Urmiya gölü akvatoriyasının yalnız 7 faizinin qaldığı rəsmən etiraf olundu
Urmiya gölü akvatoriyasının yalnız 7 faizi qalıb. Qərbi Azərbaycan vilayətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri Həsən Abbasnejad bildirib ki, bu yay Urmiya gölünün bərpa edilməsi üçün sonuncu möhlətdir: “Əgər zəruri tədbirlər görülməsə, təəssüf ki, gölün cənub hissəsini itirəcəyik və bərpası üçün ümid azalacaq. Ona görə də Urmiya gölünün saxlanılması üçün xalqın və səlahiyyətli şəxslərin güclü iradəsini ortaya qoyması lazımdır”.
Abbasnejad deyib ki, İran hazırda su böhranı mərhələsindədir: “Ölkə növbəti 13 il ərzində də su böhranının şahidi olacaq”.
Qərbi Azərbaycan vilayətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri həmçinin Urmiya gölünün üç il ərzində bərpa edilməsi üçün 140 mlrd. riyal kredit (təxminən 5.5 mln. dollar) götürülməsi planlaşdırıldığını da vurğulayıb.
Urmiya gölü Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.