Muəllif:

ÜTT bir meydançadır

Beynəlxalq iqtisadiyyatın ən mühüm sferası olan əmtəə, xidmətlər və intellektual mülkiyyətlə ticarət bir sıra beynəlxalq təşkilatlar tərəfindən tənzimlənir. Bunların sırasında beynəlxalq iqtisadi əməkdaşlığın tənzimlənməsi funksiyasını öz üzərinə götürmüş, beynəlxalq ticarət sisteminin qanunverici və institusional əsası olan, verilmiş istiqamətdə üzv ölkələrin siyasətlərinin çoxtərəfli razılaşdırılması və tənzimlənməsi, eləcə də, ticarət mübahisələrinin tənzimlənməsi və standart xarici ticarət sənədləşməsi mexanizmi olan universal beynəlxalq təşkilat — Ümumdünya Ticarət Təşkilatı (ÜTT) aparıcı roldadır. ÜTT-nin yaradılmasının bu baxımdan əsas məqsədi — dünya ticarət sisteminin fəaliyyətini vahid qaydalar əsasında elə təmin etməkdir ki, bazarlar açıq qalsın və onlara giriş idxala gözlənilməz və süni məhdudiyyətlərin daxil edilməsi ilə pozulmasın.
ÜTT 1995-ci ildə yaradılmışdır. Təşkilatın Qərargahı Cenevrədə yerləşir. Ən gənc beynəlxalq təşkilatlardan biri olan ÜTT əsası 1947-ci ildə qoyulmuş Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) davamçısıdır. Hazırda dünyanın 159 ölkəsi ÜTT-nin üzvüdür. Bundan başqa, 25 ölkə və bir neçə beynəlxalq təşkilat ÜTT-də müşahidəçi statusuna malikdir. Dünya ticarətinin 98%-i ÜTT üzvlərinin payına düşür.
ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir.
ÜTT-nin normativ-hüquqi bazasını çoxtərəfli ticarət sazişləri təşkil edir. Bu sazişlər mal və xidmətlərlə ticarəti, əqli mülkiyyət, ticarət siyasətinin icmalı və mübahisələrin həlli məsələlərini tənzimləyir. Bəzi ÜTT sazişlərinə qoşulmaq məcburi deyil.
ÜTT-nin əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması və beləliklə də, iqtisadi inkişafın, eyni zamanda, insanların həyat səviyyəsinin yüksəldilməsidir.
ÜTT-nin əsas vəzifəsi çoxtərəfli ticarət danışıqlarının Uruqvay Raundu (1986-1994) nəticəsində formalaşmış Sazişlər Paketi əsasında üzv ölkələr arasında ticarət-iqtisadi münasibətlərin tənzimlənməsindən ibarətdir.
Azərbaycan hökuməti 1997-ci ildən Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı müraciət edib. 16 il keçməsinə, aparılan danışıqların say çoxluğuna baxmayaraq, ÜTT-yə üzvlük reallaşmayıb. Üzvlük prosesində statusla bağlı məsələlərdə anlaşılmazlıq var. Bu da danışıqlara mənfi təsir edir. Qeyd edək ki, Çindən sonra, ən uzun müzakirələr aparan ölkə məhz Azərbaycan olub.
2012-ci ildə Azərbaycanla ÜTT arasında danışıqlar «Şərq Tərəfdaşlığı» proqramı sayəsində xeyli sürətlənmişdi. O baxımdan güman edilir ki, danışıqlar bu tempdə davam edərsə, anlaşılmazlıqlara baxmayaraq, Azərbaycan 2015-ci ildə ÜTT-yə üzv olacaq. Onu da deyək ki, ÜTT ilə aparılan danışıqların hər bir yeni raundu beynəlxalq ticarətin daha da liberallaşdırılması ilə nəticələnir. Belə bir şəraitdə hər bir yeni üzv olmuş ölkə daha sərt şərtlərlə təşkilata qəbul edilir.
İqtisadçı-ekspert Qubad İbadoğlunun sözlərinə görə, ÜTT-yə üzvlükdən həm cəmiyyət, həm də sahibkarlar qazana bilər. Onun fikrincə, üzvlük baş tutarsa, milli bazarda rəqabət formalaşar, inflyasiya səviyyəsi aşağı düşə bilər. Çünki ölkəyə idxal məhsulları daha çox daxil olacaq. Bu zaman qiymətlərin səviyyəsində azalma müşahidə olunacaq. Sahibkarlar bazarlara və daha geniş informasiyalara çıxış qazanacaqlar. Onların xarici bazarlara çıxış imkanları artacaq.
«Bundan əlavə, investisiya mühiti yaxşılaşa bilər. Nəticədə, xarici investisiyaların həcmində artım imkanı genişlənər. Gömrük və xarici ticarət prosedurları daha da şəffaflaşar, habelə asanlaşar. İlkin dövrdə biznes sektorunda xərclər arta bilər. Çünki potentlər, biznes üçün lazım olan yeni texnologiyalar indiki kimi müəllif hüququ qorunmadan tətbiq edilə bilinməyəcək. Ümumdünya Ticarət Təşkilatına üzv olduqdan sonra mütləq müəllif hüquqlarına əsaslanmalıdırlar. Bu isə ilk illərdə xərclərin artmasına gətirib çıxaracaq». İqtisadçı əlavə etdi ki, mülkiyyət hüquqlarının qorunmasında dönüş yarana bilər: «Bu istiqamətdə qanunvericiliyin beynəlxalq hüquqlara uyğunlaşdırılması üçün tələblər irəli sürüləcək».
MDB ölkələrindən Qırğızıstan, Gürcüstan, Moldova və Ermənistan artıq ÜTT üzvüdür. Bu ölkələrin üzvolma şərtləri inkişaf etməkdə olan ölkələrin deyil, daha çox inkişaf etmiş ölkələrin şərtlərinə uyğundur. Azərbaycan isə təşkilata yüngül şərtlərlə daxil olmaq istəyir.
Dünyada 150-dən artıq ölkə ÜTT üzvüdür. Eləcə də qlobal ticarətin 96 faizi ÜTT-yə üzv ölkələrin payına düşür. Təşkilata üzvlük Azərbaycanın iqtisadi maraqlarına zidd olsa da, bu, baş verməlidir. Qlobal səviyyədə ticari oyunlar ÜTT tərəfindən idarə edilir. ÜTT bir meydançadır. Azərbaycan bu oyunlarda iştirak etmək, qlobal inteqrasiya istəyirsə, maraqlarına zidd olsa da, təşkilata daxil olmalıdır. ÜTT-yə qəbul ölkənin ticarət siyasətini proqnozlaşdırmağa imkan verəcək, şəffaflıq artacaq, beynəlxalq ticarət partnyorları çoxalacaq və iqtisadi münaqişələr daha səmərəli həllini tapacaq.
İbadoğlu Azərbaycanın ÜTT üzvlüyündən sonra müəyyən mənfi təsirlərin də olacağını istisna etmir: «Mənfi təsirlər ilkin illərdə baş verə bilər. Çünki bu dövrdə bazar formalaşmağa məcburdur. Əslində, bunun günahında hökumət durur. İndiyədək bazarda tam rəqabətlilik mühiti yaradılmayıb. Xaricdən idxalın artması, yerli istehsalın zəifləməsi baş verə bilər. Dediyim kimi, patentləşməyə görə rəsmi ödənişlərin artması xərcləri artıra bilər. Habelə aqrar sektorda subsidiyaların limitləşdirilməsi bu sektora dövlət büdcəsindən qoyuluşların səviyyəsini azalda bilər. Bir sözlə, bu kimi mənfi təsirlərin olacağı qaçılmazdır. Ümumdünya Ticarət Təşkilatına ideal kimi baxmaq düzgün deyil». Azərbaycanın quruma üzv olmasında maraqlı olmamasının səbəbinə gəlincə, İbadoğlu ölkədə hökm sürən monopoliyanı əsas gətirir: «Bəzi məmurlar bizneslə məşğuldur, Azərbaycanda iqtisadi hakimiyyətə malikdirlər. Və onlar bu hakimiyyəti itirməkdən qorxurlar. Eyni zamanda, ÜTT-yə üzv olarıqsa, bəzi dövlət orqanları prosedurlarında, siyasətində dəyişikliklər etmək məcburiyyətində qalacaq. Burada vergi, gömrük, bank siyasətində dəyişikliklər tələb edilə bilər. Bu zaman tələblər bir sıra dövlət orqanlarının maraqlarına uyğun gəlmir»- deyə iqtisadçı vurğuladı. Maraqlıdır, iqtisadi maraqlara zidd deyəndə nə nəzərdə tutulur? Məsələ ondadır ki, Azərbaycanın ÜTT-yə üzvlük məsələsinin uduşlarını və itkilərini müxtəlif aspektlərdən qiymətləndirmək mümkündür. Burada yanaşma sadəcə ölkənin qazanclar dairəsini hesablamaqla tamamlanmır. Uduşların müxtəlif sektorlar üzrə təsnifləşdirilməsi də olduqca vacibdir.
Üzv olmanın yaratdığı üstünlüklər əsasən 3 istiqamətdə özünü göstərir. İlk üstünlük üzv ölkələrdə qiymət mexanizminin təşkilatın şərtlərinə və eləcə də, beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. İkinci üstünlük, başqa ölkələrin bazarlarına girişin əldə edilməsidir. Üçüncü və çox vacib üstünlük isə, ticarət mübahisələrinə dair ÜTT üzvlüyünün təklif etdiyi həll mexanizmlərindən istifadə edə bilmək imkanıdır. Çünki ÜTT üzvü olmayan ölkələrə belə həll mexanizmlərindən istifadə hüququ verilmir.
ÜTT-yə üzvlük bir sıra sektorlara mənfi təsir edəcək. Ən çox ziyan isə aqrar sektor çəkəcək. Azərbaycanda kənd təsərrüfatının əsas məşğuliyyət sahəsi olduğunu və bu sektorda çalışanların əksəriyyətinin kommersiya məqsədilə deyil, şəxsi ehtiyaclarını ödəmək üçün təsərrüfat fəaliyyəti qurması həm bu təhlükənin əhatə dairəsinin geniş və həm də təsirli olacağını deməyə əsas verir. Belə olan halda ÜTT-yə qəbul zamanı Azərbaycanın ən çox problemlərlə üzləşən sahəsinin kənd təsərrüfatı bölməsi olacağı əvvəlcədən bəllidir.
İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, üzvlükdən sonra aqrar ölkə kimi subsidiyalarla bağlı məsələlər müzakirəyə çıxarıla bilər: «Əslində subsidiyalar ÜTT ilə aparılan müzakirələrin əsas predmetidir. Tariflərlə bağlı məsələlər də açıq qalır. Ümumiyyətlə, aqrar, xidmət sektorları üzrə işçi qrupla ÜTT rəsmillərinin fikirləri üst-üstə düşmür. Qanunvericiliyin təkmilləşdirilməsi tələbi də yerinə yetirilməyib. Hazırda tənzimləmə, intellektual mülkiyyət və investisiyalar sahəsində elə qanunlar var ki, onlar beynəlxalq standartlara, eləcə də ÜTT-nin tələblərinə cavab vermir».
Ümumiyyətlə isə bu kontekstdə adaptasiya tənəzzülünə məruz qalacaq sahə yalnız aqrar bölmə olmayacaq. İllərlə xarici kapitaldan ehtiyatlanaraq tənzimlənən maliyyə, bank, sığorta və digər xidmət sektorunun da vəziyyəti hökumətin diqqətindən yayınmamalıdır.
İstənilən halda, problemlərimizin sənayenin emal sahəsini də əhatə edəcəyi şübhəsizdir. Çünki burda xalis rəqabət qanunları fəaliyyət göstərir. Bu prosesdən «quru» çıxacaq yeganə sahə neft sektoru ola bilər. Çünki istənilən variantda Azərbaycan neftinin Avropaya buraxılmayacağını düşünmək sadəlövhlük olar. Bununla yanaşı, hələlik ÜTT-nin neft sektoru ilə bağlı xüsusi şərtləri yoxdur. Məsələ ondadır ki, beynəlxalq ticarətdə «ÜTT ilə OPEC (Neft İstehsal Edən Ölkələrin Təşkilatı) arasında centlmen razılaşma» kimi təqdim edilən razılığa görə, hələlik neft məsələləri qlobal ticarət qaydalarını tənzimləyən ölkənin diqqətində deyil. Bu baxımdan faktiki olaraq, Azərbaycanın üzvlüyü məsələsində neft sektoru ilə bağlı şərtlər müzakirə edilmir. Amma ÜTT-nin təşkil etdiyi son müzakirələr göstərir ki, bu məsələnin yaxın illərdə aktuallaşması ehtimalı böyükdür. Bu, xüsusən Səudiyyə Ərəbistanı ÜTT-yə üzv olandan sonra daha da aktuallaşıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 270