Vilnüsda “Azərbaycanı tanı” adlı sərgi açılıb
Ötən gündən etibarən gənclər günü münasibəti ilə Litvanın paytaxtı Vilnüsdə “Azərbaycanı tanı” adlı fotosərgi açılıb. Sərbəst girişli və ictimaiyyətə tam açıq olan bu sərgidə Azərbaycanın gözəl məkanları, mədəniyyəti və adət-ənənələrini əks etdirən 40-dan çox foto nümayiş etdirilir.
Şəhər sakinlərinin böyük marağına səbəb olan sərgi sabah başa çatacaq. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu vasitəsilə maliyyə dəstəyi alan layihənin ideya müəllifi Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) idarə heyətinin sədri Aysel Sultandır. Müəllifin sözlərinə görə, layihənin başlıca məqsədi son illərdə Azərbaycanın Litvada daha çox tanınması və haqqında məlumatların daha geniş yayılmasından irəli gələrək, Azərbaycana səyahət etmək istəyənlərə vizual bir tur təşkil etməkdir.
Paytaxtın mərkəzi küçəsi Gedimino ünvanında yerləşən sərgi salonlarından birində keçirilən “Azərbaycanı tanı” adlı fotosərgi artıq ilk gündən xeyli ziyarətçi toplayıb. Sərginin Litvanın bir neçə şəhərində keçirilməsi nəzərdə tutulub.