Muəllif:

«Virtual Qarabağ» şikəstəsi

90-cı illərin ortalarında sankt-peterburqlu yazıçı Yuri Pompeyev o vaxtlar AzTV-də apardığım «7 gün» proqramının qonağı olmuşdu. Həmin dövrdə yazıçının «Qarabağ qan girdabında» kitabı çox oxunurdu. Çox sadə, səmimi və ədalətli adam idi. Azərbaycanın haqq səsi dünyada niyə eşidilmir mövzusuna da toxunan müdrik yazıçının bir sözü hələ də qulaqlarımdadır: «Sizdə çox şey pərakəndədir, nə qədər ki, Qarabağla bağlı bir elmi mərkəziniz, koordinasiya olunan vahid informasiya bazanız, xaricdə lobbiniz yoxdur və hərənin ağzından bir avaz gəlir, təbliğatda uğur qazanmağınız çətin olacaq»…
* * *
Uzun illərdən bəri, hələ ölkədə xalq hərəkatı başlayandan bu barədə danışırdıq. 25 il idi ki, Qarabağla bağlı vahid informasiya mərkəzinin olmamasından gileyli idik. Çox gecikmiş olsa belə, nəhayət, həmin günü gördük. Bu həftə Qarabağ İnformasiya mərkəzi və onun internet portalı ölkə ictimaiyyətinə təqdim olundu. Çox mübarək! Münaqişə ilə bağlı resursların bir yerə toplanmasının və dünya ilə onun öz dilində danışmaq üçün belə texnologiyaların tətbiqinin vacibliyi haqqında ən çox danışan adamlardan biri kimi mən buna çox sevindim. Deməli, zorla münaqişəyə sürüklənmiş Azərbaycanın məruz qaldığı ədalətsizlikləri, Ermənistanın davranışlarının gerçək mahiyyətini dünyaya çatdırmaq, həm də onun pərdələdiyi tarixi həqiqətləri gün işığına çıxarmaq üçün geniş imkanlar yaranır.
Mərkəz dövlətin dəstəyi və gənclər təşkilatlarının iştirakilə yaradılıb. Hiss olunur ki, babat pul xərclənib. Yaxşı konfrans zalı, elektron kitabxana, foto-video studiyası, işğal olunmuş rayonların adını daşıyan iş otaqları var. Qurumun vəzifəsi aydındır: Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasını qurmaq, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ölkə gənclərinə və dünya ictimaiyyətinə obyektiv məlumat vermək! Qarabağın internet məkanında tanıdılmasına xidmət edəcək portalın da strukturu, materialların məzmunu və düzümü, hətta dizaynı xeyli ciddi şeylər vəd edir. Hazırda beynəlxalq aləmdə erməni lobbisinin dəstəyi ilə fəal antiazərbaycan kampaniyasının aparıldığı, bizə qarşı informasiya müharibəsinin şiddətləndiyi bir vaxtda belə bir mərkəz və sayt Azərbaycana hava və su kimi lazımdır.
Əlbəttə, mərkəzin yaradılması piar və təbliğat işinə innovativ yanaşmadır. İlk addım yaxşı olsa da, hələ hər şey demək deyil. Bunun üçün aydın düşünülmüş, yaradıcı və çevik iş mexanizmi lazımdır. «Virtual Qarabağ» öz cazibədar milli şikəstəsi ilə avazı bütün dünyanı bürümüş erməni xorunu üstələmək üçün ən müasir texnologiyalara və yeni təfəkkürə əsaslanmalıdır. Ona görə də burada işin qurulması heç cür köhnə təfəkkürə əsaslana bilməz. Bu virtual meydan hansısa boşboğazların tribunasına çevrilməməlidir. Məsələn, sayt materialları təqdimat mərasimində gördüyüm bəzi hay-küyçü adamların düşüncəsindən qaynaqlanacaqsa, bu, biabırçılıq olacaq. Mərkəzin müəyyən etdiyi işıqlı məqsədlər yalan və saxta notları qəbul etməməlidir, şüarçılıq və psevdovətənpərvərlik də bu məkanda keçərli olmamalıdır. Səmimi vətən sevgisi yaxşıdır, amma o, mütləq dərin bilik, intellekt və təsirli texnologiyaya yiyələnməklə müşayiət olunmalıdır. Bir sözlə, meydan danışanlara yox, iş görənlərə verilməlidir, çünki bizdə danışan çox, qolunu çırmalayıb iş görən isə azdır…
* * *
İki həftə əvvəl Odessada bir media konfransında idim. Bu şəhərdə yaşayan həmyerlimiz, hüquq elmləri doktoru, çalışdığı universitetdə böyük hörmət sahibi olan professor Mehman Dəmirli özünün yenicə çapdan çıxmış kitabını və bir də ukraynalı həmkarı A.Mereşkonun «Qarabağ problemi və beynəlxalq hüquq» kitabını mənə bağışladı. Sonuncu kitabı təyyarədəcə oxudum, müəllifin sistemli düşüncəsi, ümumiləşdirmə aparmaq qabiliyyəti, müqayisələri, məntiqi nəticələri, problemi dərindən bilməsi mənə xoş gəldi. Amma sonda verdiyi ədəbiyyat siyahısında bir nəfər də azərbaycanlının əsərinin olmaması, əvəzində erməni müəlliflərinin dünyanın müxtəlif yerlərində çap olunmuş kitablarına gen-bol istinadlar məni təəccübləndirdi. Bakıya gələn kimi tanıdığım bir neçə hüquq alimi ilə zəngləşdim. Cavablar qanqaraldıcı olmaqa yanaşı, həm də utandırıcı idi. Sən demə, ayrı-ayrı müəlliflər bu mövzuda bir-iki məqalə çap etdirib, amma ayrıca araşdırma yoxdur. Təəccübüm bir az da artdı ki, bu, necə ola bilər? Axı bizdə nə qədər hüquq institutları, nə qədər şöbə və kafedralar var. Hələ də hüquq məmləkətin ən nüfuzlu fakültəsi olaraq qalır. Sovet dövründə olduğu kimi, yenə də bu fakültəyə can atanların sayı ildən-ilə artır…
Ortalıqda isə bir şey yoxdur…
[email protected]  

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 550