Muəllif:

Vasif Talıbov bəzi tarixi aspektləri xatırladıb

Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə bağlı mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov bəzi trixi aspektləri xatırladıb. Talıbov Heydər Əliyevin belə bir sözünü vurğulayıb ki,Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir.

Naxçıvanın muxtariyyətinin asanlıqla qazanılmadığını deyən Ali Məclisin sədri qeyd edir ki, Beynəlxalq Qars müqaviləsi 1921-ci ildə imzalansa da, Naxçıvana 3 il sonra, 1924-cü ildə muxtariyyət verilib. Onun sözlərinə görə, Naxçıvanın muxtariyyəti çətin sınaqlardan keçərək gərgin hərbi-siyasi və diplomatik mübarizələr nəticəsində əldə olunub.

Vasif Talıbov deyib: “1919-cu ildə Zəngəzur mahalı Ermənistana veriləndən sonra Naxçıvan ölkənin əsas ərazisindən təcrid olunmuşdu. Regionda marağı olan böyük dövlətlər İrəvan və Zəngəzur kimi Naxçıvanı da ermənilərə güzəştə getmək istəyirdilər. Erməni yaraqlıları əhalini qorxu içərisində saxlayır, soyqırımı törədir, torpaqların boşaldılmasına çalışırdılar. Buna baxmayaraq, nə böyük dövlətlərin siyasi və diplomatik təzyiqi, nə aclıq və səfalət, nə də ermənilərin aramsız hərbi müdaxiləsi naxçıvanlıların iradəsini sındıra, Azərbaycanla bir olmaq istəyinin qarşısını ala bilmədi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında deyirdi ki, hökumət yaranmış şəraitdə Naxçıvana real yardım göstərə bilmədi: “İgid naxçıvanlılar, şərurlular… bu məsələni özləri həll etdilər. Onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa — Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar. Haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar””.

Vasif Talıbovun sözlərinə görə, naxçıvanlıların qanuni hüququ öz tarixi ərazisində yaşamaq, daim Azərbaycanla bir olmaq, ana Vətəndən ayrı düşməmək idi: “Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yaranandan sonra naxçıvanlılar dəfələrlə Azərbaycana birləşmək iradəsini ortaya qoysalar da, mövcud siyasi və beynəlxalq vəziyyət bu istəyin həyata keçməsinə imkan verməmişdi. Naxçıvan Milli Şurasının Xalq Cümhuriyyəti hökumətinə məktublarında deyilirdi: “Biz ermənilərə tabe olmuruq. Tezliklə Azərbaycan qoşunları tərəfindən Zəngəzurun tutulmasını və Azərbaycana birləşməsini gözləyirik”. Başqa bir məktubda isə deyilirdi: “Bu xalq mədəni dövlətlərin alovlarında məhv olmağa razı olar, amma Azərbaycandan ayrılmaz””.

Ali Məclisin sədri qeyd edib ki, Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması bütün dövrlərdə regionda aparıcı siyasi xətt kimi qalıb, əhali tərəfindən dəstəklənib:

“Yaranmış şəraitdə ermənilər tərəfindən torpaqların işğalının qarşısının alınması və Azərbaycandan ayrı düşmüş regionda vahid idarəçiliyin həyata keçirilməsi üçün Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsi qabaqcıl ictimai düşüncəni məşğul edən əsas məsələ idi. O vaxt bu istiqamətdə mübarizə iki cəbhədə gedirdi. Birincisi ermənilərə qarşı silahlı mübarizə cəbhəsi idi ki, döyüş qabiliyyəti və əlində silahı olan naxçıvanlılar bu cəbhədə birləşmişdilər. Məşhur Naxçıvan xanlarının nəslindən olan Cəfərqulu xan, Kalbalı xan və Rəhim xan yerli silahlı dəstələrə ümumi komandanlığı həyata keçirirdilər. Şərur taborunun komandanı Fətulla Hüseynov, Sədərək taborunun komandanı Həsən Şahverdi oğlu, Nehrəm taborunun komandanı Kəlbə Muxtar, Cəhri taborunun komandanı Kəlbə Kərim erməniləri geri oturda bilib, Vətənə xidmət nümunəsi göstəriblər”.

“Naxçıvan ziyalıları yaxşı başa düşürdülər ki, mübarizə aparmadan muxtariyyət qazanmaq mümkün deyil. Odur ki, əlində qələm tutanlar da siyasi mübarizə cəbhəsində vuruşurdular. Onlardan yazıçı-publisist Əli Səbri Qasımovun və Naxçıvanın ləyaqətli oğlu Behbud ağa Şahtaxtinskinin adını xüsusi qeyd etmək istəyirik. Behbud ağa Şahtaxtinski Sovet Azərbaycanı hökumətinin ədliyyə naziri olmasına baxmayaraq, Naxçıvanın Ermənistana verilməsi barədə bəyanata etiraz əlaməti olaraq Naxçıvana gəlmiş, yerli əhalinin kütləvi etirazını təşkil edərək mərkəzi hakimiyyətin Ermənistanın xeyrinə qəbul etdiyi qərarın qarşısını almışdı. Sovetlər birliyinin rəhbəri Vladimir Leninə yazdığı xüsusi məktubda o qeyd edirdi: “Naxçıvan diyarı böyük siyasi, iqtisadi və strateji əhəmiyyətə malikdir… Bu diyarın Ermənistana verilməsi xalqın özünütəyin prinsipini və Sovet Azərbaycanının hüquqlarını pozur”, deyə Vasif Talıbov çıxışında bildirib.

Vasif Talıbov bildirib ki, beləliklə, Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən Moskva və beynəlxalq Qars müqavilələri imzalandı. Bu sənədlər əsasında 1924-cü il fevralın 9-da Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası təşkil olundu.

Onun sözlərinə görə, Heydər Əliyev Naxçıvanın muxtariyyət tarixinin çətin sınaqlardan keçdiyini nəzərdə tutaraq, eyni zamanda, bu muxtariyyətin qazanılmasında fədakarlıq göstərənlərin əməyini yüksək qiymətləndirərək deyirdi: “Naxçıvana muxtariyyət vermək, Moskva, Qars müqavilələrində Naxçıvanın müqəddəratını o illərdə həll etmək asan məsələ deyildi. Amma o vaxt milli mənafeyini qoruyan adamlar bunu etdilər. Mən bunu tarixi nailiyyət hesab edirəm… Kim Azərbaycanın milli mənafelərinin keşiyində durubsa, ona xidmət göstəribsə, o insanlar bizim tariximizdə həmişə hörmətlə yada salınmalı və tariximizə daxil olmalıdırlar”.

Heydər Əliyev Naxçıvanın muxtariyyətinin bütün dövrlərdə düşmən həmlələrindən qorunacağını bəyan edərək deyib: “Naxçıvan muxtar respublikadır. Azərbaycanın tərkibindədir. Bu, beynəlxalq müqavilələr nəticəsində yaranmış statusdur. Onu heç kəs dəyişdirə bilməz”.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 152