Muəllif:

Ukraynanın real müstəqilliyi Rusiyaya hansı problemləri yaradır

Əksəriyyət Rusiya-Ukrayna münasibətlərindəki mövcud durumu Moskvanın hərbi-strateji və iqtisadi maraqları ilə əlaqələndirir. Amma Ukraynanın real müstəqilliyi humanitar sahədə də Rusiya üçün ciddi problemlər yaradır.
Bu, ilk növbədə rusların dövlətçilik tarixinə aiddir.
Ruslar ilk dövlətlərinin «Kiyevskaya Rus» adıyla IX əsrdə yarandığını bildirirlər. Onların yazdıqlarına görə, inkişaf baxımından dövlət qurmaq səviyyəsinə çatmış əcdadları IX əsrin əvvəllərində Skandinaviyadan şahzadə Ryurikə müraciət ediblər ki, bəs «gəl bizə çar ol». Ryurik də bu təklifi qəbul edib və başlayıb rusları idarə etməyə. XI-XII əsrlərdə rus dövləti knyazlıqlara parçalanıb və bu knyazlıqların başında Ryurikin törəmələri durub. XIII əsrdə monqol-tatarlar Rusiyanı işğal edib. XV-XVI əsrlərdə Moskva knyazlığı qüvvətlənib və XVI əsrin ikinci yarısında İvan Qroznı paytaxtı Moskva olmaqla mərkəzləşmiş rus dövlətini bərpa edib. XVII əsrin əvvəllərində Mixail Romanovun çar seçilməsi ilə ryurikoviçləri romanovlar sülaləsi əvəz edib.
Qərb alimləri rus tarixçilərinin İvan Qroznıya qədərki dövr haqqında yazdıqlarını Ukrayna xalqının dövlətçilik tarixinə şərik çıxmaq, yiyələnmək faktı, ryurikoviçlər («normann») nəzəriyyəsini cəfəngiyat adlandırırlar. Onlar tarixi sənədlərə istinad etməklə gəldikləri qənaəti bununla əsaslandırırlar ki, İvan Qroznıya qədər indiki Rusiya ərazisindəki torpaqlarda xaqanlıqlar olub və bu xaqanlığa xaqanı (o vaxt knyaz sözü olmayıb) Qızıl Orda xanı təyin edib. Monqol-tatar xanı bununla bağlı imzaladığı Yarlıklarda rus xaqanlarına «oğlum» deyə müraciət edirmiş. Elə İvan Qroznı da çarlığının ilk dövründə «xaqan» adlandırılırmış. Hökmranlığının ikinci yarısında o, ona «çar» deyə müraciət etməyi ənənəyə çevirib. Qərb alimləri rusların dövlətçilik tarixinin IX əsrdən deyil, XVI əsrdən başladığını, ilk rus dövlətinin yaranmasında monqol-tatarların başlıca rol oynadığını israr edirlər.
Ukrayna-Rusiya münasibətləri rusiya tarixçilərini bütün bu iradlarla üz-üzə qoyur.
Digər problem rusların etnogenezi ilə bağlıdır. Milli ideologiyalarında özlərini avropoid irqinə mənsub, slavyan, balt və finn-uqor tayfalarından yaranmış xalq sayan ruslar etnos kimi VIII-IX əsrlərdə təşəkkül tapdıqlarını yazırlar. Doğrudur, son vaxtlar «qədimi»lik bir az «cavanlaşdırılıb»- rus xalqının XI əsrdə şərqi slavyan tayfalarının birləşməsindən yarandığı bildirilir.
Qərb etnoqrafları bu fikirlərlə də razılaşmır, rus dilinin hind-avropa dil qrupuna mənsub olmasına baxmayaraq, etnik baxımdan rusların daha çox asiyalı olduqlarını bildirirlər. Onlar rusların tatarlardan, finn-uqor tayfalarından, komi-permyak və volqaboyu xalqların qarışığından yarandığını, slavyan, balt, skandinav, german tayfalarının bu prosesdə azlıq təşkil edərək əhəmiyyətli rol oynamadığını yazırlar. Elə rus etnoqraflarının müəyyən hissəsi də bu fikirdədir. Hətta ruslar arasında belə deyim də var: «İstənilən rusu qaşovla — görəcəksən ki, tatardı». (Rus mənbələrində İvan Qroznının anasının Mamay nəslindən olması, onun sarayında tatar dilinin rus dili ilə yanaşı işlədildiyi qeyd olunur).
Rusiya-Ukrayna münasibətlərinin ruslar üçün yaratdığı üçüncü müşkül rus pravoslav kilsəsinin Ukrayna ərazisində dini inhisarına son qoyulması təhlükəsidir. Məlum olduğu kimi, Ukraynanın Rusiyaya birləşməsini rəsmiləşdirən Pereyaslavl Radasından sonra Ukrayna ərazisindəki pravoslav dini icmalar və qurumlar Rusiyanın baş keşişi — Moskva mitropolitinin idarəçiliyinə keçdi və bu tabelik bu gün də davam edir. V.Putin Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı keçirilən mərasimdəki çıxışında xaçpərəstliyin Krımın Xerson şəhərində qəbul edildiyini söylədi. Bu isə pravoslavlığın Rusiyada IX əsrdən dövlət dini olması fikrinin bir daha vurğulanmasıdır, dini əsarətin davam edəcəyinə üstüörtülü bir ehyamdır. Amma maraqlananlar bilirlər ki, Rusiya ərazisində xaçpərəst məbədləri, kilsələr İvan Qroznının dövründən tikilməyə başlanıb. Maraqlı budur ki, Qərb mənbələrində hətta İvan Qroznı çox vaxt xaçpərəst kimi təqdim edilmir. O, İvan Qroznı deyil, Qorxunc Ayvenqo adlandırılır.
Göründüyü kimi, Ukrayna Rusiya üçün keçmiş müttəfiq respublikalar arasında sıradan biri deyil. Ukrayna faktoru rusların «böyük xalq», «qədim dövlət», «Şərqi Avropada xaçpərəstliyin mərkəzi» ideologiyasının istinad, dayaq yeri, rus millətçiliyinin, rus şovinizminin qidalandırıcı damarıdır. Ukraynalılar özləri istəmədikləri halda bu ambisiyanın qurbanıdırlar. Təqsirləri də ondadır ki, ruslarla qonşudurlar və daha qədim tarixə, mədəniyyətə malikdirlər.
V.Putin martın 18-dəki məlum çıxışında bir ifadə də işlətdi. O, Kiyevi rus şəhərlərinin anası adlandırdı. Bu, o deməkdir ki, Rusiya Ukraynanı öz ağuşundan buraxmaq fikrində deyil və əvvəlcədən hazırlanmış ssenari üzrə Ukraynanın cənub-şərq vilayətlərində gərginlik, qarşıdurma davam edəcək. Bu vilayətlərdə Rusiyaya birləşməklə bağlı referendum keçirilməsi də mümkündür.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 296