Urmiya gölü qurusa, Təbriz yaşanıla bilməz hala düşəcək
Əgər Urmiya gölü quruyarsa, onun duzları İranın bütün ərazisinə ziyan vuracaq, eyni zamanda Təbriz şəhəri yaşanıla bilməz hala düşəcək. Bu proqnozu İran parlamentində Təbriz, Azərşəhr (Tufarqan) və Üskü şəhərlərini təmsil edən azərbaycanlı deputat Əlirza Monadi verib. Onun sözlərinə görə, Urmiya gölü ölür: “Bu gün bunu bir daha bəyan edirəm. Ancaq bununla belə, indiyədək sözlərimizin heç bir əməli nəticəsi olmayıb. Halbuki Urmiya gölünün xilası məsələsi müqavimət iqtisadiyyatının icrasının mühüm göstəricilərindən biri olmalıdır”.
Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70%-i 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.