Muəllif:

Xaricdən təhlükə uydurmaları

Neçə il əvvəl paytaxt rayonlarının birində icra hakimiyyətində vəzifəli məmur dostum var idi, ev işlərinə baxırdı. İnsanlara həmişə kömək eləməyə çalışırdı. Kimsədən umacağı olmazdı, amma işi düzələn sevincək adamların göstərdiyi xırda-para «diqqət» və «hörmət»dən imtina da etməzdi.
Bir gün yanına gedəndə bərk dilxor gördüm. Səbəbini soruşanda dərdli-dərdli:
— Müəllim, jurnalist adamsınız, amma heç nədən xəbəriniz yoxdur — dedi.
Belə ikibaşlı danışmağına təəccübləndim, o, söhbətinə eyni ahənglə davam etdi:
— Xəbər deyəndə, sizin o televiziyalarda danışılanları yox, camaatın vəziyyətinin pisləşməsini nəzərdə tuturam. Bu gün bir kişi gəlmişdi, hardasa mühəndis işləyir. Sənədlərini alıb mənə təşəkkür elədi, sonra da sıxıla-sıxıla dedi ki, hörmət eləməyə pulum yoxdur, evdə bir xalçamız var, olar ki, onu sizə gətirim? Təbii ki, onu tənbeh elədim, amma otaqdan çıxanda kişinin ağladığını gördüm, ürəyim dağlandı. Deməli, camaatın əlindəki pullar tükənib, ehtiyatlar üzülüb. Bundan sonra nə olacaq, Allah bilir…
Bu sözlərdən sonra o, baxışlarını məchul bir nöqtəyə zilləyərək xeyli susdu…
***
Bu gün Ukraynada baş verən hadisələrdən vəcdə gəlib inqilab dalğasının tezliklə Azərbaycana çatacağı barədə danışanların sayı artıb. Əlbəttə, demokratiyanın qələbəsi və avtoritarizmin çökməsi, Rusiyanın keçmiş sovet respublikalarına atdığı kəməndin boşa çıxması baxımından Ukraynada baş verənlər misilsiz tarixi hadisədir. Düzdür, Maydanda qan töküldü, amma Liviya və Misirdəki kimi iri toqquşmalar olmadı. ABŞ və Avropa bütün gücü ilə Kiyevi dəstəklədi. Azərbaycanda bir çoxlarını riqqətə gətirən məhz bu sonuncu məqamdır, yəni Ukraynaya beynəlxalq dəstəyin verilməsi.
İndi bizdə çoxları cəmiyyətin mənəvi-psixoloji durumunu nəzərə almadan illüziyalara qapılaraq «doğrudanmı, bizdə də bu sayaq hadisələr mümkündür»- deyə özlüyündə sual edir. Gəlin tələsməyək, hadisənin doğurduğu duyğusal məqamları bir yana qoyub prosesləri soyuq başla təhlil etməyə çalışaq.
Ondan başlayaq ki, hər hansı ölkədə müəyyən hərəkatın başlanması üçün bir-biri ilə sıx bağlı olan müxtəlif amillər — sosial-siyasi səbəblər, hərəkətverici qüvvə, bir də həmin qüvvələrə rəhbərlik edib yönəldən siyasi təşkilatlar, yəni güclü müxalifət mövcud olmalıdır. Baxın, bu dediyimiz amillərin hansı bizdə var? Əvəzində ölkəyə kənardan inqilabın «ixrac» olunmasının mümkünsüzlüyü haqqında xeyli dəlil gətirmək olar. Hansılardır bunlar?
Əvvəla, Azərbaycanda kifayət qədər güclü hakimiyyət var və onun özünüqoruma instinktləri əla işləyir. Müxalifət isə nəinki zəifdir, həm də mənəvi cəhətdən deqradasiyaya uğramış vəziyyətdədir. Uzun illərdir ortada baş girləyən siyasi liderlərin bəzilərinin nüfuzu sıfırdan da aşağıdır.
İkincisi, cəmiyyət depressiyadadır və ölkədə etirazçı qüvvə deyilən bir güc yoxdur, azsaylı fəal gənclər var ki, onların da yolunu həbsxanalar kəsir.
Üçüncüsü, cəmiyyətə müəyyən ideoloji impulslar verəcək intellektual-ziyalı hərəkatı da yoxdur. Azsaylı nüfuzlu ziyalılar isə pərən-pərən düşüb və onların çoxu müxtəlif səbəblərdən mürəkkəb susqu testi ilə üz-üzə qalıblar. İndi özünüz deyin, bax belə bir şəraitdə, hansı inqilab təhlükəsindən və ya hansı xarici təsirdən söhbət gedə bilər?
Vətəndaş duyğusu olan bir kimsə öz ölkəsinə heç vaxt dağıdıcı inqilab, qarşıdurma arzulamaz. Fəqət, bəzən hansısa problemin yaratdığı qarşıdurmalardan da sığortalanmaq olmur. Xüsusən, bizim kimi həssas ictimai münasibətlərin kök saldığı cəmiyyətlərdə hər cür impulsiv etirazların baş verməsi mümkündür. Son bir-iki ildə olanlar, artıq bunu sübut edib. Təhlillər göstərir ki, bu etirazların çoxunu yaradan milli genlərdən qaynaqlanan tamah dişinin itiliyi, rüşvət və korrupsiyadır, səbəbkarlar isə əlində yüksək səlahiyyətləri olan məmurlardır. Bax cəmiyyət də, hakimiyyət də bunların yaratdığı təhlükələrdən qorunmalıdır.
***
Həmişə ərzaq aldığım kiçik mağaza bir həftəydi ki, bağlı idi. Gecə yarısına qədər işlədiyindən çox karıma gəlirdi, yolumun üstündəydi, satıcısı da maraqlı adamıydı. Nəhayət, iki gün əvvəl mağazanın işıqlarının yandığını görüb maşını saxladım, kiçik televizora baxan yaşlı satıcı ayağa qalxdı, hal-əhval tutduq, üzünü saqqal basdığından hüzrlü olduğunu güman etdim. — Allaha acıq getməsin, hüzr düşsəydi, bundan yaxşı idi. Az qalmışdı mağazanı söksünlər, bir həftədir çarpışıram, dörd idarənin arasında qalmışam, bunların Allahı yoxdur, çox insafsızdırlar, — deyə qəzəblə danışan kişi az qala ağlamsındı.
Başına gələnləri soruşub dərdini təzələmək istəmədim. Amma o, yanıqlı-yanıqlı hər şeyi detallı danışdı, aylıq haqqı, yəni rüşvəti artıranları, bir neçə qurumdan pul dalınca gələnləri lənətlədi. Sonra da yazıq-yazıq:
— Neyniyim, borc-xərc düzəldib verdim, başqa dolanışıq yerimiz yoxdur, bir çətən külfətim var, bu da olmasa, gərək acından ölək, — deyə əlavə elədi.
Mən, ehtiyac olmasa da, bir-iki şey alıb mağazadan çıxdım. Satıcı məni yola salıb saqqalını ovuşdura-ovuşdura qapıya yaxın yerdə qoyulmuş kiçik televizora tərəf getdi, pultu götürüb maraqla səsi artırdı. Hansısa kanalda Ukraynadakı hadisələrdən danışırdılar…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 224