Ukraynada Qarabağ ssenarisi
Ukraynanın Şərq rayonlarında bütün dünyanın siyasi mənzərəsini dəyişəcək qorxulu tamaşa oynanılır. Bütün Avropanı həyəcana gətirən bu dramatik tamaşanın rejissoru Moskva, aktyorları Rusiyanın xüsusi xidmət orqanlarıdır. Eyni mərkəzdən idarə olunan bu aktyorlar müstəqil bir ölkənin ərazisində təxribatlar törədir, yerli əhalini hakimiyyət orqanlarına qarşı silahlı üsyana qaldırır, hökumət binalarını tutur, faktik olaraq dövlət çevrilişinə və Ukraynanın parçalanma prosesinə istiqamət verirlər.
Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə qəsd bizə tanış ssenari üzrə gerçəkləşdirilir. Azərbaycanda sınaqdan çıxarılmış metodlar indi Ukraynada mərhələ-mərhələ tətbiq olunur. Yox, mən 1993-cü ilin Gəncə qiyamını deyil, ondan daha əvvəl işə salınmış mexanizmləri nəzərdə tuturam. Moskvanın Ermənistanı və Azərbaycanı özündən asılı vəziyyətə salmaq üçün işə saldığı və Qarabağda sınaqdan keçirdiyi həmin hərbi-siyasi mexanizmlər indi Ukraynanın şərq vilayətlərində «çiçəklənir». Zahirən, sanki hər şey öz-özünə baş verir və proseslərdə Moskvanın barmağı yoxdur. Eynən Qarabağda olduğu kimi bir ovuc separatçıdan ibarət «özünümüdafiə dəstələri» harasa hücum edir və qısa müddətdə hərbi məqsədə nail olurlar. Rusiya hərbi təlimatçılarının önündə dayanıb istiqamətləndirdiyi bu «özünümüdafiə qüvvələri»ni biz Xocalıya, Şuşaya, Laçına hücumda yaxından görmüşük. İndi həmin o «özünümüdafiə dəstələri» Ukraynanın şərq ərazilərinə səpələnərək yerli hakimiyyət orqanlarını zəbt edir, iğtişaşlar yaradır.
Qarabağ münaqişəsi SSRİ-ni çöküşə aparan Qorbaçov yenidənqurmasının ilk sancıları kimi meydana çıxdı, amma bu sancının impulsları Moskvadan gəlirdi. Bu sancı sovet məkanındakı bütün separatçı qüvvələr üçün ilham mənbəyi oldu. Tezliklə, Gürcüstan və Moldova da abxazların, osetinlərin, rusların əli ilə separatizmin «bəhrəsini» daddı. Rusiya keçmiş sovet məkanında, məhz separatçı qüvvələrin timsalında zühür etməyə başladı. Bizdə, o cümlədən keçmiş sovet respublikalarının bir çoxunda hakimiyyət dəyişiklikləri məhz bu separatçıların arxasında dayanmış Rusiyanın əli ilə gerçəkləşdirilir, Kreml məhz bu yolla həmin ölkələri nəzarətdə saxlamağa çalışır.
Münaqişələr Rusiya siyasətinin əsas qidası, onun çörək ağacı, bu ölkənin mövcudluq formasıdır. Ətrafındakı münaqişələr olmasa, Rusiya yaşaya, bir dövlət kimi özünü ifadə edə bilməz. Moskva buna görə əli çatan yerlərdə «beşinci kalon»lar saxlayır, Qarabağı, Şimali Osetiyanı, Abxaziyanı, Dnestryanı bölgəni buna görə əzizləyir. Baxın, Qarabağ bir dövlət kimi Ermənistanı iflic edib, müstəqilliyini əlindən alıb, onu Rusiyadan tam asılı vəziyyətə salıb. Proseslər göstərir ki, Azərbaycanın da müstəqilliyi üçün təhlükə sovuşmayıb, «sülhməramlı qüvvələr» adı altında burada yenidən öz ordusunu yerləşdirməyə çalışan Moskva başımızın üzərində «Domokl qılıncı» kimi asılıb. Nə qədər ki, Azərbaycanda Rusiyanın istəkləri reallaşmayıb, nə qədər ki, bölgənin rus təhlükəsindən etibarlı hərbi müdafiəsi yoxdur, Qarabağ münaqişəsi həll olunmayacaq. Ona görə də münaqişənin ATƏT Minsk Qrupunun himayəsinə keçməsi heç nəyi dəyişmədi. Bu qrupda ABŞ və Fransanın da həmsədrliyinə baxmayaraq, söz sahibi yenə Rusiyadır. Amma indi bir şey aydındır ki, Qərb və bütün dünya Qarabağ probleminin mahiyyətini çox dəqiq anlayır: Ermənistanın ərazi iddiaları, ermənilərin öz müqəddəratını təyinetmə istəkləri boş şeydir, ortada yalnız Rusiyanın bölgəyə nəzarət iddiası var.
Ukrayna məsələsi, Kiyevin imperiya iddialı Moskvadan qoparaq Qərbə üz tutması Rusiya üçün ölüm-dirim məsələsidir. Qarabağ münaqişəsi SSRİ-nin dağılmasının başlanğıcı idisə, Ukraynanın Moskvadan qopması Rusiyanın parçalanmasının başlanğıcı ola bilər. Əslində, V.Putinin Krım avantürası, indi isə Ukraynanın şərqindəki təhlükəli davranışları bu simptomlardan xəbər verir.
[email protected]
[email protected]