Muəllif:

Vaxtı ötmüş meyvə dadlı olmur

Bu yaxında çox yaxın və əziz bir adamı itirdim. Yenə ağlımdan haçansa dediyim bir fikir keçdi. Ömür bütövlükdə yaşadığımız acılı-şirinli xatirələrin cəmindən ibarətdir. Və nə qədər ki, həmin xatirələrin şahidləri həyatdadır, sən yaşayırsan. Vaxtaşırı həmin insanlarla görüşəndə ötüb-keçənləri bərabər yada salıb, ya gülür, ya da kövrəlirsən. Zaman keçir, sən yaxınlarını bir-bir itirirsən. Həyatının müəyyən dönəmlərinin şahidlərini itirdikcə, sanki həmin dönəmlər də yox olur. Yaşadığın hansısa anı, günü, hadisəni səninlə bərabər xatırlayacaq insanlar azaldıqca sən də azalırsan, təklənirsən. Daha ağız dolusu deyə bilmirsən ki, yadındadı, filan vaxtı filan şey olmuşdu. Çünki o filanı səninlə yaşayan daha yoxdur, və ən azı həmin filanda artıq təksən. Özün deyib, özün eşidirsən.
Düzdür, bir az sentimental oldu, amma neyləyim, bəzən insan hisslərini cilovlaya bilmir. Sizlərə çox sevdiyim rəhmətlik babamla bağlı bir xatirəni danışıb, məqsədim olan fikrə qayıtmaq istəyirəm. Hələ ölümün nə olduğunu tam dərk etmədiyim vaxtlar idi. Qonşuluqda yaşlı bir kişi dünyasını dəyişmişdi. Babamı pərişan görüb soruşdum ki, nə olub, baba? Dedi ki, dostum uzaq bir səfərə getdi, heç vaxt da geri dönməyəcək. Qayıtdım ki, baba, bəs deyirlər axı, o ölüb? Cavab verdi ki, düz demirlər, bala. Adam o vaxt ölür ki, daha həyatda onu görən, tanıyan və xatırlayan bir kimsə qalmır.
Məncə babamın bu fikri təkcə insanlara aid deyil. Mənim aləmimdə elə Vətən də, Torpaq da canlıdır və o vaxta qədər sağdır ki, onu görənlər, tanıyanlar və xatırlayanlar var. Mən məsələnin məhz, bu tərəfinə toxunmaq istəyirəm. Bu yaxınlarda əslən Ağdamlı olan bir qonşum məni nəvəsinin sünnət toyuna dəvət eləmişdi. Gözəl də bir şadyanalıq alınmışdı. Arada siqaret çəkmək üçün foyeyə çıxanda gördüm ki, qonşum bir neçə nəfərlə küncə çəkilib xısın-xısın ağlayır. Fikirləşdim ki, yəqin sevincdəndir. Mane olmamaq üçün üzümü yana tutdum. Amma geri qayıdanda gördüm ki, söhbət toydan getmir. İstər-istəməz yaxınlaşıb soruşası oldum ki, nə olub? Qonşum dərin bir ah çəkib dedi:
— Mənim oğlum Bakıda anadan olub. Qarabağı görməyib. Atam deyərdi ki, inşallah, nəticəm Ağdamda doğular, yəni mənim nəvəm, toyunu da, elə öz Ağdamdakı evimizdə eləyərik. Qismət olmadı. Atam dünyasını dəyişdi. Nəticəsi də Bakıda doğuldu. Sünnəti də nə qədər ləngidim? Deyəsən biz də Ağdamı görmədən öləcəyik. Ona görə də, toy da olsa, özümüzü saxlaya bilməyib, kövrəldik. Bax belə…
Qarabağ hadisələrinin başlanmasından 25 il ötür. Bu az müddət deyil. 25 il öncə Qarabağdan qaçqın düşənlərin hamısı həyatdadırlarmı? Təbii ki, yox. Qalanlara uzun ömür arzulayıram, amma bir Allah bilir, nə qədər qarabağlı vətən həsrəti ilə dünyasını dəyişib. Və həm də bu, o qarabağlılardır ki, onlar Qarabağı görmüşdülər, tanıyırdılar və xatırlayırdılar. Babamın təbirincə desək, onlar yaşadıqca Qarabağ da yaşayırdı. Bəs ötən əsrin 90-cı ilindən sonra doğulan, Qarabağı yalnız xəritədə görən «qarabağlılar» necə olsun? Görmədikləri vətəni necə xatırlasınlar? Ata-babaların danışdığı xatirələr Vətəni tanımaq üçün kifayət deyil. Bu gün artıq 4-6 yaşlarında körpələr var ki, onlar nəinki özləri, heç ata-anaları da Qarabağı görməyib. Axı babalar da daimi deyil. Heç kim dünyanı tutub durmur. Yaranan bir gün gedəcək. Mənə elə gəlir ki, Qarabağı görən insanlar torpağa gömüldükcə, onlarla birgə Qarabağın da bir parçası yox olur. Və bir gün Qarabağı görən son kəs də dünyasını dəyişəndə biz hansı haqla, hansı əsasla deyəcəyik ki, Qarabağ sağdır?
Mən yəqin bilirəm ki, bu problemin həlli bir-iki nəfərin iradəsindən asılı deyil. Amma bir şey də həqiqətdir ki, biz də DÖVLƏT olaraq, XALQ olaraq nə isə eləməliyik. Təəssüf ki, səlahiyyət məndə deyil. Yoxsa şair demişkən, deyərdim ki, ya birdəfəlik məhv ol, ya da yaşa, Azərbaycan! Axı bu gün-sabah Qarabağı görən kəslər daha həyatda olmayacaq! Axı onda babamın dili ilə desək, Qarabağ da öləcək! Axı hər işin öz görülməli vaxtı var! Hətta ən dadlı meyvəni belə, vaxtı ötəndən sonra yeyəndə ləzzət eləmir. Axı içərisində yaşadığımız bir reallıq, bir həqiqət var ki, onu dilə gətirmək belə bir az gülünc, bir az da gülməli görünür! Hm…
Yadıma dostumuz Qulu Məhərrəmlinin danışdığı lətifəyə bənzər bir əhvalat düşdü. Həm də bunu elə yana-yana danışmışdı ki, mən ürəklə gülə bilməmişdim. Bir cavan oğlan, öz həmkəndlisi olan dul bir qadınla vaxtaşırı görüşərmiş. Bir gün də, bunların hər ikisi yataqda uzanıb dincəldikləri vaxt, qadın oğlana deyir ki, bilirsən bizim haqqımızda kənddə nə danışırlar? Oğlan deyir ki, yox, bilmirəm. Qadın qayıdır ki, kənddə danışırlar ki, guya mən səninlə…
Bəlkə, hələ ki, Qarabağ sağdır, sözdən əmələ keçməyin vaxtıdır?

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 184