Muəllif:

Vətəndaş cəmiyyəti: öz-özünə inkişaf edən sistem

Dövlətin idaərolunmasında və ictimai işlərdə vətəndaşın iştirakından danışarkən «vətəndaş cəmiyyəti» anlayışı ilə tez-tez rastlaşmalı oluruq. Müasir sosial-siyasi reallıqları nəzərə alsaq, bu anlayış altında qavranılan ayrı-ayrı, ancaq bir-birini tamamlayan iki fenomeni fərqləndirmək lazımdır. Siyasi ədəbiyyatda bu anlayışdan geniş mənada siyasi-hüquqi, sosial- iqtisadi xüsusiyyətlər və münasibətlər sisteminə malik olan bütöv bir cəmiyyəti xarakterizə üçün istifadə edilir. «Vətəndaş cəmiyyəti» anlayışından həm də nisbətən dar mənada vətəndaşların dövlət və özəl sektordan kənarda yaratdıqları və iştirak etdikləri birliklərin məcmusunu ifadə üçün istifadə olunur.
«Demokratiyanı Öyrənmə» İB «Vətəndaş cəmiyyəti təşkilatlarının ümumi inkişada rolu» ilə bağlı bir analitik vəsait hazırlayıb. Bu vəsaitdən istifadə edərək vətəndaş cəmiyyəti təşkilatlarının inkişafdakı roluna toxunmaq istərdik.
(Əvvəli ötən sayımızda)
VCT-lər vətəndaşların müxtəlif xarakterli istək və arzularının, əqidə və baxışlarının gerçəkləşməsini təmin edən mexanizm rolunu oynayır. Bu birliklər vasitəsilə insanlar dövlət və cəmiyyətin idarə edilməsinə qatılır, problemləri müəyyən edir və onun aradan qaldırılmasına təşəbbüs göstərir, yeni ideyalar istehsal edir və cəmiyyətin inkişafına öz töhfəsini verir. Öz istək və məqsədlərinə uyğun olaraq insanlar nə kimi VCT-də birləşməyə və fəaliyyət göstərməyə qərar verməkdə sərbəst və müstəqildirlər.
Ancaq bu institutların sayı, miqyası, fəaliyyət yönü, maliyyə mənbələri və s. haqqında dəqiq təsəvvür yaratmaq üçün informasiya əldə etmək çətin bir işdir. Önəminin getdikcə daha da artmasına baxmayaraq, VCT-lərin missiyasını bizim kimi inkişaf etməkdə olan ölkələrdə hələ də tam anlamırlar. Vətəndaş Cəmiyyətinin sərhədləri yalnız qeyri-hökumət təşkilatları ilə məhdudlaşa bilməz. Onlar VC-nin mühüm bir hissəsini təşkil edir və sosial-iqtisadi inkişaf məsələlərində, siyasətdə vətəndaş iştirakçılığının artmasına, eləcə də, rəsmi siyasətin formalaşdırılmasına təsir baxımından vacib, bəzən isə aparıcı rol oynayır. Bu mənada, Vətəndaş Cəmiyyətinin rolundan danışarkən məhz forma müxtəlifliyi və təşəbbüslərin rəngarəngliyi ilə seçilən QHT-lər örnəyinə istinadda fayda var. Ancaq öncə qısa da olsa, digər VC təşkilatlarını xarakterizə etməyə çalışaq.
Azərbaycanın qanunvericiliyi vətəndaş birliklərinin bu formalarını tanıyır:
— siyasi partiyalar;
— həmkarlar ittifaqları;
— dini birliklər;
— QHT-lər.
Siyasi partiyalar siyasi fəaliyyətlə məşğul olmaq marağında olan insanlar üçün mexanizm rolunu oynayır. «Siyasi partiyalar haqqında» qanuna əsasən 18 yaşdan yuxarı Azərbaycan vətəndaşlarının hüququ var ki, ideya və siyasi baxışları ilə uzlaşan hər hansı siyasi partiyaya üzv olmaqla siyasi proseslərin iştirakçısı olsun.
Siyasi partiyaların siyasi proseslərdə iştirakı ilə bağlı kifayət qədər geniş fəaliyyət imkanları nəzərdə tutulub. Qanunun 5-ci maddəsinə əsasən siyasi partiyalar:
nizamnamələrinə uyğun olaraq ictimai rəyin formalaşmasına təsir göstərmək;
öz üzvlərinin siyasi fəallığına rəvac vermək;
vətəndaşları öz sıralarından seçkili dövlət orqanlarına irəli sürmək;
nizamnamələrinə uyğun olaraq qanunvericilik və icra hakimiyyəti orqanlarının fəaliyyətinə təsir göstərmək;
siyasi və sosial proqramlar hazırlamaq yolu ilə daxili və xarici siyasətinin formalaşmasına təsir göstərmək hüquqlarına malikdirlər.
Qanunun 12-ci maddəsinə görə isə, öz nizamnamələrində, proqram sənədlərində, başqa aktlarda müəyyən edilmiş məqsədləri və vəzifələri həyata keçirmək üçün siyasi partiyalar məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır. Prezident, parlamenti və digər seçkili dövlət orqanları seçkilərində, icra hakimiyyəti orqanlarının formalaşdırılmasında demokratik yolla (müstəqil surətdə, başqa partiyalar və təşkilatlar ilə blok və ya ittifaqda) iştirak edir, dövlət orqanları qərarlarının hazırlanmasına demokratik yolla təsir göstərir. Bundan başqa, dövlət orqanlarında və ictimai orqanlarda öz üzvlərinin mənafelərini təmsil edir və qoruyur.
Hazırda ölkədə qeydiyyata alınmış 50-dən artıq siyasi partiya vardır. Sayının çox olmasına baxmayaraq siyasi partiyaların səmərəli fəaliyyəti üçün siyasi mühit tam əlverişli deyil. Hökumətin müxalif düşüncəyə qarşı barışmaz münasibəti müstəqil partiyaların inkişafına da mənfi təsir göstərir. Lakin bununla bərabər siyasi partiyalar parlamentdə məhdud şəkildə də olsa təmsil olunmaq, alternativlər təqdim etmək, seçkilərdə iştirak etmək, müxtəlif kütləvi tədbirlər keçirməklə hökumətin siyasətinə təsir edir, problemləri ictimailəşdirir və onun həllinə müxtəlif formalarda səy göstərirlər. Bütün bunlar isə ölkədə demokratiyanın güclənməsinə və vətəndaş cəmiyyətinin inkişafına təsirsiz ötüşmür.
Həmkarlar ittifaqları vətəndaşların əsasən sosial, iqtisadi, əmək və s. kimi qeyri-siyasi hüquqlarının və mənafelərinin müdafiəsi vasitəsi kimi çıxış edirlər. «Həmkarlar ittifaqları haqqında» qanunun 1-ci maddəsində də deyilir ki, həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, eləcə də, pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Qanunun 3-cü maddəsinə əsasən, işçilər, pensiyaçılar, təhsil alan şəxslər, heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yarada, öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil ola və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul ola bilərlər.
VC-nin mühüm elementi kimi həmkarlar təşkilatlarının müxtəlif subyektlər arasında əmək, iqtisadi, sosial və digər münasibətlərin dinc və anlaşılan şəkildə formalaşması və həll edilməsi nöqteyi-nəzərindən əhəmiyyətli təsir imkanlarına var. Bu ilk öncə həmkarlar ittifaqlarının malik olduqları hüquqların məzmunundan görünür. Qanunla həmkarlar ittifaqları əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında iştirak edə bilir, öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edir. Bundan başqa, səlahiyyətlərinə uyğun işçilərin sosial və iqtisadi müdafiəsi, həyat səviyyəsinin əsas meyarları, qiymət əmsallarının dəyişməsindən asılı olaraq kompensasiyaların məbləğlərinin müəyyən edilməsi üzrə plan və proqramların hazırlanmasında, qanunvericiliklə müəyyən edilmiş dolanacaq minimumunun gözlənilməsinə, qiymət artımından asılı olaraq əmək haqqının, pensiyaların, təqaüdlərin, müavinətlərin miqdarının vaxtında artırılmasına nəzarətdə iştirak edirlər.
Lakin geniş hüquqları olmasına baxmayaraq, həmkarlar təşkilatları praktikada bu hüquqlardan istifadə etmək, sosial-iqtisadi problemlərin həllinə töhfə vermək iqtidarında deyildir. Bu gün həmkarlar təşkilatlarının fəaliyyəti formal xarakter daşıdığından onun cəmiyyətin inkişafına təsirini və töhfəsini görmək olmur. Bunun səbəbi isə geniş mənada ölkədə insan hüquqlarının təmin olunmaması və demokratiyanın zəifliyi ilə izah edilə bilər. Lakin reallıq bundan ibarətdir ki, həmkarlar təşkilatları tarixən işçilərin hüquqlarının qorunması, sosial problemlərin həlli və digər funksiyaların gerçəkləşdirilməsində yetərincə güclü təsirə malik olublar. İndi də Qərb dövlətlərində həmkarlar təşkilatları güclü nüfuza və təsirə malikdir. Azərbaycanda isə cəmiyyətin inkişafı üçün bu institutun güclənməsinə ciddi zərurət var.
Dini birliklər, adından da göründüyü kimi, insanların daha çox dini, mənəvi ehtiyaclarının ödənilməsi üçün bir araya gəlməsinə imkan verən birlik formasıdır. Hüquqi cəhətdən vətəndaşlar müxtəlif dini birlik formalarında birləşə bilərlər. Belə ki, «Dini etiqad azadlığı haqqında» qanunun 7-ci maddəsində dini qurumların dairəsinə dini icmalar, idarə və mərkəzlər, dini qardaşlıqlar, dini tədris müəssisələri və onların birlikləri aid edilir.
Dini qurumlar yetkinlik yaşına çatmış şəxslərin dini etiqad azadlığı hüququnun birgə həyata keçirilməsi, həmçinin dini etiqadı və dini yaymaq üçün yaradılmış könüllü təşkilatlardır.
Baxmayaraq ki, qanunvericilik birləşmək üçün müxtəlif formalar təqdim edir, lakin praktikada vətəndaşların daha çox dini icma şəklində birləşməyə üstünlük verdikləri müşahidə edilir. Qanuna əsasən, dini icma dinə birlikdə ibadət və digər dini tələbatı ödəmək məqsədilə könüllülük əsasında birləşmiş dindar şəxslərin yerli dini qurumudur. Hazırda respublikamızda 500-dən artıq qeydiyyatda olan, ümumilikdə isə 800-dən artıq dini icmanın olması bildirilir. Dini icma kimi isə daha çox məscidlər çıxış edir.
Baxmayaraq ki, ölkəmiz dünyəvi dövlət hesab edilir və din dövlətdən ayrıdır, lakin digər birliklər kimi dini birliklər də ölkə həyatında aktiv iştirak etmək və cəmiyyətin müxtəlif ehtiyaclarının ödənilməsinə öz töhfələrini vermək imkanlarına malikdirlər. Qanunun 5-ci maddəsində deyilir ki, dini qurumlar ictimai həyatda iştirak etmək, habelə ictimai birliklərlə yanaşı, kütləvi məlumat vasitələrindən istifadə etmək hüququna malikdirlər. Lakin dini qurumlara siyasi partiyaların fəaliyyətində iştirak etmək və onlara maliyyə yardımı göstərmək qadağan edilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 296