Une perdue generation
«Siz hamınız itmiş nəsilsiniz». İlk dəfə bu sözləri bədii ədəbiyyata Ernest Heminquey gətirmişdir, amma bu fikir ona deyil, digər Amerika yazıçısı Gertruda Stayna məxsusdur. Heminqueylə söhbət zamanı o, müharibədən qayıtmış sürücüsündən narazılığını məhz belə ifadə etmişdi — Une generation perdue. Ömrünün əhəmiyyətli hissəsini Fransada yaşamış və elə oradaca vəfat etmiş Stayn bu sözləri fransızca söyləmişdi. Təəssüf ki, fransızca bilmirəm və bu səbəbdən də yazıçının əslində nə demək istədiyini tam əminliklə söyləyəmməyəcəm.
Heminqueyin «Fiesta» romanının epiqrafına çıxarılmış bu fikir sonradan az qala ədəbi bir təyinə çevrildi. Erix Mariya Remark, Riçard Oldinqton, Frensis Skot Fitscerald, Anri Barbüs, Şervud Anderson, Ernest Heminqueyin özü və bir çox başqaları 18-19 yaşındaykən müharibənin od-alovundan keçmiş, ölümün düz gözünün içinə baxmış və bəxti gətirib sağ-salamat evinə dönmüş gəncləri əsərlərində təsvir edərkən məhz belə adlandırmışlar. Həmin gənclər I Dünya müharibəsindən geri dönəndə ölüb-öldürməkdən başqa əllərindən bir şey gəlmir və heç kim də onların bu halına acımırdı. Cismən cavan olsalar da, mənən qocaydılar. Özlərini tapa bilmir, özükimiləri axtarır, bəzən tapır, bir çox hallarda isə içkiyə qurşanıb əyyaşlıq edirdilər. Dünyadan və həyatdan küskündülər.
Ötən əsrin 20-ci illərində adlarını sadaladığım dünyaca məşhur yazıçıların hamısı həmin bu «Une generation perdue»yə parlaq əsərlər həsr etmişlər. Amma sonradan ədəbiyyatdakı bu «cərəyan» tədricən yoxa çıxdı. Cərəyan sözünü bilərəkdən dırnağa aldım, çünki əslində bu, ədəbi cərəyan deyildi, cəmiyyətin o zamanlar bir hissəsi olan «müharibə uşaqları»na verilən təyin idi. Və onların mövcudluğu dünya ədəbiyyatına bir çox böyük yazıçı və əsər bəxş etdi. «Cərəyan» yoxa çıxdı, amma bu məfhum yox oldumu? Müharibələr tarixə çevrildimi, tarixi təbədüllatlar bitdimi və nəhayət, həmin nəsil özündən sonra nə qoyub getdi?
Son cümlədəki ilk iki sualın cavabı bəsit olduğu qədər də hamıya aydındır və məni bir o qədər də, hər halda indi, maraqlandırmır.
Hal-hazırda bir çoxumuzu, əslində hamımızı bu və ya digər dərəcədə düşündürən sualların cavabını tapmaq üçün, zənnimcə, həmin o «itmiş nəslin» özündən sonra nə qoyub getməsi ətrafında düşünmək lazımdır. Nəslin «itmiş» olması üçün heç də müharibəyə ehtiyac yoxdur. Hərçənd, Azərbaycandan danışırıqsa, biz hələ də müharibədəyik. Və kim bilir başımıza hələ nələr gələcək…
Əslində Birinci Qarabağ müharibəsindən sonra bizdə, heç bir mübaliğəsiz «itmiş nəsil» yarandı və həmin nəslin nümayəndələri heç də yalnız döyüşlərdən keçmiş gənclər deyildi. Arvadlı-uşaqlı, qocalı-cavanlı bir nəsil nəyi vardısa, itirdi. Torpağından, yerindən-yurdundan, ev-eşiyindən tutmuş QÜRURUNADƏK. Və nəhayət abırdan çıxdı. Qaçqın düşərgəsindəki çadırda nə QÜRUR, nə ABIR?!
Gəldiyim birinci nəticə — milli ədəbiyyatımızda bu, öz əksini tapmayıb. (Söhbət həqiqi ədəbiyyat və cərəyandan, tendensiyadan gedir). Biz ədəbiyyata «itmiş nəslimizi» gətirə bilməmişik. Ayrı-ayrı əsərlər hesaba alınmır. Təəssüf ki, bizim nə Erix Mariya Remarkımız, nə Heminqueyimiz, nə də Fitsceraldımız var. Ernest Heminquey üç müharibədən keçmişdi, «itmiş nəsil»dən yazmışdı, amma özünü itirməmişdi. «İtmiş nəsil»dən də ona görə yaza bilmişdi ki, özünü itirməmişdi. Özünü isə QÜRURUNU itirmədiyinə və itmişlərin cəmiyyət üçün itirilməməsi üçün problemin kökünə vardığına görə itirməmişdi. Amma Parisdəki Latın məhəlləsi və oradakı mühit və həmin mühiti yaradan ZİYALI ELİTASI olmasaydı, o, təkbaşına heç nə edə bilməzdi. Bizdə isə ZİYALI müzür-ünsürə çevrilib. Ünsürdənsə ELİTA çıxmaz.
Qarabağ faciəmizi dünyaya anlatmaq üçün «itmiş nəslimiz»dən yazmalı, onu tanıtmalıyıq. (Auditoriyanın qəlbinə yolu quru rəqəmlər deyil, insan taleyi vasitəsilə tapmaq olar). Amma bir şərtlə — gərək bu nəsli hamıdan əvvəl özümüz tanıyaq və «itmişlərin» sonrakı nəsillərə nə verə biləcəyi barədə düşünək.
Gəldiyim ikinci nəticə. Nəslin itməsi üçün heç də həmişə müharibəyə ehtiyac olmur. Bizdə isə müharibə azmış kimi onillərdir qoltuğu və qapazı altında olduğumuz ölkə çökmüşdü. Azadlıq və sərbəstlik milləti çaşdırmışdı. Xəlil Rza demiş:
«Mən istəmirəm azadlığı qram-qram, İstəyirəm əlimdəki qandalları qıram-qıram».
Qandalları qırdıq və bu yolda qanlı, lakin olduqca şərəfli günlər yaşadıq. Azadlıq qazandıq, amma onunla yanaşı daha bir nəsli də itirdik. Müstəqil və azad yaşamağın nə demək olduğunu bilməyən bir nəsli. Sonunda Xəlil Rzanın misralarının aktuallığını itirmədiyinin şahidi olduq.
Gəldiyim üçüncü nəticə — yazımın əvvəlində «itmiş nəslin» özündən sonra gələnlərə nə qoyub getməsi sualının məntiqindən irəli gəlir. Cavab acınacaqlıdır — özü üçün «itmiş», digərləri və cəmiyyət üçün «itirilmiş» nəsil özündən sonra yalnız «özünü itirmiş»ləri qoyub gedə bilər.
Zənnimcə, bu barədə dərindən və vaxt itirmədən düşünməyə dəyər, çünki «une generation perdue»nin «itmiş», «itirilmiş» və ya «özünü itirmiş» nəsil olması tərcümədən deyil, mahiyyət etibarilə ancaq özümüzdən asılıdır.
[email protected]