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesində iştirakını davam etdirib.
Ermənistan tərəfindən qeyri-konstruktiv və işğalçı siyasətin davam etdirilməsi münaqişənin sülh yolu ilə həllinə imkan verməyib. Ermənistan yalnız danışıqlar prosesi zamanı nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyi ilə deyil, eləcə də qoşunların təmas xəttində törətdiyi təxribatları, işğal olunmuş ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi və orada Azərbaycan xalqına aid maddi-mədəni və tarixi irsin viran edilməsi əməlləri ilə məqsədyönlü şəkildə vəziyyəti daha da gərginləşdirməyə və danışıqlar prosesinə xələl gətirməyə çalışıb.
19 noyabr tarixində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Vyanada Azərbaycan prezidenti İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb.
İl ərzində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrləri və bu təşkilatın fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin iştirakı ilə görüşlər keçirilib.
Azərbaycan ATƏT Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesində iştirakla yanaşı, ölkənin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı və münaqişənin bu prinsiplər əsasında həllinə beynəlxalq ictimaiyyətin dəstəyini daha da artırmaq məqsədilə səylərini davam etdirib.
Münaqişənin həllinin əsasını təşkil edən Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri BMT Təhlükəsizlik Şurasının və BMT Baş məclisinin qətnamələri, Qoşulmama hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, Avropa Şurası, Avropa Parlamenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq şurası və digər beynəlxalq təşkilatların qərar və qətnamələrində öz təsbitini tapıb: “Bu xüsusda aparılmış ardıcıl səylərin nəticəsidir ki, 6-7 fevral 2013-cü il tarixində Qahirədə İslam əməkdaşlıq təşkilatının zirvə toplantısında qəbul edilmiş yekun Qahirə bəyannaməsində dövlət və hökumət başçıları tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilib, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrası və Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunub.
Türkdilli Dövlətlərin Əməkdaşlıq şurasının 16 avqust 2013-cü il tarixində Qəbələ şəhərində keçirilmiş Dövlət Başçıları Şurası tərəfindən qəbul edilmiş Qəbələ bəyannaməsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həll edilməsinin vacib olduğu qeyd edilib.
23 oktyabr 2013-cü il tarixində Avropa Parlamentinin plenar sessiyasında Avropa Qonşuluq siyasəti üzrə qəbul edilmiş qətnamədə Avropa Parlamenti tərəfindən Şərq Tərəfdaşlığı proqramında iştirak edən bir dövlət tərəfindən digərinin ərazisinin işğal edilməsinin Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərinin pozulması olduğu barəsində mövqeyi xatırladılıb və bu xüsusda, Dağlıq Qarabağ münaqişəsinin həllinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri və 10 iyul 2009-cu il tarixli L’Aquila birgə bəyanatında ehtiva olunan ATƏT-in Minsk Qrupunun baza prinsipləri əsasında həll edilməli olduğu vurğulanıb.
9-11 dekabrda tarixlərində Qvineyanın paytaxtı Konakri şəhərində keçirilmiş İƏT-in Xarici işlər nazirləri şurası tərəfindən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” və ”Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni izlərin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” adlı qətnamələr qəbul edilib”.
Buraxılışda bildirilir ki, ötən il Ermənistanın Azərbaycana qarşı təcavüzünün doğurduğu acı fəsadların, Azərbaycan xalqına qarşı törətdiyi qanlı etnik təmizləmə və soyqırım siyasətinin beynəlxalq aləmdə tanıdılması istiqamətində də uğurlu addımlar atılıb. Fevral ayında Qahirədə keçirilmiş İƏT zirvə toplantısında qəbul edilmiş yekun Qahirə bəyannaməsində İƏT üzv ölkələrinin dövlət və hökumət başçıları tərəfindən 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırım əməlləri insanlığa qarşı cinayət kimi qiymətləndirilib və bu soyqırım əməlinin milli və beynəlxalq səviyyələrdə tanıdılması üçün səylərin artırılmasına dair çağırışlar edilib. Dekabrda Qvineyanın paytaxtı Konakri şəhərində keçirilmiş İƏT-in Xarici işlər nazirləri şurası tərəfindən qəbul edilmiş qətnamədə isə “Xocalıya Ədalət” kampaniyasına dəstək ifadə edən xüsusi bənd əksini tapıb. Xocalı soyqırımı Çexiya, Bosniya və Herseqovina, Peru parlamentlərinin, ABŞ-ın Nyu-Meksiko, Arkanzas, Oklahoma, Tennessi, Pensilvaniya, Vest Virciniya, Konnektikut və Florida ştatlarının qanunverici orqanlarının qəbul etdiyi sənədlərdə də pislənib.
İl ərzində Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində aparılan qanunsuz fəaliyyət nəzarətdə saxlanılıb, işğal edilmiş ərazilərdə yaradılmış qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğinin və işğal edilmiş ərazilərdə qanunsuz fəaliyyətinin qarşısının alınması, ölkənin müvafiq qurumlarının icazəsi olmadan işğal edilmiş ərazilərə xarici ölkə vətəndaşlarının səfərlərinin qarşısının alınması istiqamətində iş davam etdirilib.
Buraxılışda 9 oktyabr tarixində keçirilmiş prezident seçkiləri hesabat ilində Azərbaycanın siyasi həyatında ən mühüm hadisə kimi dəyərləndirilib. “Prezident seçkiləri 52000 yerli və 1300 əcnəbi müşahidəçinin iştirakı ilə keçirilib və Azərbaycan xalqı seçkilərdə sərbəst və şüurlu şəkildə öz iradəsini ifadə edib. Seçkinin nəticələri və ümumilikdə seçki prosesi Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının müşahidə qrupu, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat — GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatlar, habelə 100 ölkənin seçki müşahidə missiyası tərəfindən azad, demokratik və ədalətli kimi qiymətləndirilib.
Seçki məcəlləsinin 35.6-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində 38 seçki məntəqəsi yaradılıb, 12000 seçici qeydiyyata alınıb”, — deyə buraxılışda qeyd olunur.
XİN-dən 2013-cü il Azərbaycanın enerji siyasətinin daha da intensivləşməsi kimi səciyyələndirilib: “Bu fəallıq ilk növbədə Azərbaycan qazının Avropaya nəql edilməsi üçün Şah Dəniz konsorsiumu tərəfindən ixrac marşrutunun seçilməsi və ona dair investisiya qərarının verilməsi ilə əlaqədar olub. 17 dekabr tarixində Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi keçirilib. Bu zaman Azərbaycan, Albaniya, Xorvatiya və Monteneqro arasında əməkdaşlıq, “Cənub” qaz dəhlizi layihəsi və Cənub-Şərqi Avropa dəhlizi Anlaşma Memorandumu və “Şahdəniz” layihəsinin ikinci mərhələsi və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə yekun investisiya sazişi imzalanıb”.
Buraxılışda qeyd olunur ki, il ərzində Türkiyə, Gürcüstan, Norveç, Slovakiya, Rumıniya, Yunanıstan, Bosniya və Herseqovina, Belarus, Banqladeş, Kolumbiya, Ukrayna, Misir, Fələstin, Küveyt, Litva və Qambiyanın xarici işlər nazirləri Azərbaycana rəsmi və işgüzar səfərlər edib, müxtəlif dövlətlərlə xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələr aparılıb, siyasi-iqtisadi, humanitar, hərbi-siyasi, təhlükəsizlik, müdafiə, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üzrə müvafiq işlər görülüb, təhlükəsizlik dialoqları təşkil edilib, bir sıra ölkələrlə keçirilmiş yüksək və işçi səviyyəli görüşlər aidiyyəti üzrə əlaqələndirilib.
28 fevral — 1 mart tarixlərində Qəbələ radiolokasiya stansiyasının (RLS Dəryal) bağlanılması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi və daşınar və daşınmaz əmlakının inventarlaşdırılması və təhvil-təslim edilməsinin həyata keçirilməsi üzrə Azərbaycan-Rusiya birgə komissiyasının iclası keçirilib və Rusiya və Azərbaycan arasında təhvil-təslim aktları imzalanın.
14-15 may tarixlərində Moskva şəhərində Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının ilk iclası keçirilib. İclasda Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının ilk iclasının Protokolu və Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyası haqqında Əsasnamə imzalanıb.
16-17 dekabr tarixlərində Bakıda Azərbaycan Respublikası və İran İslam Respublikası arasında Sərhəd məsələləri üzrə Müştərək Komissiyanın ilk iclası keçirilib.
Qeyri-neft sektorunun şaxələndirilməsi, ixracın təşviqi və genişləndirilməsi, xarici sərmayələrin ölkəmizə cəlb edilməsi, dost və tərəfdaş ölkələrə sərmayələrin yatırılmasının təşviqi, ölkəmizdə istehsal olunan məhsulların və xidmətlərin yeni bazarlara çıxarılması, eyni zamanda xarici ölkələrdə tətbiq olunan müasir texnologiyaların ölkəmizə cəlb edilməsi ikitərəfli əməkdaşlıqda əsas istiqamətlərdən biri olub. Ölkə iqtisadiyyatının cəlbediciliyinin xaricdə təmsil olunması məqsədilə 20-yə yaxın biznes forum keçirilib.
İkitərəfli əsasda həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın qonşu dövlətlərlə əməkdaşlığı daha da dərinləşib, Avropa İttifaqı, ərəb-İslam dünyası, Şimali Amerika, Uzaq Şərq, Cənub və Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələri inkişaf edib, Latın Amerikası, Afrika, Avstraliya və Okeaniyada tərəfdaşlarının sayı artıb.
Çoxtərəfli diplomatiyanın tərkib hissəsi kimi BMT TŞ ilə yanaşı, Azərbaycan BMT-nin digər strukturları, Qoşulmama hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa Birliyi, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Müstəqil Dövlətlər Birliyi, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-QUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası, YUNESKO və İSESKO və digər bu kimi universal və regional beynəlxalq təşkilatlarla fəal əməkdaşlığını davam etdirib. Bir çox halda məhz Azərbaycanın irəli sürdüyü təkliflər bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni formalarının müəyyən edilməsində və əməkdaşlığın səmərəliliyinin artırılmasında mühüm rol oynayıb. Azərbaycan Amerika Dövlətləri Təşkilatı, Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası və müşahidəçi statusuna malik olduğu digər beynəlxalq təşkilatlarla da faydalı əməkdaşlığını davam etdirib.