Muəllif:

Xarkov: Şəhərin mərkəzi təmizlənib, 70 separatçı həbs olunub

Milis bölmələri Xarkovun mərkəzini əhatəyə alıblar və vilayət administrasiyasının binasını tutublar. Bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov özünün Facebook səhifəsində bildirib. Antiterror əməliyyatları zamanı milislər ötən axşam yanğının baş verdiyi administrasiyanı nəzarətə götürüblər. Avakov 70 “separatçı”nın saxlandığını bildirib. Əməliyyat odlu silah tətbiq edilmədən aparılıb.

Bir qədər sonra Ali Radanın deputatı Nikolay Knyajitski bildirib ki, Xarkovda saxlananlar Poltava və Kiyev təcridxanasına göndəriliblər. Onun sözlərinə görə, şəhərdə DİN-in “Yaquar” xüsusi bölmələri fəaliyyət göstərib.

Eyni zamanda DİN Xarkov telemərkəzinin azad edildiyini bildirib. “Hüquq-mühafizə orqanları fəallar ilə danışıqlar aparıblar və onlara bildiriblər ki, vətəndaş mövqeyini yalnız hüquqi sahədə göstərmək lazımdır”.

Bundan öncə Avakov bildirib ki, milis Xarkov iğtişaşlarının rəhbərlərini müəyyən edib. Onun sözlərinə görə, onların arasında əcnəbilər də var, lakin əksəriyyətini “yerli marginallar və kommunust elektoratdan olanlar təşkil edir”.

Aprelin 6-da axşam Xarkov vilayət administrasiyasının binası rusiyapərəst fəallar tərəfindən tutulub. Ertəsi gün onlar «Xarkov Xalq Respublikası» yaradıldığını və tezliklə regionun statusu ilə bağlı referendumun keçiriləcəyini bəyan ediblər.

Donetsk şəhərində də vəziyyət gərgin olaraq qalır. Rusiyapərəst separatçılar avtomobilləri yandırır, iğtişaşlar törədirlər, həmçinin vilayət administrasiyasının binasını tutublar. Şəhərə DİN xüsusi təyinatlı bölmələri yeridilib.

Bundan öncə Ukrayna hakimiyyəti Luqansk şəhərində Milli Təhlükəsizlik Xidmətinin binasını rusiyapərəst separatçılardan azad edib (Turan).

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 118