Xaçmazda əhaliyə at-eşşək əti sırıyanların izinə düşüblər
Ölkənin daha bir bölgəsində — bu dəfə Xaçmazda əhaliyə at-eşşək əti sırıyanların izinə düşüblər. Bu madhiş mənzərə meşə massivində aşkarlanıb. Sözügedən əraziyə polis əməkdaşları baxış keçirib. Heyvan cəsədlərini meşə massivinə atanların şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyi bildirilir.
Bəlli olduğu kimi, Xaçmaz rayonunda meşə massivində xeyli sayda heyvan cəsədi tapılıb. Qımılqışlaq kəndi ərazisində, avtomobil yolundan 250-300 metr aralıda meşə massivində təxminən 1000-dək at və eşşək cəsədi aşkarlanıb. Meşə gözətçisi İlyas İlyasov deyib ki, bu vəzifəyə yeni təyin olunub, ərazini təhvil-təslim edərək bura baxış keçirdiyi zaman bu faktla qarşılaşıb. Onun sözlərinə görə, meşənin üç yerində bu cür heyvan məzarlığı var. O bu barədə artıq rəhbərliyə məlumat verdiyini də deyib.