“Wonders of Azerbaijan” turizm potensialımızı Amerikaya təqdim edib
Ölkəmizin turizm potensialı fevralın 22-23-də Vaşinqtonda keçirilən və 20 min nəfərdən çıx iştirakçının qatıldığı 10-cu Səyahət və Macəralar Sərgisində “Azərbaycan Möcüzələri” (“Wonders of Azerbaijan”) layihəsi çərçivəsində nümayiş etdirilib.
Birləşmiş Ştatlar səfirliyimizdən bildirilir ki, səfirliyin dəstəyi ilə “Azərbaycan — Odlar Yurdu, Tolerantlıq Diyarı” başlığı altında təşkil edilmiş sərgi stendində yerli turizm mütəxəssisləri Azərbaycanın zəngin tarixi, maddi-mədəni irsə və ləziz mətbəxə malik olduğunu, həmçinin dini və mədəni müxtəlifliyi və tolerantlığı ilə seçilən özünəməxsus bir ölkə olduğunu sərgi iştirakçılarının nəzərinə təqdim etmişlər.
İniyədək yerli turizm şirkətləri “Azərbaycan Möcüzələri” layihəsi çərçivəsində Çikaqo, Los Anceles və başkənd Vaşinqtonda sərgilərdə iştirak ediblər. İştirakçıların sayı baxımından bu şəhərlərdəki səyahət sərgiləri ABŞ ərazisində keçirilmiş ən böyük üç beynəlxalq səyahət sərgisi hesab olunur.